Plagiat və məlumat oğurluğunu qəbuledilməz hesab edirik. Müəllif hüquqları və əlaqəli hüquqlar haqqında Azərbaycanın mövcud qanunvericiliyinə əməl edirik, digər mediaların hüquqlarına hörmətlə yanaşırıq və öz hüquqlarımızı müdafiə edirik:
- Qaynarinfo zorakılığı təbliğ edən, etnik nifrəti qızışdıran, konstitusiya quruluşunun zorakı şəkildə devirilməsinə çağırışlar edən, hər hansı bir irqi, dini, siyasi və ya digər ayrı-seçkiliyi təbliğ edən, ictimai asayişin pozulmasına yol verə biləcək məlumatları yaymır.
- Qaynarinfo əxlaqi dəyərlərə zidd olan (açıq-saçıq, insest və s.) xəbərləri dərc etmir.
- Qaynarinfo intihar və adi kriminal xəbərlərin dərcinə həssas yanaşır, bu aspektdə hər hansı xəbərin dərc edilməsi zamanı ictimai maraq kəsb edən hallar nəzərə alınır və baş redaktorla razılaşdırılır.
- Yayınlanmış materiallarla bağlı məhkəmə iddiaları olduqda Şirkət jurnalistlərə və redaktorlara hüquqi dəstək verir. Bununla belə, Qaynarinfo-nun əməkdaşları yadda saxlamalıdır ki, qanuna əsasən, dərc etdikləri məlumatlara görə müəllif olaraq şəxsən də məsuliyyət daşıyırlar.
3.1. Mənbələr
Mənbəsiz heç bir informasiya olmur.
- Yeni və ya vacib faktları səsləndirərkən həmişə mənbəyimizə və ya orijinal məlumat mənbəyinə istinad edirik. Hamıya məlum faktlar və ya statistikalar istisnadır (məs, Azərbaycan Prezidenti - İlham Əliyev, Azərbaycanın ÜDM-i - XXXXXX milyard dollardır).
- Qaynarinfo-da "anonim bazar iştirakçıları", "mütəxəssislər" və başqa "havadan" alınan məlumatlar olmamalıdır. Məsələn, belə yazmaq olmaz: “Qaynarinfo-nun jurnalistlərinə kimsə dedi ki, onlar bunu hardasa oxuyublar…” Mütəxəssislərin və bazar iştirakçılarının adları olmalıdır.
- Qaynarinfo-nun xəbərində belə yazmaq olmaz: “əldə etdiyimiz məlumata görə…”, “bazar iştirakçılarının qənaətinə görə…” və ya “bildiyiniz kimi, Əli Əliyev korrupsioner məmurdur”.
- Belə yazmağa icazə verilir: “Qaynarinfo-nun bir qədər əvvəl xəbər verdiyi kimi...” (bu məzmunda xəbərə link verilməklə).
- Qaynarinfo jurnalistləri digər medialardan götürülən məzmundan istifadə edərkən bu mənbələrin nüfuzu və etibarlılığı nəzərə almalıdır. Etibar qrupları üzrə media orqanlarının siyahısı (3 qrup) redaktorlar tərəfindən jurnalistlərə təqdim olunur. Qaynarinfo yalnız əməkdaşlıq müqaviləsi imzaladığı agentlik və saytlardan məlumat götürür və istinad edir;
- Qaynarinfo-nun müqaviləsi olmayan yerli media subyektlərindən (2-ci və 3-cü qruplar) məlumat götürmək zərurəti yaranırsa, əməkdaş bunu redaktor və ya baş redaktorla dəqiqləşdirməlidir. Həmin materialın yalnız 1/3 hissəsindən istifadəyə icazə verilir və əlavə dəqiqləşdirmə aparılır;
- Xarici media subyektlərinin materiallarından tam və ya qismən istifadə hallarında da mütləq mənbəyə istinad edilməlidir.
3.2. Mütəxəssislər və şərhçilər
- Ekspertlik - heç vaxt bir peşə deyil, bir insanın şərh etdiyi mövzuda onu mütəxəssis edən bir işi, yaxud keçmiş təcrübəsi olmalıdır və bu məqam oxucuya izah edilməlidir.
