Azercell-in dəstəyi ilə gənclər "RobotChallenge” beynəlxalq yarışında mübarizə aparacaqlar
13–14
iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu
robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge”-in Azərbaycan
üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChallenge Azerbaijan 2026” Bakı
Kristal Zalında baş tutacaq.
Əsası
Avstriyada qoyulmuş, sonradan isə Çində inkişaf etdirilərək beynəlxalq miqyasda genişləndirilmiş
"RobotChallenge” gənclərin robototexnika, proqramlaşdırma, mühəndislik, süni
intellekt və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirməsi
üçün beynəlxalq platformadır. Yarışın Azərbaycanda keçirilməsi ölkədə STEAM təhsilinin
təşviqinə, innovasiya ekosisteminin inkişafına və gələcəyin texnologiya mütəxəssislərinin
yetişdirilməsinə töhfə verəcək.
Müsabiqə
çərçivəsində fərqli yaş qruplarını təmsil edən iştirakçılar robototexnika,
proqramlaşdırma, süni intellekt və innovasiya istiqamətləri üzrə hazırladıqları
layihələri təqdim edəcək və müxtəlif kateqoriyalar üzrə öz həllərini və
texnoloji bacarıqlarını nümayiş etdirəcəklər. Yerli mərhələnin qalibləri Çində
keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
"RobotChallenge
Azerbaijan 2026” haqqında ətraflı məlumat www.robotchallenge.az səhifəsində təqdim edilir.
Şərhlər