XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Oyun dünyasında nasist simvolu böhranı: Slavyan mifologiyası necə SS embleminə çevrildi?
Dünya12:09 09.06.2026

Oyun dünyasında nasist simvolu böhranı: Slavyan mifologiyası necə SS embleminə çevrildi?

Rəqəmsal oyun mağazası GOG təqdim etdiyi yeni oyunla bağlı bülletendə nasist SS (faşist) simvollarına yer verilməsi səbəbilə ciddi böhranla üzləşib. 
Qaynarinfo xəbər verir ki, platforma "The End of the Sun” adlı oyunu tanıtmaq istəyərkən göndərdiyi e-poçtda yer alan simvollar səbəbilə tənqidlərə məruz qalıb.
Hadisədən sonra "Steam” rəqibi olan şirkət rəsmi açıqlama yayaraq problemin bayram dövründə işçi çatışmazlığı və texniki xətalardan qaynaqlandığını bildirib.
Sözügedən oyun tamamilə Slavyan mifologiyası və mədəniyyətinə əsaslanan fantastik bir dünyada cərəyan edir. Bu çərçivədə GOG reklam bülletenində "günəş” mənasını verən Slavyan yazısı "Sowilō” simvolundan istifadə edib. Şirkətin texniki izahına görə, bəzi mobil cihazlar və e-poçt platformaları bu yazı şrift uyğunluq xətası səbəbilə SS simvolu kimi göstərib.
Lakin qalmaqalın böyüməsində yalnız texniki problem deyil, digər amillər də rol oynayıb. "Reddit” platformasında təsdiqlənmiş GOG nümayəndəsi iki yazının yan-yana gəlməsinin nasist rejimi ilə arzuolunmaz assosiasiya yaratdığını etiraf edib. Onun "bu hal yayım öncəsi müəyyən edilib və yerli həssasiyyət səbəbilə material Almaniyadakı istifadəçilərə göndərilməyib” açıqlaması isə istifadəçilərin narazılığına səbəb olub. Bu da "əgər problem bilinirdisə, niyə digər ölkələrə göndərilməyə davam edildi?” sualını gündəmə gətirib.
Oyun tərtibatçıları isə baş verən qarışıqlıqdan xəbərsiz olduqlarını və GOG-un hansı vizuallardan istifadə etdiyini bilmədiklərini açıqlayıblar.
Platforma daxilində kommunikasiya və koordinasiya problemləri müstəqil oyun studiyalarını da çətin vəziyyətə salıb. Şirkət rəhbərliyi Alman keyfiyyət nəzarət komandası ilə koordinasiya problemlərini səbəb kimi göstərsə də, oyunçu icmalarının narazılığı hələ də davam edir.
Aydın