Qazaxıstanın “KazMunayQaz” milli neft-qaz şirkəti 2026-cı ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını ötən illə müqayisədə 31 faiz artıraraq 1,7 milyon tona çatdırmağı planlaşdırır. Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) fəaliyyətində yaranan qeyri-sabitlik fonunda BTC, Bakı-Supsa marşrutlarını və Xəzər dənizi üzərindən Azərbaycan vasitəsilə tranziti neft ixracı üçün alternativ istiqamətlər kimi nəzərdən keçirir.
Bəs CPC-dəki qeyri-sabitlik davam edərsə və Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırılarsa, bu, BTC və Azərbaycan üçün nə deməkdir?
“Neft Araşdırmaları Mərkəzi”nin sədri İlham Şaban Qaynarinfo-ya açıqlamasında bildirib ki, Qazaxıstan 2023-cü ildən etibarən Tengiz neftinin BTC ilə nəqlinə başlayıb. Onun sözlərinə görə, həmin vaxtdan Qazaxıstan tərəfi müxtəlif dövrlərdə BTC ilə 1,5 milyon, daha sonra 1,7 milyon və 2,2 milyon ton neft nəql etməyi planlaşdırdığını açıqlayıb:
“Lakin faktiki göstəricilər bu rəqəmlərdən aşağıdır və son illərdə Qazaxıstan neftinin BTC ilə daşınması təxminən 1,2-1,4 milyon ton arasında dəyişib. Yəni hətta əvvəl açıqlanan 1,5 milyon tonluq hədəfə də tam çatılmayıb”.

İlham Şaban hesab edir ki, Qazaxıstanın BTC ilə neft ixracını artırmaq niyyətinin əsas səbəblərindən biri Novorossiysk limanı üzərindən ixracın sabit olmamasıdır:
“CPC marşrutunda yaranan fasilələr Qazaxıstanı alternativ ixrac istiqamətlərinə ehtiyac duymağa vadar edir”.
Ekspertin sözlərinə görə, Qazaxıstanın Azərbaycan üzərindən neft nəqlini 1,7 milyon tona çatdırması üçün Azərbaycanın mövcud infrastrukturuna böyük əlavə investisiya qoymasına və yeni qurğuların istifadəyə verilməsinə ehtiyac yoxdur.
“Azərbaycan tərəfi dəfələrlə Qazaxıstan neftinin BTC vasitəsilə Aralıq dənizinə çıxarılması üçün imkanlarının olduğunu açıqlayıb. Lakin əsas problem Qazaxıstanın bu istiqamətdə ixracını daha sürətlə artırmamasıdır. Qazaxıstanın neft infrastrukturu ilə bağlı uzun illər ərzində formalaşmış sistemi olub. Bu ölkənin neft hasilatı əsasən şimal-şərq və qərb bölgələrində həyata keçirilir və alternativ marşrutdan istifadə zamanı neftin əvvəlcə dəmir yolu ilə Aktauya, daha sonra tankerlərlə Bakıya, Bakıdan isə BTC vasitəsilə Aralıq dənizinə daşınması tələb olunur. Bu isə əlavə xərclər yaradır. Neftin yüklənməsi və boşaldılması özü hər barel üçün təxminən 1 dollar əlavə xərc formalaşdırır. Dəmir yolu ilə daşınma da boru kəməri ilə müqayisədə daha bahalıdır. Boru kəməri ilə böyük həcmdə nefti fasiləsiz şəkildə nəql etmək mümkün olduğu halda, dəmir yolu ilə daşınmada neftin ayrı-ayrı sisternlərə yüklənməsi tələb olunur. Bu da həm daşınma müddətini uzadır, həm də xərcləri artırır”.
İlham Şaban Qazaxıstanın ümumi neft hasilatı fonunda Azərbaycan üzərindən daşınması nəzərdə tutulan həcmin ölkə üçün böyük rəqəm olmadığını bildirib:
“Qazaxıstanda illik təxminən 96 milyon ton neft hasil olunur, bunun təxminən 20 milyon tonu daxili emala yönəldilir, qalan hissəsi isə ixrac edilir. Bu baxımdan BTC ilə 1,5-2 milyon ton neftin daşınması Qazaxıstanın ümumi ixracı ilə müqayisədə çox böyük həcm hesab olunmur. Lakin Azərbaycan üçün əhəmiyyətlidir. Qazaxıstan neftinin Azərbaycan üzərindən tranzitinin artması hər barel üzrə əldə olunan gəlirlər hesabına həm ölkədə fəaliyyət göstərən şirkətlərin, həm də dövlət büdcəsinin gəlirlərini artırır. CPC marşrutunda qeyri-sabitliyin davam etməsi Qazaxıstan üçün alternativ ixrac yollarının əhəmiyyətini artırır. Bu prosesdə BTC və Azərbaycan üzərindən Xəzər tranziti daha böyük rol oynaya bilər. Qazaxıstan üçün əlavə xərc yaradan bu marşrut Azərbaycan üçün isə tranzit gəlirlərinin artması baxımından yeni imkanlar açır”.
Günay İlqarqızı
Şərhlər