Tədqiqatçılar hətta okeanın ən ucqar bölgələrində belə antibiotiklərə davamlı genlər aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
İtaliyanın "SeA Care” layihəsi çərçivəsində dünyanın müxtəlif nöqtələrindən götürülmüş dəniz suyu nümunələri təhlil edilib. Nəticələr göstərib ki, bu cür genlər bir neçə okean hövzəsində, o cümlədən uzaq və təcrid olunmuş sularda da mövcuddur.
Bununla yanaşı, ən yüksək konsentrasiyalar sıx gəmiçilik marşrutlarının və əhalinin çox yaşadığı sahilyanı ərazilərin yaxınlığında qeydə alınıb.
Araşdırmalar göstərir ki, okeanlar qlobal rezervuar rolunu oynayır və qurudan daxil olan çirkləndiriciləri toplayır. Alimlərin sözlərinə görə, tədqiqat antibiotik istifadəsinin genetik izlərinin şəhər tullantı sularından minlərlə kilometr uzaqlara daşındığını nümayiş etdirir.
Bu proses həmin genetik izlərin təcrid olunmuş ekosistemlər və mikrob icmaları arasında yayılmasına şərait yarada bilər.
Tədqiqat zamanı açıq okean sularında və uzaq regionlarda mikroplastik hissəciklər, PFAS maddələri ("əbədi kimyəvi maddələr”) və SARS-CoV-2 virusuna aid genetik material izləri də aşkarlanıb.
Alimlər hesab edirlər ki, bu faktlar ətraf mühitə daxil olan çirkləndiricilərin su, qida və iqlim sistemləri vasitəsilə qlobal miqyasda yenidən paylandığını bir daha sübut edir.
Aydın
Şərhlər