ABŞ ordusu ölkə prezidenti müvafiq qərar qəbul edərsə, dörd hərbi qulluqçunun ölüm hökmünün icrasına hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABC televiziya kanalı ABŞ Quru Qoşunlarının daxili sənədinə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, "Qəti ədalət" adlı plan sənədi xidmət istifadəsi üçün hələ fevral ayında yayılıb. Sənəd İndiana ştatının Terre-Hout şəhərində yerləşən həbsxanada dörd məhkum hərbçinin edamına hazırlığı nəzərdə tutur.
Sənədə əsasən, bir sıra hərbi bölmələrə ABŞ prezidentinin ölüm hökmlərini təsdiqləməsindən sonra 150 gün ərzində edamların icrasını təmin etmək tapşırılıb.
ABC-nin bildirdiyinə görə, məhkum edilən dörd hərbçinin hamısı qətl və zorlama daxil olmaqla ağır cinayətlərdə təqsirli bilinib.
Əgər edamlar həyata keçirilərsə, bu, ABŞ hərbçiləri üçün 60 ildən də uzun müddətdən sonra ilk belə hadisə olacaq. ABŞ ordusunda son edam 1961-ci ildə baş tutub. Həmin vaxt sıravi Con Bennet Avstriyada 11 yaşlı qıza qarşı zorlama və qəsdən adam öldürməyə cəhd ittihamı ilə çıxarılan hökm əsasında edam edilmişdi.
Aydın
Şərhlər