Bank Respublika OPEC Fund ilə əməkdaşlıq çərçivəsində sahibkarlara dəstəyini genişləndirir
Azərbaycanın aparıcı banklarından biri olan
və ölkənin real sektorunun inkişafını fəal şəkildə dəstəkləyən Bank Respublika
ilə OPEC Fund for International Development arasında 20 milyon ABŞ dolları məbləğində
kredit sazişi imzalanıb. Dörd il müddətinə ayrılan maliyyə vəsaiti Azərbaycanda
özəl sektorun inkişafına, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəldiləcək.
Sazişi Bank Respublika ASC-nin İdarə Heyətinin sədri Tariyel
İsmayılov və OPEC Fondunun Prezidenti Dr. Əbdülhəmid Əlxəlifə imzalayıblar.
İmzalanma mərasimi OPEC Fondunun 50 illik yubileyinə həsr olunmuş "OPEC
Fund Development Forum 2026" çərçivəsində Vyana şəhərində keçirilib.
İmzalanma mərasimində Azərbaycan Respublikası İqtisadiyyat nazirinin
müavini Anar Axundov və Azərbaycan Respublikasının Avstriya Respublikasındakı
Fövqəladə və Səlahiyyətli Səfiri Rövşən Sadıqbəyli də iştirak ediblər.
Cəlb olunmuş maliyyə vəsaiti Bank Respublika-ya real sektorun dəstəklənməsini
daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi
həcmini artırmağa imkan verəcək. Vəsaitlər yeni iş yerlərinin yaradılmasına,
bizneslərin inkişafına və ölkənin dayanıqlı iqtisadi artımına töhfə verən layihələri
həyata keçirən sahibkarların maliyyələşdirilməsinə yönəldiləcək.
OPEC
Fondunun Prezidenti Əbdülhəmid Əlxəlifə bildirib: "Yerli valyutada təqdim
etdiyimiz ilk kredit OPEC Fondu üçün əlamətdar hadisədir. Bu, maliyyə alətlərimizin
daha da zənginləşməsinə xidmət etməklə yanaşı, innovativ həllər vasitəsilə
inkişaf təsirimizi artırmağa imkan verir. Yerli valyutada maliyyələşmə risklərin
azaldılması və investisiyaların təşviqi üçün mühüm vasitədir. Azərbaycanda bu istiqamətdə ilk tərəfdaşımızın
Bank Respublika kimi güclü və etibarlı maliyyə institutu olması bizim üçün
xüsusi əhəmiyyət daşıyır və uzunmüddətli əməkdaşlığımız üçün möhkəm zəmin
yaradır.
Bank Respublika-nın İdarə Heyətinin
Sədri Tariyel İsmayılov qeyd edib: "Bu saziş bizim üçün sadəcə
maliyyələşmə deyil. Bu, beynəlxalq inkişaf maliyyələşdirilməsi sahəsində ən
nüfuzlu qurumlardan biri olan OPEC Fund tərəfindən Bank Respublika-ya göstərilən
etimadın mühüm göstəricisidir. Biz Dr. Əbdülhəmid
Əlxəlifə və
onun komandasına yüksək peşəkarlığa və səmimi qəbula görə dərin təşəkkürümüzü
bildiririk. İnanırıq ki, bu saziş Bank Respublika ilə OPEC Fund arasında uğurlu
və uzunmüddətli tərəfdaşlığın möhkəm təməlini qoyacaq”
📌 Daha
ətraflı məlumat üçün:
🌐 Veb
sayt: www.bankrespublika.az
📱 Sosial
şəbəkələr: 🔵 Facebook | 📸 Instagram | 🔗 LinkedIn | 📨 Telegram
📞 Çağrı
Mərkəzi: 144
Şərhlər