Güclü artım. Etibarlı kapital.
Artan müştəri etimadı
Azərbaycanın aparıcı özəl banklarından
biri olan AFB Bank 2026-cı ilin birinci rübündə güclü maliyyə nəticələri
nümayiş etdirib. Bankın ümumi aktivləri 482 milyon manata çatıb ki, bu da həm
dayanıqlı inkişaf strategiyasının uğurla icra olunduğunu, həm də müştəri
etimadının davamlı şəkildə artdığını göstərir.
Aktivlərdə rekord artım
2026-cı ilin birinci rübünün
yekunlarına əsasən, AFB Bankın ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 13,9%
artaraq 482 milyon manata yüksəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə
artım 60,8% təşkil edib. Bu dinamika, Bankın son bir ildə ölçüsünün əhəmiyyətli
dərəcədə böyüdüyünü göstərir.
Aktivlərin artımı Bankın maliyyə
potensialının güclənməsinin əsas göstəricilərindən biridir. Bu isə öz növbəsində
daha çox kreditləşmə, daha geniş maliyyə xidmətləri və real iqtisadiyyata daha
böyük töhfə deməkdir.
Kredit portfeli 334 milyon manata
çatıb
Bankın kredit portfeli 334 milyon
manat təşkil edib. Bu göstərici ilin əvvəli ilə müqayisədə 11%, ötən ilin eyni
dövrü ilə müqayisədə isə 78,6% artıb.
Kredit portfelinin ümumi aktivlərdə
payı 69,3% səviyyəsindədir. Bu göstərici AFB Bankın resurslarının əhəmiyyətli
hissəsinin birbaşa müştərilərin, o cümlədən fiziki şəxslərin, korporativ müştərilərin,
həmçinin mikro, kiçik və orta bizneslərin maliyyələşdirilməsinə yönəldiyini təsdiq
edir.
Əmanətlərdə yüksək artım
AFB Bankda yerləşdirilən müştəri vəsaitlərinin
həcmi 274 milyon manata çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 21,2%, ötən ilin
eyni dövrü ilə müqayisədə isə 96% artım deməkdir. Bu dinamika müştərilərin AFB
Bankı etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini və vəsaitlərini Bankda uzunmüddətli
saxlamağa üstünlük verdiyini göstərir.
Gəlirlər və əməliyyat dayanıqlığı
2026-cı ilin ilk rübündə Bankın faiz gəlirləri
ötən ilin eyni dövrü ilə müqayisədə 96%artaraq 11 milyon manat, qeyri-faiz
gəlirləri isə 12% artaraq 2,36 milyon manat təşkil edib. Gəlirlərin
artımı Bankın yenilənmiş biznes modelinin effektiv çalışdığının bariz nümunəsidir.
Hesabat dövründə AFB Bankın 2025-2029
Strategiyasına uyğun olaraq insan kapitalı, risklərin idarə edilməsi, rəqəmsal
həllər və digər istiqamətlərə investisiyalarını davam etdirilmişdir və bununla
da qeyri-faiz xərcləri 7,86 milyon manat təşkil etmişdir. Nəticədə Bank birinci
rübü 1,13 milyon manat xalis mənfəətlə başa vurmuşdur.
Bankın qeyri-işlək aktivlərinin payı keçən
il ərzində 4.1 faiz bəndi azalmışdır.
Güclü kapital mövqeyi
AFB Bank kapital dayanıqlığını da yüksək
səviyyədə qoruyub saxlayır. Bankın kapital adekvatlığı göstəriciləri müəyyən edilmiş
minimum tələbləri əhəmiyyətli dərəcədə üstələyir:
I dərəcəli kapital adekvatlığı — 20,6%
Məcmu kapital adekvatlığı — 21,7%
Bu göstəricilər Mərkəzi Bankın tənzimləyici
normativlərindən xeyli yüksək olmaqla, böyük kapital buferinə malik olduğunu və
mümkün maliyyə şoklarına qarşı dayanıqlı mövqe sərgilədiyini göstərir.
AFB Bankın İdarə Heyətinin sədri Amid
Qənbərov bildirib:
"2026-cı ilin birinci
rübündə əldə etdiyimiz nəticələr Bankın davamlı böyümə strategiyasının real nəticələrini
əks etdirir. Xüsusilə, əmanətlərin artımı bizim üçün böyük əhəmiyyət daşıyır.
Bu, AFB Banka göstərilən etimadın ən mühüm göstəricilərindən biridir.”
AFB Bank Azərbaycanın aparıcı özəl
banklarından biridir. Bankın inkişaf strategiyasının mərkəzində müştəri məmnuniyyəti,
əlçatan maliyyə həlləri və rəqəmsal innovasiya dayanır. Hazırda AFB Bank ölkə
üzrə 12 xidmət nöqtəsi, 1545 qısa nömrəli məlumat mərkəzi və başdan-başa rəqəmsal
həlləri vasitəsilə artan geniş müştəri kütləsinə xidmət göstərir. Bankın həyata
keçirdiyi Transformasiya Strategiyası çərçivəsində daha müasir, rahat və sərfəli
maliyyə həllərinin təqdim edilməsi əsas prioritetlərdəndir.
Şərhlər