Psixoloqlar xəbərdarlıq edirlər ki, iş yerində stress və şəxsi problemlərin həddindən artıq paylaşılması peşəkar münasibətlərə zərər verə bilər. Onların fikrincə, həmkarlar dost və ya psixoterapevt deyil və ünsiyyət zamanı bu sərhəd qorunmalıdır.
Qaynarinfo "YourTango" nəşrinin yazdığına görə, işdə yaşanan çətinliklər barədə danışmaq ən doğru şəkildə ya rəhbərliklə, ya da psixoloqla aparılmalıdır, lakin bu mövzuların həmkarlarla davamlı müzakirəsi tövsiyə edilmir.
Məqalədə ABŞ-nin Corciya Universitetinin Terry Biznes Məktəbində aparılan araşdırmaya istinad edilir. Tədqiqat "stresslə öyünmə” adlandırılan davranışın işçiyə mənfi təsir göstərə biləcəyini ortaya çıxarıb. Bu, insanların özlərinin həddindən artıq yüklənmiş və gərgin olduqlarını tez-tez vurğulaması ilə xarakterizə olunur.
Araşdırmaya görə, belə davranış əks effekt yaradır: həmkarlar həmin şəxsi daha az peşəkar və daha az ünsiyyətə uyğun biri kimi qəbul edirlər. Bu isə iş yerində əməkdaşlığa və kömək etməyə hazır olmağı azaldır.
Tədqiqatçılar bildirirlər ki, stress barədə davamlı şikayət və ya onun nümayiş etdirilməsi kollektivdə mənfi reputasiya formalaşdıra bilər. Eyni zamanda, bu davranış iş mühitində "stressin yayılması” effektini gücləndirərək ümumi atmosferi pisləşdirir.
Bununla yanaşı, mütəxəssislər açıq ünsiyyətlə "stresslə öyünmə”ni fərqləndirirlər. Problemlərin konstruktiv şəkildə müzakirəsi sağlam iş mühitinin bir hissəsi ola bilər, lakin daimi şikayət və gərginliyin vurğulanması kollektivdə toksik mühit yarada bilər.
Aydın
Şərhlər