Expressbank ASC-də yeni kadr təyinatları olub.
Bankın Müşahidə Şurasının qərarı ilə bank, hüquq və nəzarət sahəsində
uzunillik təcrübəyə malik Samir Azadxan
oğlu Tağıyev Komplayens departamentinin direktoru, zəngin bankçılıq və risk
menecmenti təcrübəsinə malik Elnur Yavər
oğlu Məmmədov Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifələrinə
təyin olunublar.
Samir Azadxan
oğlu Tağıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr təhsili, Bakı Dövlət
Universitetində hüquq üzrə, Azərbaycan Dövlət İqtisad Universitetində isə
Biznesin Təşkili və İdarəedilməsi üzrə magistr təhsili almışdır.
O, 2012 – 2016-cı illərdə "Dəmirbank” ASC-də Hüquq departamentinin
Bank Fəaliyyətinin Hüquqi Tənzimlənməsi şöbəsinin müdiri vəzifəsinə qədər yüksəlib.
2016–2021-ci illərdə "Yelo Bank”ASC-də müxtəlif vəzifələrdə çalışaraq, son olaraq Hüquq departamentinin
direktoru vəzifəsini tutub. 2021–2022-ci illərdə "Kapital Bank” ASC-də Hüquq və Komplayens
departamentində şöbə rəisi kimi fəaliyyətini davam etdirib.
Karyerasının davamında, 2022-2025-ci illər ərzində "Hüquqi Ekspertiza
və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsdə şöbə müdiri vəzifəsində
çalışıb.
Bundan sonra "Expressbank” ASC-nin Korporativ Hüquq şöbəsinin rəhbəri
olaraq fəaliyyətinə davam edib.
Elnur Yavər oğlu
Məmmədov – Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-kredit ixtisası
üzrə bakalavr, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin İdarə
Edilməsi (MBA) üzrə magistr pilləsini tamamlamışdır.
O, 2008 – 2015- ci illər ərzində "Yapı Kredi Bank” QSC-də və
"TuranBank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq əməliyyat risklərinin idarə
edilməsi sahəsində mühüm təcrübə qazanıb və Əməliyyat, İmic və Strateji Risklərin
İdarə Edilməsi şöbəsinin müdir müavini vəzifəsinə qədər yüksəlib.
2015 – 2019-cu illərdə "AtaBank" ASC-də Risk Menecmenti departamentinin
Əməliyyat Risklərinə Nəzarət şöbəsinin rəisi vəzifəsinə qədər karyera yüksəlişi
əldə edib.
2019-cu ildə fəaliyyətini Azərbaycan
Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirən
Elnur Məmmədov burada makroprudensial nəzarət və risklərin idarə edilməsi
istiqamətində çalışıb.
2020-ci ildən etibarən isə Azərbaycan
Respublikasının Mərkəzi Bankında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
O, prudensial siyasət üzrə aparıcı və böyük analitik, daha sonra Əməliyyat
Riskləri şöbəsinin rəisi, son olaraq isə Risklərin İdarə Edilməsi departamentinin
Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində
çalışıb.
Bank yeni təyinatların idarəetmə strukturunun daha da gücləndirilməsinə,
risklərin effektiv idarə olunmasına və komplayens mühitinin beynəlxalq
standartlara uyğun inkişafına mühüm töhfə verəcəyinə inanır.
"Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində
verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh.,
Y.V.Çəmənzəminli küç., 134C.
Şərhlər