- Ekspert şərh olunan suala müvafiq olmalıdır. Bankir qlobal istiləşmə ilə bağlı fikir bildirməməlidir.
- Çox geniş mövzuları şərh etməyə hazır olan universal mütəxəssislərdən uzaq qaçırıq.
- Adsız ekspertlər olmur. Sitat gətirilən konkret biri yoxdursa, sadəcə, "mütəxəssisin və ya mütəxəssislərin fikrincə", "ekspertlər belə hesab edir ki" yazmaq olmaz. Belə yazmaq daha yaxşıdır: "Qaynarinfo-nun sorğusunda iştirak edən 20 tələbədən 16-sı hesab edir ki, jurnalistika fakultəsində tədris müasir tələblərə cavab vermir". Belə halda, məqalənin sonunda respondentlərin siyahısı və ya dəqiq izahı təqdim olunmalıdır. Məsələn, “Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin IV kurs tələbələri arasında keçirilən sorğu” yazmaq olar.
- Şərhçi ilə bağlı maraqlar toqquşması nəzərə alınmalı və mümkünsə qarşısını almaq lazımdır. Şərh edənlərin "əsas” davranışlarını xatırlayın (müxalifət üçün hökumət həmişə pisdir, iş adamlarına görə vergilər həmişə yüksəkdir, jurnalistlərə görə isə hər zaman söz azadlığı yetərincə deyil və s.).
3.3. Anonim mənbələrlə işləmək
Ən yaxşı mənbə - anonim olmayan mənbədir.
- Anonim mənbələrdən bu hallarda istifadəyə icazə verilir: məlumat bazar və ya cəmiyyət üçün vacibdir, amma mənbə səlahiyyətli şəxsdir, əvvəllər etibarlılığını sübut edib və anonimliyini qorumaqda israrlıdır.
- Anonim mənbədən alınan məlumatlara əsaslanan xəbərləri dərc etmək üçün mövzuyla əlaqəsi olan daha iki mənbədən təsdiq tələb olunur (Bəzən bir təsdiqə icazə verilir. Bu halda Baş redaktorun icazəsi tələb olunur).
- Həmsöhbətin adını çəkmədən, mənbənin ətraflı təsvirini verməyə çalışırıq ki, bu da anonim şəxsin verilən məlumatları necə öyrənə biləcəyini oxucuya izah edə bilsin. Eyni zamanda, onun kimliyini açıqlamırıq. Məsələn, filan şirkətdəki bir mənbə; Azərbaycan Mərkəzi filan Bankın İdarə heyətinin üzvlərindən biri, böyük bir maliyyə şirkətinin sahibi və s.
- Biz mənbənin sözündən sui-istifadə etmirik. Mənbə məlumatı bilərəkdən jurnalistlərə "sızdıran" adamdır və bu məqamı unutmuruq.
- Xəbərdə anonim mənbənin dilindən xüsusən də kiminsə ünvanına mənfi məlumatlar səslənirsə, hüquqi və yaxud alternativ bir fikir bildirmək vacibdir. Xəbərin mətnində bunu etmək mümkün deyilsə, əlaqəli xəbərlər, məqalələr, müsahibələr, sənədlər, hüquqi və alternativ fikirləri, versiyaları, faktları özündə əks etdirən hiperlinklərdən nümunə hazırlayaraq boşluğu doldurmalısınız.
- Anonim mənbəyə istinad edərkən, jurnalist məlumatın dəqiqliyinə görə şəxsi məsuliyyət daşıyır. Jurnalist bu məlumatların düzgünlüyünə yüksək dərəcədə əmin olmalıdır.
- Jurnalist xatırlamalıdır ki, məhkəmə müvafiq qərar çıxararsa, məlumat mənbələrini açıqlamağa məcbur olacaq və onlar şahid qismində məhkəməyə verilə bilər:
08 fevral, 2022-ci il tarixindən qüvvəyə minən "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun 15.3-cü maddəsinə əsasən məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:
- insan həyatının müdafiəsi üçün;
- ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
- ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.
