Türkiyə uzun illərdir həm milli, həm də beynəlxalq
miqyasda mühüm incəsənət və mədəniyyət tədbirlərinə ev sahibliyi edən əsas ölkələrdən
biri kimi tanınır. Dünyanın ən çox ziyarət olunan şəhərlərindən olan İstanbul
bu sahədə ön sırada yer alır. Turizm paytaxtı kimi tanınan Antalya ilə yanaşı,
İzmir və paytaxt Ankara da ölkənin aparıcı mədəniyyət mərkəzləri hesab olunur.
Son illərdə isə diqqət tədricən Türkiyənin fərqli
bölgələrinə yönəlməyə başlayıb. Ölkənin yeddi bölgəsində keçirilən yeni mədəniyyət
layihələri və sənət tədbirləri Türkiyənin zəngin mədəni həyatına fərqli nəfəs
qazandırır. Bu diqqətçəkən tədbirlərdən biri də 15 may – 21 iyun 2026-cı il
tarixlərində keçiriləcək Mardin Bienalıdır.
Beynəlxalq Bienallar Assosiasiyasının (IBA) üzvü
olan Mardin Bienalı ilk dəfə 2010-cu ildə təşkil edilib. Layihənin əsas məqsədi
Türkiyənin cənub-şərqində yerləşən qədim Mardin şəhərini müasir incəsənətin önəmli
mərkəzlərindən birinə çevirmək, eyni zamanda sənətin dili vasitəsilə bölgəyə
yeni baxış və yaradıcı yanaşmalar qazandırmaqdır.
İllər ərzində sənətçilərlə sənətsevərləri bir araya
gətirən bienalın 7-ci buraxılışı bu dəfə də dünyanın müxtəlif ölkələrindən gələn
iştirakçıları eyni platformada toplayacaq. Tədbirdə təxminən 20 ölkədən 40-dan
çox sənətçinin iştirakı gözlənilir.
Türkiyə ilə yanaşı Almaniya, Böyük Britaniya,
Danimarka, Niderland, İtaliya və Fransada çoxsaylı sərgi və incəsənət
proqramlarına kuratorluq edən Çelenk Bafranın rəhbərliyi ilə təşkil olunan 7-ci
Mardin Bienalı bu il tamaşaçı qarşısına "GÖKzemin” ("Göyüzü və Torpaq
Arasında”) mövzusu ilə çıxır.
Bienal ziyarətçiləri səma və yer, fərdi və
kollektiv, keçmiş və gələcək kimi bir-birinə zidd görünən anlayışlar arasında
düşüncə və emosiyalarla zəngin bir səyahətə dəvət edir. Tədbir proqramı yalnız
sərgilərlə məhdudlaşmır. Bienal çərçivəsində sənətçilərin iştirakı ilə ustad dərsləri,
müzakirələr, oxu sessiyaları və musiqi performansları da keçiriləcək.
2026-cı il buraxılışı bu dəfə yalnız qədim şəhər mərkəzi
ilə kifayətlənməyərək Mardinin müxtəlif nöqtələrini əhatə edən daha geniş bir mədəni
marşruta çevrilir. Şəhərin çoxqatlı tarixi və mədəni irsini ön plana çıxaran
bienalın əsas məkanları sırasında Dara Antik Şəhəri, Deyrulzafaran Monastırı və
Ateş Beylər Hamamı ilə yanaşı, Köhnə Mardində yerləşən Sakıp Sabancı Mardin Şəhər
Muzeyi və müxtəlif ictimai məkanlar da yer alır.
Tarix boyu sivilizasiyaların və ticarət yollarının
kəsişmə nöqtəsində yerləşən Mardin Türkiyənin Cənub-Şərqi Anadoluda gizlənən ən
xüsusi şəhərlərindən biri hesab olunur. Tez-tez "açıq səma altında muzey” kimi
xarakterizə edilən şəhər minilliklər boyunca formalaşan Yuxarı Mesopotamiya
irsini bu günə daşıyır. Onlarla fərqli mədəniyyətin izlərini yaşadan daş
memarlıq nümunələri Mardinə özünəməxsus atmosfer qazandırır.
Şəhərin ən çox ziyarət olunan tarixi məkanları
sırasında Mardin Ulu Məscidi, Deyrulzafaran Monastırı, Mor Behnam Kilsəsi,
Zinciriye Mədrəsəsi və Kasımiye Mədrəsəsi xüsusi yer tutur. Mardinin Midyat
bölgəsində yerləşən Mor Gabriel Monastırı və "Mesopotamiyanın Efesi” kimi
tanınan Dara Antik Şəhəri isə bölgənin zəngin tarixi irsini daha yaxından kəşf
etmək imkanı yaradır.
Mardinin çoxqatlı mədəni kimliyi yalnız
memarlığında deyil, mətbəxində də özünü aydın şəkildə göstərir. Ənənəvi Mardin
səhər yeməyindən başlayaraq yerli ədviyyatlarla hazırlanan ət yeməklərinə qədər
şəhər qonaqlarına zəngin qastronomik təcrübə təqdim edir. Coğrafi işarə ilə
qorunan "sembusek” və Mardin içli küftəsi bölgənin ən məşhur dadları sırasındadır.
Qaynadılmış variantı "ikbebet”, qızardılmış növü isə "irok” adlanan bu təamlar
Mardin mətbəxinin simvollarından hesab olunur. Bu yeməkləri tamamlayan ən
xüsusi dadlardan biri isə qədim ənənələrlə hazırlanan Süryani şərabıdır.
Mardinə səyahət üçün qısa bələdçi
Necə getmək olar?
Mardinə İstanbul, Ankara, İzmir və Antalyadan birbaşa aviareyslər mövcuddur.
İstanbuldan Mardinə uçuş təxminən iki saat davam edir. Mardin Hava Limanından şəhər
mərkəzinə avtobus, taksi və avtomobil icarəsi xidmətləri ilə rahat şəkildə
çatmaq mümkündür.
Harada qalmaq olar?
Şəhərdə beynəlxalq hotel şəbəkələrindən butik hotellərə və pansiyonlara qədər
müxtəlif yerləşmə variantları təqdim olunur. Daha autentik atmosfer axtaranlar
üçün Köhnə Mardində bərpa edilmiş tarixi daş evlər xüsusi seçim hesab edilir.
Haraları görmək lazımdır?
Mardinin məşhur tarixi məkanları ilə yanaşı, şəhərin küçə və dalanlarını birləşdirən
tağlı keçidlər – "abbaralar” da mütləq görülməli memarlıq elementlərindəndir.
Bu keçidlər şəhərin urbanistik quruluşunun ən fərqli xüsusiyyətlərindən biri
sayılır.
Nə dadmaq lazımdır?
Yeməkdən sonra Mardinin qonaqpərvərlik simvolu hesab olunan ənənəvi "dibek” qəhvəsini
sınamaq tövsiyə olunur.
Nə almaq olar?
Lahor ağacından əldə olunan təbii boyalarla rənglənən məşhur mavi badam şəkərləri
Mardinin ən tanınmış suvenirlərindəndir. Bundan başqa telkari sənət nümunələri,
təsbehlər, Süryani şərabı və ənənəvi Mardin "bıttım” sabunu da şəhərdən
alınacaq xüsusi hədiyyələr sırasında yer alır.
Şərhlər