Azərbaycanda sosial şəbəkə platformalarında uşaqların təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni tənzimləmələr təklif olunur. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan yeni maddələrə əsasən, 16 yaşı tamam olmamış şəxslərin müəyyən ediləcək sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yaratmasına icazə verilməyəcək.
Qaynarinfo xəbər verir ki, layihəyə görə, platformalar qeydiyyat zamanı istifadəçilərin yaşını xüsusi texniki üsullarla yoxlamalı olacaqlar.
Yaşın təsdiqlənməsi üçün bank kartı, elektron poçt ünvanı və mobil telefon nömrəsi vasitəsilə verifikasiya mexanizmləri tətbiq ediləcək. 16-18 yaş arası istifadəçilər üçün isə valideyn və ya qanuni nümayəndənin razılığı tələb olunacaq.
Yeni qaydalara əsasən, 16-18 yaşlı istifadəçilərin hesablarında yerləşdirilən məzmun və reklamların dairəsi, həmçinin platformadan istifadə saatları qanuni nümayəndələr tərəfindən idarə edilə biləcək. Platformalar bu nəzarətin həyata keçirilməsi üçün xüsusi funksionallıq yaratmağa borclu olacaqlar.
Layihədə uşaqların fərdi məlumatlarının qorunmasına da xüsusi yer ayrılıb. Yaşın yoxlanılması məqsədilə toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi və ya reklam məqsədilə istifadəsi qadağan edilir. Yoxlama prosesi başa çatdıqdan sonra həmin məlumatlar dərhal silinməlidir.
Bundan başqa, provayderlər uşaqların fiziki və psixi sağlamlığına zərər verə biləcək məzmunların yayılmasının qarşısını almaq, manipulyativ dizayn üsullarından istifadə etməmək və zərərli məzmunlara qarşı 24 saat ərzində operativ müdaxilə etmək öhdəliyi daşıyacaqlar.
Qanun layihəsi sosial şəbəkə platformalarının Azərbaycanda fəaliyyətinə dair əlavə tələblər də müəyyən edir. Ölkə ərazisində istifadəçilərə xidmət göstərən platformalar Azərbaycanda vergi uçotuna dayanmalı və ya hüquqi şəxs kimi qeydiyyatdan keçməlidirlər. Bu tələblərin yerinə yetirilməməsi hallarında platformalara mərhələli şəkildə maliyyə sanksiyaları tətbiq olunacaq, reklam fəaliyyəti məhdudlaşdırılacaq və son mərhələdə internet trafikinin azaldılması tədbirləri görülə biləcək.
Həmçinin, platformalar hər il uşaqların hesablarının qorunması, məzmun təhlükəsizliyi və hesab yaradılmasından imtina halları barədə statistik məlumatları aidiyyəti dövlət orqanına təqdim etməli olacaqlar.
Təklif edilən dəyişikliklər uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılması və sosial şəbəkələrdən istifadəyə nəzarətin gücləndirilməsi məqsədi daşıyır.
Şərhlər