XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Psixoloqdan valideynlərə çağırış: Yeniyetmələri dinləyin, mühakimə etməyin
Ölkə11:20 09.06.2026

Psixoloqdan valideynlərə çağırış: Yeniyetmələri dinləyin, mühakimə etməyin

Yeniyetməlik dövrü uşağın şəxsiyyətini formalaşdırdığı və müstəqilləşməyə çalışdığı ən həssas mərhələlərdən biridir. Bu dövrdə valideynlərlə övladlar arasında ünsiyyət problemləri daha qabarıq şəkildə özünü göstərə bilər.
Son zamanlar valideynlərin mövzu ilə bağlı şikayətləri artıb. Onlar yeniyetmə övladları ilə "dil tapa bilmədiklərini”, onlara nəyisə izah etməkdə çətinlik çəkdiklərini bildirirlər.
Psixoloq Nizami Orucov Qaynarinfo-ya bildirib ki, valideynlərin yeniyetmələrlə ünsiyyət zamanı yol verdiyi ən böyük səhvlərdən biri onları dinləmək əvəzinə davamlı nəsihət vermək və ya tənqid etməkdir:
"Bir çox valideyn münasibəti qorumaq məqsədilə nəzarəti artırmağa çalışır. Lakin həddindən artıq nəzarət əks effekt verərək yeniyetmənin ailədən uzaqlaşmasına səbəb ola bilər. Həmçinin müqayisə etmək, hisslərini kiçiltmək və hər problemi dərhal həll etməyə çalışmaq da ünsiyyəti çətinləşdirən amillərdəndir”.

Mütəxəssis telefon və sosial şəbəkələrin yeniyetmələrin həyatında həm müsbət, həm də mənfi rol oynadığını vurğulayıb:
"Telefon və sosial şəbəkələr yeniyetmələr üçün sosial əlaqə, informasiya və özünüifadə vasitəsidir. Həddindən artıq istifadə ailədaxili ünsiyyətin azalmasına, diqqət dağınıqlığına və davamlı müqayisə hissinin güclənməsinə gətirib çıxara bilər. Bəzi yeniyetmələr emosional ehtiyaclarını ailədə deyil, virtual mühitdə qarşılamağa çalışırlar. Problem texnologiyanın özündə deyil, ondan istifadənin balanssız olmasındadır”.
Psixoloqun fikrincə, yeniyetmə özünə qapandıqda valideyn təzyiq göstərmək və ya onu sorğu-suala tutmaq əvəzinə, etibarlı ünsiyyət mühiti yaratmalıdır:
"Yeniyetmələr çox vaxt mühakimə olunacaqlarından qorxduqları üçün hisslərini bölüşmürlər. Valideyn ona "istədiyin vaxt danışa bilərsən, mən səni dinləməyə hazıram” mesajını verməlidir. Etibarlı münasibət qurulduqda yeniyetmənin açılması daha asan olur. Bəzi hallarda peşəkar psixoloji dəstək də vacibdir. Uzun müddət davam edən əhval dəyişiklikləri, özünəqapanma, aqressiya, yuxu və iştah problemləri, məktəb nəticələrinin kəskin pisləşməsi, özünə zərərvermə davranışları və ya həyatla bağlı ümidsizlik ifadələri müşahidə olunarsa, mütəxəssisə müraciət edilməlidir”.
Nizami Orucov sonda vurğulayıb ki, yeniyetmə ilə sağlam münasibətin əsasında güvən dayanır:
"Yeniyetmənin hər addımını nəzarətdə saxlamaqdan daha vacibi onunla emosional əlaqə qurmaqdır. Dinlənildiyini hiss edən yeniyetmə valideyninə daha çox yaxınlaşır. Onun fikirlərinə dəyər vermək, hisslərini ciddiyə almaq və yalnız problem yarananda deyil, gündəlik həyatda da ünsiyyət qurmaq münasibətləri gücləndirir. Yeniyetmələr ən çox mühakimə olunmadan dinlənilməyə ehtiyac duyurlar”.
Mələksəda Ziyad