Avropada hələ də çox az tanınan, lakin təbii gözəlliyi ilə heyran edən saysız-hesabsız çimərliklər, adalar və turizm məkanları mövcuddur.
Qaynarinfo xəbər verir ki, "Daily Mail” tabloidinin yazdığına görə, Avropanın əsl cazibəsi çox vaxt turist izdihamından uzaq, demək olar ki, gizli qalmış sahil bölgələrində yerləşir.
"Rough Guides” tərəfindən hazırlanan "The Most Underrated Places in Europe” adlı yeni bələdçidə qitənin daha az tanınan, lakin mədəniyyət, təbiət və qastronomiya baxımından seçilən onlarla məkan təqdim olunur. Ümumilikdə 97 lokasiya arasında həm sahil bölgələri, həm adalar, həm də turistik baxımdan az tanınan şəhər və kəndlər yer alır.
Bələdçidə qeyd olunur ki, Avropa kristal təmiz suları, sakit körfəzləri və geniş çimərlikləri ilə zəngindir: Albaniyadakı Ksamil "Avropanın Maldivləri” adlandırılır, Portuqaliyadakı Komporta təbii sahilləri ilə seçilir, Fransanın Lej-Kap-Ferre bölgəsi isə uzun qumlu sahilləri ilə tanınır.
Aşağıda siyahıda yer alan əsas istiqamətlər təqdim olunur.
Aland adaları, Finlandiya
Aland adaları Finlandiyanın muxtar bölgəsidir və burada əsasən isveç dili danışılır. Təxminən 6700 adadan ibarət arxipelaq sakit təbiəti, ağ qumlu çimərlikləri və dinc atmosferi ilə seçilir.
Burada sauna mədəniyyəti, velosiped gəzintiləri, kayak və yelkən kimi fəaliyyətlər geniş yayılıb. Qış aylarında isə buz üzərində uzun məsafəli hərəkət və digər ekstremal idman növləri mümkündür.
Paytaxt Mariehamn taxta evləri və dəniz muzeyləri ilə kiçik nağıl şəhərini xatırladır. Sund istiqamətində yerləşən Kastelholm qalası isə bölgənin əsas tarixi abidələrindəndir.
Kabo de Qata-Nixar təbii parkı, Almeriya, İspaniya
İspaniyanın Kosta-del-Sol sahilindən uzaqda yerləşən bu qorunan ərazi vulkan mənşəli landşaftı, gizli koyları və təmiz təbiəti ilə tanınır. Kiçik kəndlərdə turizm üçün sadə və sakit şərait mövcuddur.
Komporta, Alenteju, Portuqaliya
Sado çayının mənsəbində yerləşən Komporta uzun qumlu sahilləri, şam meşələri və düyü tarlaları ilə seçilir. Son illərdə populyarlığı artsa da, bölgə hələ də sakit atmosferini qoruyub saxlayır.
Kurşskaya kosa, Litva
Baltik dənizi ilə Kurş körfəzi arasında yerləşən bu dar torpaq zolağı yüksək qum təpələri, meşələr və unikal mənzərələri ilə tanınır. Nida kəndi bölgəyə mədəni rəng qatır.
Fişland-Dars-Zinqst yarımadası, Almaniya
Şimali Almaniyada yerləşən bu sahil bölgəsi geniş çimərlikləri və bataqlıq landşaftı ilə seçilir. Yaz və payız aylarında burada on minlərlə durna müşahidə olunur.
Ksamil, Albaniya
"Avropanın Maldivləri” adlandırılan Ksamil İon dənizi sahilində yerləşir və firuzə rəngli suyu, ağ qumlu çimərlikləri ilə tanınır. Butrint milli parkına yaxınlığı bölgəyə həm təbiət, həm də tarix baxımından əlavə dəyər qatır.
Lej-Kap-Ferre, Yeni Akvitaniya, Fransa
Atlantik okeanı sahilində yerləşən bu yarımada sakit çimərlikləri, balıqçı kəndləri və şam meşələri ilə seçilir. Bölgə həm sörf, həm də sakit istirahət üçün əlverişlidir.
Loşinj adası, Xorvatiya
Adriatik dənizində yerləşən bu ada delfin müşahidəsi və sakit təbiəti ilə tanınır. Kiçik liman şəhərləri rahat atmosfer yaradır.
Pelion yarımadası, Yunanıstan
Meşələr, meyvə bağları və dağlıq relyefi ilə seçilən Pelion kütləvi turizmdən uzaq qalmağı bacarıb. Burada ənənəvi kəndlər və qədim daş yollar qorunub saxlanılıb.
Proçida, Neapol körfəzi, İtaliya
Cəmi bir neçə kilometr uzunluğunda olan bu kiçik ada rəngarəng balıqçı evləri, limon bağları və vulkanik çimərlikləri ilə tanınır. Ada həm də bir neçə məşhur filmin çəkiliş məkanı olub.
Bu istiqamətlər Avropanın daha az tanınan, lakin təbii gözəlliyi ilə seçilən səyahət nöqtələrini nümayiş etdirir və turist izdihamından uzaq alternativ istirahət imkanları təqdim edir.
Aydın
Şərhlər