Bu hallardan başqa mənbənin açıqlanması tələb edilə bilməz.
- Jurnalist yazısını nəşr etməzdən əvvəl redaktor və yaxud baş redaktor tələb edərsə, mənbənin adını ona açıqlamalıdır. Öz növbəsində redaktorlar mənbənin adını heç bir halda başqasına açıqlamamağı öhdəsinə götürür.
- Anonim mənbədən məlumat dərc etməklə Baş redaktor materialın etibarlılığı və düzgünlüyünə görə məsuliyyəti jurnalistlə bölüşür.
- Qaynarinfo redaksiyasının əməkdaşlarına anonim və anonim olmayan mənbələrdən elektron poçt, telefon vasitəsi ilə müsahibə, foto və video çəkiliş, konfrans öncəsi və digər tədbirlər zamanı daxil olan bütün məlumatlar qeydə alınmalı və ən azı üç il saxlanılmalıdır.
3.4. Sosial şəbəkələrdən məlumatlar
Sosial şəbəkələr təsdiqlənmiş informasiya mənbəyi deyil.
Qaynarinfo-nun jurnalistləri hesabın həqiqiliyini, verilən məlumatların düzgünlüyünü, foto və videoların həqiqiliyini yoxlamalıdır. Bunu etmək üçün biz aydınlaşdırmaq, əlavə etmək və yaxud digər mənbələrin köməyi ilə məlumatı yoxlamaq kimi addımlara əl atır, habelə mesajın müəllifi ilə əlaqə saxlamağa çalışırıq. Doğrulama mümkün deyilsə, bloqlardan və sosial şəbəkələrdən olan məlumatlar birbaşa redaktor və ya Baş redaktorla məsləhətləşərək dərc edilə bilər. Montaj əlamətləri açıq görünən foto və video materialların, reklam və təbliğat məzmunlu xəbərlərin nəşri qadağandır.
- Şəbəkə istifadəçilərinin paylaşdığı videodan istifadə edərkən, o da yuxarıda qeyd edilən üsullarla təsdiqlənməlidir. Bu cür məzmun istifadəçi tərəfindən yaradılan məzmun olaraq etiketlənməlidir.
3.5. Müsahibə və şərhlərin razılaşdırılması
Razılaşdırma bir şərh və ya müsahibəni yenidən yazmaqdan ibarət deyil.
- Şərh və ya müsahibə üçün müraciət edərkən, Qaynarinfo-nun jurnalisti şərhçinin hansı məqsədlə lazım olduğunu və materialın harada yayımlanacağını xəbərdar etməlidir.
- Qaynarinfo jurnalistləri qanunun tələblərinə riayət edir, müsahibin xahişi ilə mətndə gedən sitatlar barədə razılığa gəlir.
- Eyni zamanda, biz birbaşa nitqin yenidən yazılmasına, mahiyyətin dəyişdirilməsinə, sualların silinib-əlavə olunmasına icazə vermirik. Əgər kompromisə gəlmək mümkün deyilsə, birbaşa nitqdən dırnaq işarələrini çıxarmaq və əldə edilən məlumatları oxuculara çatdırmaq hüququnu özümüzdə saxlayırıq.
- Qaynarinfo-nun jurnalistləri və redaktorları heç vaxt müsahibin özünə aid sitatlar istisna olmaqla məqalənin tamını müsahib və ya mətbuat xidmətlərinə göstərmir. Müsahibələr bu redaktə elementləri olmadan razılaşdırılır: başlıq, altbaşlıq, haşiyələr, bölmələr, arayışlar və s.
3.6. Press-relizlərlə işləmək
- Biz press-relizləri hazır xəbər kimi yerləşdirmirik. Əgər press-reliz məlumatlarına əsaslanaraq redaksiya məzmununu yazırıqsa, o zaman mütləq faktları yoxlayır, mətni redaktə edir, reklam xarakterli məlumatları silir, alternativ fikirlər əlavə edir və rəqabət aparan markalar, məhsullar və s. haqqında məlumatlar əlavə edirik. Redaksiya materiallarında şirkətlərin, markaların, məhsul və xidmətlərin adlarının qeyd edilməsi oxucu marağını rəhbər tutaraq təmtəraqsız və əsaslandırılmış olmalıdır.
