XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bu ölümcül ilan əsrlər boyu bir sirr gizlədib - Alimərdən təsadüfi kəşf
Dünya12:05 29.05.2026

Bu ölümcül ilan əsrlər boyu bir sirr gizlədib - Alimərdən təsadüfi kəşf

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, uzun müddət tək növ hesab edilən zəhərli Himalay çuxur gürzəsi əslində ən azı beş ayrı növdən ibarətdir. Onlardan üçü indiyədək elm tərəfindən təsvir edilməmişdi.
Qaynarino xəbər verir ki, bu barədə "Discover Wildlife” yazıb.
Söhbət 1864-cü ildən etibarən Himalay bölgəsində geniş yayılmış tək növ kimi qəbul edilən Himalay çuxur gürzəsindən gedir. "ZooKeys” jurnalında dərc olunan araşdırmaya əsasən, "Himalay çuxur gürzəsi” qrupu aşağıdakı növləri əhatə edir:
* əvvəldən məlum olan "Gloydius himalayanus”;
* 2022-ci ildə təsvir edilən "Gloydius chambensis”;
* Hindukuş, Hazara bölgəsi və Mərkəzi Nepalda aşkarlanmış üç yeni növ.
Beləliklə, alimlər əvvəllər bir növ hesab edilən ilanı ən azı beş ayrı təkamül xəttinə ayırıblar.
Tədqiqatçılar kompleks yanaşmadan istifadə ediblər. Onlar genetik analizləri, yayılma arealını, kəllə quruluşunu, xarici xüsusiyyətləri və ekoloji göstəriciləri birləşdiriblər.
Bundan əlavə, alimlər XIX əsrin sonu və XX əsrin əvvəllərinə aid muzey nümunələrindən də yararlanıblar. Məhz bu kolleksiyalar "gizli” təkamül budaqlarını müəyyən etməyə kömək edib.
Tədqiqatçı Silviya Hofmann bildirib ki, yüz ildən artıq yaşı olan muzey nümunələri belə müasir elm üçün mühüm alət olaraq qalır.
Bu kəşf niyə vacibdir?
Alimlərin sözlərinə görə, Himalay və Hindukuşun dağlıq əraziləri populyasiyaları təbii şəkildə təcrid edir ki, bu da sürətli təkamülə və yeni növlərin yaranmasına şərait yaradır.
Araşdırma çərçivəsində bu ilanların yayılmasına dair 194 qeyd təhlil olunub. Bu, həmin qrup üçün ən geniş məlumat bazası hesab olunur.
Alimlər vurğulayırlar ki, çuxur gürzələri ekosistemlərdə mühüm rol oynayır. Onlar gəmiricilərin sayını nəzarətdə saxlayır və ətraf mühitdə baş verən dəyişikliklərin göstəricisi kimi çıxış edirlər.
Tədqiqatçılar əlavə ediblər ki, regionun mürəkkəb relyefi və əlçatmaz əraziləri səbəbindən bir çox sahələr hələ də kifayət qədər öyrənilməyib. Buna görə də real növ sayı daha çox ola bilər.
Aydın