Azərbaycan Hava Yolları marşrut şəbəkəsini genişləndirərək
Belçikanın paytaxtı Brüsselə birbaşa müntəzəm uçuşlara başlayır. Yeni istiqamət üzrə biletlər
artıq satışdadır.
Brüssel şəhərinə ilk reys 8 may 2027-ci il tarixində
həyata keçiriləcək. Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, bazar
ertəsi, çərşənbə, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
Yeni marşrut Azərbaycan ilə Belçika arasında işgüzar,
turizm və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək, həmçinin sərnişinlər
üçün Avropanın aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə
birbaşa və rahat səyahət imkanı yaradacaq.
Belçikanın paytaxtı Brüssel Avropa İttifaqı və
NATO-nun qərargahlarının yerləşdiyi, qlobal diplomatiya və beynəlxalq biznes
üçün vacib əhəmiyyət daşıyan şəhərlərdən biridir. Bununla yanaşı, şəhər zəngin
tarixi-mədəni irsi, məşhur Grand-Place meydanı, Atomium kompleksi, muzeyləri,
qastronomiyası və özünəməxsus atmosferi ilə Avropanın ən populyar turizm
istiqamətlərindən biri hesab olunur.
Brüssel həmçinin Avropanın əsas nəqliyyat
qovşaqlarından biridir. Buradan Amsterdama təxminən iki saata, həmçinin Lüksemburq,
Köln və digər şəhərlərə rahat şəkildə çatmaq mümkündür.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, kassalarından və akkreditə olunmuş agentliklərdən
əldə edə bilərsiniz.
Şərhlər