Rəsmi statistikaya görə, 2026-cı ilin yanvar–aprel aylarında Azərbaycanda marqarin istehsalı kərə yağı istehsalını geridə qoyub. Belə ki, 7 946,3 ton kərə yağı, 18 298,7 ton duru bitki yağları və 8 138,1 ton marqarin istehsal olunub.
Qaynarinfo marqarin istehsalının kərə yağını üstələməsinin insanların qidalanmasına təsirləri və yağ istehlakı vərdişinin dəyişmə səbəblərini Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova ilə müzakirə edib.
Məhsəti Hüseynova deyir ki, yağın tərkibindəki A, D, E və K vitaminləri orqanizmin sağlamlığı üçün çox faydalıdır:
"Xüsusilə hormon balansının düzgün işləməsi, vitaminlərin sorulması, ürək-damar xəstəliklərinin qarşısının alınması, hüceyrə və beyin sağlamlığının qorunması, eləcə də immunitetin güclü olması baxımından yağların əhəmiyyəti böyükdür. Onların tərkibində Omeqa-3, Omeqa-6 və Omeqa-9 yağ turşuları da mövcuddur ki, bunlar xüsusilə bitki yağlarında daha çox olur".
Ekspert yağ alarkən keyfiyyətli və mənşəyi bəlli olan məhsullara üstünlük verməyin vacib olduğunu vurğulayır və səbəbini belə izah edir:
"Çünki ucuz yağlarda həm keyfiyyətsiz xammaldan istifadə oluna bilər, həm də emal üsulları düzgün olmadıqda bu məhsullar orqanizm üçün bir çox fəsadlar törədə bilər. Xüsusilə də ucuz yağlar xroniki xəstəlikləri olan insanlarda xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Yağlar yüksək temperaturda emal olunduqda isə daha zərərli nəticələr ortaya çıxa bilər".
Məhsəti Hüseynova deyir ki, yağların istehsal prosesində həm yerli, həm də keyfiyyətli xammaldan istifadə olunması vacibdir:
"Uzun müddət ucuz və keyfiyyətsiz yağlardan, xüsusilə yüksək doymuş yağ tərkibli məhsullardan istifadə edən, yaxud kərə yağı əvəzinə daha çox marqarin və trans yağlara üstünlük verən insanlarda ürək-damar sistemi problemləri, sinir sistemində müəyyən pozuntular yarana bilər. Eləcə də diqqət əksikliyi, yaddaşın zəifləməsi, damar tıxanıqlığı, çəki artımı və bir çox digər problemlər meydana çıxa bilər. Bu səbəbdən davamlı olaraq ucuz yağlardan istifadə olunması tövsiyə edilmir. Xüsusi risk qrupuna daxil olan şəxslər – inkişaf dövründə olan uşaqlar və yeniyetmələr, yaşlı insanlar, xroniki xəstəliyi olan şəxslər, həmçinin ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlar mütləq şəkildə keyfiyyətli yağlardan istifadə etməlidirlər. Ucuz yağlardan istifadənin təhlükəsini yalnız miqdarını azaltmaqla aradan qaldırmaq mümkün deyil. Məhsul keyfiyyətsiz və zərərlidirsə, onun az miqdarı belə orqanizmə mənfi təsir göstərə bilər. Ona görə də sağlam alternativlərə üstünlük verilməlidir”- deyə mütəxəssis əlavə edib.
"Sağlam qidalanma üçün hansı yağlardan gündəlik nə qədər qəbul edilməlidir” sualına isə ekspert cavab olaraq bildirib ki, gün ərzində təxminən 25 qram keyfiyyətli yağ qəbul etmək orqanizmin ehtiyacını ödəmək üçün kifayətdir. Buna görə də sağlamlıq baxımından keyfiyyətli yağlardan istifadə etmək daha faydalı hesab olunur:
"Salatlarda soyuq sıxım zeytun yağlarından istifadə etmək olar. Yeməklərdə isə təmiz günəbaxan yağı və ya təmiz zeytun yağı yaxşı seçimdir. Digər qidalarda kərə yağı daha faydalı hesab olunur. Bundan başqa, hindqozu yağı, qara zirə yağı və soyuq sıxım zeytun yağı da tövsiyə olunan yağlar sırasındadır. Bu yağlar orqanizmin yağ ehtiyacının ödənilməsinə kömək edir”.
Günay İlqarqızı
Şərhlər