- Bu Kodeksə uyğun olaraq redaktə dəyişiklikləri etmədən partiya və korporativ mətbuat açıqlamalarını (press-relizləri) yerləşdirmək yalnız materialın reklam xarakterini nəzərə alaraq mümkündür.
3.7. Səhvlərin düzəldilməsi, təkzib
Biz maksimum səhv buraxmamağa çalışırıq, amma baş verəndə tez düzəldirik.
- Qaynarinfo səhv etməmək üçün əlindən gələni edir. Hər halda yenə səhv baş verərsə, jurnalistlər yazdıqları faktiki xarakterli səhvləri və ya qeyri-dəqiqlikləri ən qısa zamanda düzəltməlidirlər.
- Redaksiya heyətindən səhv barədə məlumat alan istənilən kəs onu ən qısa zamanda materialın müəllifinə çatdırmaq məcburiyyətindədir. Müəllif də öz növbəsində, birbaşa rəhbərə və ya baş redaktora məlumat verir ki, məlumatı yenidən yoxlayıb xətanı düzəltsinlər (əgər varsa).
- Xəbər və ya məqalə DÜZƏLDİLDİ və ya DƏQİQLƏŞDİRİLDİ redaktə göstəricisi ilə yenilənir.
- Materialın yenidən işlənmiş parçası DÜZƏLDİLDİ, DƏQİQLƏŞDİRİLDİ və ya YENİLƏNDİ olaraq qeyd olunmalı, mötərizədə tam olaraq nəyin düzəldildiyi göstərilməli və ehtiyac varsa, üzr istənilməlidir.
- Səhv nüfuza və ya kommersiya zərərinə səbəb olarsa, redaktorlar "zərərçəkmiş" tərəfə cavab hüququ verirlər.
- Bir jurnalistin birbaşa rəhbərinə və baş redaktoruna xəbərdarlıq etmədən səhvləri düzəltmək haqqı yoxdur. İstisnalar qrammatik və texniki səhvlərdir.
- Qaynarinfo redaksiya kontentini silmir. İstisna məhkəmə qərarı və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun”la tənzimlənən hallardır. Şübhə və ya sual yarandığı təqdirdə məlumatlar Kodeksdə göstərilən tələblərə cavab verirsə, jurnalist problemi redaktoru və ya baş redaktoru ilə müzakirə etməyə borcludur. Material üzərində işləmək və ya yayımlanmaq qərarı baş redaktor və ya onu əvəz edən şəxs tərəfindən verilir.
3.8. Qaynarinfo-nun müəllif hüquqları
- Qaynarinfo digər media subyektləri ilə qarşılıqlı və ya birtərəfli əməkdaşlığını yalnız müqavilə əsasında tənzimləyir;
- Qaynarinfo ilə hər hansı yazılı müqaviləsi olmayan digər media subyekti yalnız açıq materiallarımızın 1/3 hissəsindən və istinadla istifadə edə bilər;
- Qaynarinfo ilə rəsmi müqavilə bağlayan media subyektləri yalnız hər kəsə açıq materiallardan tam istifadə edə bilər;
- Qeydiyyatlı istifadəçilər üçün nəzərdə tutulan ödənişsiz və ödənişli materialların istifadəsi üçün də ayrıca müqavilə tələb olunur, yaxud ümumi müqavilədə istifadə şərtləri ayrıca tənzimlənir;
- Qaynarinfo-nun müəllif hüquqlarının pozulması ilə rastlaşan hər bir əməkdaş bu barədə dərhal redaktorlara məlumat verməlidir;
- Müəllif hüquqlarının pozulması halları ilə bağlı Qaynarinfo-nun məhkəməyə müraciət etmək hüququ var.
Şərhlər