ABŞ-ın Nyu-York ştatındakı Seneka gölündə əsrlərdir müşahidə olunan sirli partlayış səslərinin səbəbi müəyyən edilib. Alimlərin qənaətinə görə, bu səslər gölün dibindən qəfil çıxan metan qazı püskürmələri ilə bağlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review" yazıb.
Seneka gölü uzun müddət "Seneka topları” və ya "Seneka barabanları” adlandırılan güclü gurultularla tanınıb. İlk qeydlər XVIII əsrə aiddir. Səslər bəzən o qədər güclü olub ki, ətraf ərazilərdə də eşidilib və top atəşi kimi təsvir edilib.
Əsrlər boyu bu hadisənin səbəbi izahsız qalıb. Seneka xalqı bu səsləri Böyük Ruhun səsi hesab edir, sonradan gələn köçkünlər isə bunu ruhlarla və ya fövqəltəbii hadisələrlə əlaqələndirirdilər. Daha müasir dövrdə isə hətta UFO və ya gizli hərbi sınaq ehtimalları da irəli sürülüb.
SUNY College of Environmental Science and Forestry və Cornell Universitetinin tədqiqatçıları hidroloji cihazlarla apardıqları araşdırma zamanı gölün dibində 144 iri krater aşkar ediblər. Bu çökəkliklərin dərinliyi təxminən 9 metr, diametri isə 120 metrə qədərdir.
Su və dib çöküntülərinin analizləri göstərib ki, burada böyük miqdarda metan və digər qazlar toplanır.
Alimlərin izahına görə, metan qazı zamanla çöküntü qatlarının altında yığılır və təzyiq artdıqda qəfil şəkildə səthə çıxır. Bu zaman böyük qaz qabarcıqları əmələ gəlir və suyun səthinə qalxaraq partlayır. Nəticədə güclü zərbə dalğası yaranır ki, bu da "top atəşi” kimi eşidilir.
Aşkarlanan kraterlər məhz bu qaz püskürmələrinin izləridir.
Seneka gölü Finger Lakes regionunda ən dərin göldür. Onun maksimal dərinliyi təxminən 190 metrə çatır, su həcmi isə 4,2 trilyon qallondur.
Tədqiqatçılar bildirirlər ki, gölün forması və dərinliyi təbii rezonator rolunu oynayaraq səsləri gücləndirir və onların uzaq məsafələrə yayılmasına səbəb olur.
Alimlərin sözlərinə görə, bu kəşf yalnız yerli bir sirrin açılması deyil, həm də metan qazının yığılması və atmosferə buraxılması proseslərini daha yaxşı anlamağa kömək edir. Bu isə digər regionlarda istixana qazları ilə bağlı risklərin qiymətləndirilməsi üçün vacibdir.
Bununla belə, Seneka gölündəki qaz püskürmələri insanlar üçün təhlükəli hesab edilmir və son illərdə belə hadisələrin sayı azalıb.
Aydın
Şərhlər