Ötən həftə Bakıda "TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya” mövzusunda konfrans keçirilib
Qaynarinfo xəbər verir ki, Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) təşkilatçılığı və PMI şirkətinin dəstəyi ilə keçirilən tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, biznes dairələrinin və ekspert icmasının nümayəndələri iştirak edib. Tədbir elmin, innovasiyaların və müasir texnologiyaların iqtisadi inkişafda rolu, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal transformasiya və dayanıqlı inkişaf məsələlərənə həsr olunub.
Konfransın açılış mərasimində "AmCham Azərbaycan”ın prezidenti Dəyanət Sadullayev, iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və PMI şirkətinin MDB ölkələri üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim çıxış edib.
Konfrans çərçivəsində hökumət və sənaye nümayəndələrinin iştirakı ilə iqtisadi transformasiyaya dair panel sessiyalar keçirilərək, eləcə də biznes sektorunda innovativ həllərin tətbiqi və korporativ transformasiya istiqamətində beynəlxalq təcrübə müzakirə edilib.
Forumda çıxış edən iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Azərbaycanın iqtisadi inkişaf prioritetləri və uzunmüddətli rifahın təmin olunmasında qeyri-neft sektorunun artan rolu barədə danışıb. O bildirib ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar və rəqəmsal transformasiya təşəbbüsləri iqtisadiyyatın şaxələndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına xidmət edir.
Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığına da toxunan Hüseyn Hüseynov qeyd edib ki, iki ölkə arasında tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub və artıq süni intellekt, yüksək məhsuldarlıqlı hesablamalar, bulud texnologiyaları və rəqəmsal innovasiyalar kimi sahələri də əhatə edir. Onun sözlərinə görə, ABŞ son 30 ildən artıq müddətdə Azərbaycanın etibarlı iqtisadi tərəfdaşlarından biri olub və bu müddət ərzində enerji, ticarət və texnologiya sahələrində möhkəm əməkdaşlıq bazası formalaşıb.
Nazir müşaviri bildirib ki, ötən həftə keçirilən Azərbaycan–ABŞ İqtisadi Dialoqu iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün əlavə imkanlar yaradıb. O qeyd edib ki, enerji və kritik minerallar sahəsində əməkdaşlıq davam etdirilməklə yanaşı, yüksək məhsuldarlıqlı hesablamalar, süni intellekt, rəqəmsal infrastruktur və bulud texnologiyaları sahələrində də tərəfdaşlıq dərinləşdirilir. Bu çərçivədə "Dell Technologies", "Oracle", "Microsoft", "Amazon" və digər aparıcı texnologiya şirkətləri ilə əməkdaşlıq Azərbaycanın qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirir. Hüseyn Hüseynovun sözlərinə görə, bu əməkdaşlıq yeni investisiyaların cəlb olunmasına, məhsuldarlığın yüksəlməsinə, yüksək ixtisaslı iş yerlərinin yaradılmasına və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinə töhfə verəcək.
Forumda çıxış edən PMI şirkətinin MDB regionu üzrə Xarici Əlaqələr Direktoru Aleksey Kim innovasiyaların inkişafına şərait yaradan tənzimləyici mühitin və dövlət-özəl sektor əməkdaşlığının əhəmiyyətindən danışıb. O bildirib ki, müasir iqtisadiyyatlarda elmi əsaslara söykənən qərarlar və çevik tənzimləmə mexanizmləri innovativ həllərin tətbiqini sürətləndirir.
Tədbirin ilk panel sessiyası "Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusuna həsr olunub. Sessiyada Azərbaycanın iqtisadi transformasiyasını sürətləndirə biləcək imkanlar və siyasət prioritetləri müzakirə edilib.
Panel iştirakçılarından biri olan Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib ki, zona əsasən ixracyönümlü və yüksək əlavə dəyər yaradan istehsal layihələri üçün nəzərdə tutulub. Onun sözlərinə görə, burada fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların minimum 75 faizinin ixrac edilməsi tələbi mövcuddur.
Valeh Ələsgərov qeyd edib ki, bu model yerli bazarda qeyri-bərabər rəqabətin qarşısını almaqla yanaşı, ölkəyə xarici valyuta axınının artmasına da xidmət edir. O, nümunə kimi İrlandiyanın məşhur Şennon Azad İqtisadi Zonasının təcrübəsini göstərərək bildirib ki, yüksək əlavə dəyər yaradan ixracyönümlü istehsal modeli bir çox ölkələrin iqtisadi inkişafında mühüm rol oynayıb. O əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının ərazisində inşa olunan yük hava limanının da gələn il istifadəyə verilməsi nəzərdə tutulur. Valeh Ələsgərov qeyd edib ki, yeni yük hava limanı zonanın logistika imkanlarının genişləndirilməsinə, eyni zamanda yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin Ələtə cəlb olunmasına mühüm töhfə verəcək.mariann
Forumda çıxış edən 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov süni intellektin və data iqtisadiyyatının gələcəkdə dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcəyini bildirib.
Fariz Cəfərovun sözlərinə görə, Azərbaycan özünü yalnız enerji resursları ixrac edən ölkə kimi deyil, həm də regionun böyük məlumat mərkəzlərinin yerləşdiyi texnologiya qovşağı kimi formalaşdıra bilər.
"Hazırda iqtisadiyyatlar təkcə ÜDM-lə deyil, həm də data məhsulları ilə qiymətləndirilir. Daha çox məlumat istehsal edən və həmin məlumatları iqtisadi dəyərə çevirə bilən ölkələr qlobal rəqabətdə üstün mövqelərə sahib olur”, – deyə o vurğulayıb.
O əlavə edib ki, hazırlanmaqda olan 2026–2029-cu illər üzrə Rəqəmsal İqtisadiyyat Strategiyası çərçivəsində 300-dən çox yerli şirkətin və kiçik-orta biznes subyektinin rəqəmsal transformasiyasına dəstək göstərilməsi planlaşdırılır.
Energetika nazirinin müavini Elnur Soltanov isə çıxışında Azərbaycanın enerji sektorunda baş verən transformasiyadan danışıb. O bildirib ki, SOCAR artıq yalnız neft və qaz hasil edən şirkət kimi deyil, həm də öz idarəetmə təcrübəsini, texnoloji biliklərini və insan kapitalını beynəlxalq bazarlara ixrac edən korporasiya kimi fəaliyyət göstərir.
Nazir müavininin sözlərinə görə, şirkət hazırda Azərbaycanla yanaşı Gürcüstan, Türkiyə və İtaliya da daxil olmaqla müxtəlif ölkələrdə fəaliyyət göstərir və enerji dəyər zəncirinin müxtəlif mərhələlərində iştirak edir.
"Bu gün söhbət yalnız enerji resurslarının ixracından getmir. Artıq idarəetmə təcrübəsi, texnoloji biliklər və insan kapitalı da iqtisadi inkişafın mühüm ixrac məhsullarına çevrilir”, – deyə Elnur Soltanov bildirib.
Sessiyanın moderatoru AmCham Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, PASHA Financial Holding şirkətinin İnnovasiyalar üzrə rəhbəri xanım Tuğra Musayeva olub.
Forumun ikinci panel sessiyası "Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusuna həsr olunub. Müzakirələr zamanı şirkətlərin dəyişən bazar şərtlərinə uyğunlaşmaq, dayanıqlılıqlarını artırmaq və uzunmüddətli dəyər yaratmaq üçün innovasiya və texnologiyalardan necə istifadə etdikləri barədə fikir mübadiləsi aparılıb.
"bp” şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova bildirib ki, Terminalı BP-nin qlobal portfelində neft və qaz emalı üzrə ən böyük terminaldır.
O qeyd edib ki, şirkət Azərbaycandakı əməliyyatlarında ağıllı qazma texnologiyalarından, pilotsuz uçuş aparatlarından, robotlardan və rəqəmsal əkiz (digital twin) həllərindən istifadə edir. Onun sözlərinə görə, bu texnologiyalar hasilat proseslərinin daha səmərəli idarə olunmasına, qərarların daha operativ qəbul edilməsinə və təhlükəli işlərin avtomatlaşdırılmasına imkan yaradır.
PMI şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru Tomoko İida isə şirkətin ənənəvi siqaretlərdən alternativ məhsullara keçid strategiyasının nəticələrindən danışıb. O bildirib ki, hazırda dünyada 43,5 milyon insan ənənəvi siqaretdən imtina edərək alternativ məhsullara keçib.
Tomoko İidanın sözlərinə görə, bəzi ölkələrdə alternativ məhsulların yayılması siqaretçəkmə səviyyəsinin azalmasına da müsbət təsir göstərib. O qeyd edib ki, Azərbaycanda siqaret çəkənlərin payı təxminən 20 faizdir və gələcəkdə bu göstəricinin aşağı düşməsi üçün potensial mövcuddur. Sessiyanın moderatoru PMI şirkətinin nümayəndəsi cənab Oleksii Kalynichenko olub
Tədbirin yekununda çıxış edən AmCham Azərbaycan-ın icraçı direktoru Zaur Kərimov forumun innovasiya və gələcəyə yönəlmiş dialoq üçün mühüm platformaya çevrildiyini bildirib. O qeyd edib ki, bu cür təşəbbüslər bilik mübadiləsinin genişlənməsinə, yeni əməkdaşlıqların qurulmasına və Azərbaycanın dayanıqlı iqtisadi inkişafına töhfə verir.
150-dən çox iştirakçının qatıldığı forumda dövlət qurumlarının nümayəndələri, yerli və beynəlxalq şirkətlər, ekspertlər, biznes ictimaiyyəti və media təmsilçiləri iştirak ediblər. Tədbir bir daha göstərib ki, Azərbaycanın gələcək inkişaf strategiyasında elm, innovasiya, rəqəmsal texnologiyalar, süni intellekt və yüksək əlavə dəyər yaradan ixracyönümlü istehsal əsas prioritet istiqamətlər olaraq qalır.
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Qeyd edək ki, 2026-cı ildə "Technovation” forumu ABŞ və İsveçdə də uğurla təşkil olunub.
Günay İlqarqızı
Şərhlər