XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir
Ekonomiks11:33 12.08.2026

Əmlak bazarı ilə bağlı proqnoz: Bahalaşma gözlənilir

"Azərbaycan Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar–iyul ayları üzrə açıqladığı büdcə icrası göstəriciləri ölkədə fiskal dayanıqlığın və maliyyə intizamının qorunduğunu göstərir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Vüqar Oruc bildirib ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib və proqnoza nisbətən 855,9 milyon manat və ya 3,8 faiz artıq icra olunub. Eyni dövrdə büdcə xərcləri 20 milyard 174,4 milyon manat olub.

Onun sözlərinə görə, bu göstəricilər ilin ilk 7 ayında dövlət büdcəsində təxminən 3,42 milyard manat profisit formalaşdığını göstərir:

“Bu, yalnız büdcənin texniki icrası baxımından deyil, bütövlükdə ölkənin makroiqtisadi sabitliyi baxımından da müsbət göstəricidir”.

V.Oruc xüsusilə qeyri-neft sektorundan daxilolmaların əhəmiyyətli rolunun artmasını diqqətə çatdırıb. O qeyd edib ki, Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların proqnozu 8 faiz, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar isə 21,5 faiz üstələyib. Bu göstəricilər iqtisadi aktivliyin ayrı-ayrı sektorlar üzrə davam etdiyini göstərir.

AQC sədri Maliyyə Nazirliyinin büdcə icrası ilə bağlı göstəriciləri operativ şəkildə ictimaiyyətə təqdim etməsini də müsbət qiymətləndirib. Bildirib ki, belə məlumatlar iqtisadiyyatın real vəziyyətinin, dövlət maliyyəsinin dayanıqlığının və müxtəlif bazar seqmentlərinin davranışının təhlili üçün mühüm statistik baza yaradır.

Vüqar Orucun sözlərinə görə, açıqlanan göstəricilər əmlak bazarı baxımından da xüsusi əhəmiyyət daşıyır. Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmaların 32,9 milyon manat təşkil etməsi və proqnozun 21,5 faiz üstələməsi əmlak sektorunda əməliyyatların, dövlət qeydiyyatı və digər əmlakla bağlı iqtisadi proseslərin aktivliyini göstərən mühüm göstəricilərdən biridir.

“Bu məlumatlara yalnız büdcə gəlirlərinin statistikası kimi yanaşmaq düzgün deyil. Büdcə gəlirlərinin strukturu və dinamikası daşınmaz əmlak bazarının gələcək istiqaməti barədə də müəyyən siqnallar verir”, deyə Vüqar Oruc vurğulayıb.

AQC sədrinin fikrincə, 2026-cı ilin ikinci yarısında torpaq bazarında aktivliyin davam etməsi gözlənilir. O bildirib ki, son dövrdə torpaq qiymətlərinin artmasının əsas səbəbləri arasında məhdud təklif və investisiya tələbinin yüksəlməsi dayanır. Büdcə gəlirlərinin artması və iqtisadi aktivliyin qorunması isə bu tendensiyanı dəstəkləyən amillərdəndir.

V.Oruc mənzil bazarında da ucuzlaşmanın gözlənilmədiyini, əksinə, qiymət artımı dinamikasının davam edəcəyini bildirib. Onun sözlərinə görə, xüsusilə yeni tikililərdə tikinti xərclərinin yüksək səviyyədə qalması, torpaq qiymətlərinin artması və tikinti materiallarının bahalaşması mənzil bazarında qiymət artımını şərtləndirən əsas amillərdəndir.

“Kommersiya daşınmaz əmlakı, yəni qeyri-yaşayış sahələri üçün də müsbət siqnal var. İqtisadi dövriyyənin genişlənməsi ticarət, xidmət, logistika və digər kommersiya obyektlərinə tələbi dəstəkləyə bilər. Xüsusilə nəqliyyat infrastrukturu və şəhərin inkişaf layihələri ilə əlaqəli ərazilərdə kommersiya potensialı daha yüksək olacaq”, deyə AQC sədri qeyd edib.

O bildirib ki, açıqlanan büdcə göstəriciləri daşınmaz əmlak bazarı üçün müsbət makroiqtisadi fon kimi qiymətləndirilməlidir. Bununla belə, bütün əmlak seqmentlərinin eyni templə bahalaşacağı gözlənilmir.

Vüqar Oruc qeyd edib ki, AQC-nin 2026-cı ilin ikinci yarısı ilə bağlı proqnozlarında torpaq sahələrində yüksək artım potensialı, yeni tikili mənzillərdə davamlı qiymət artımı, köhnə tikili mənzillərdə isə daha mülayim artım nəzərdə tutulur. Kommersiya obyektlərində aktivliyin əsasən lokasiyadan asılı olaraq yüksələcəyi, fərdi yaşayış evlərində isə torpaq və tikinti xərclərinin təsiri ilə artımın davam edəcəyi gözlənilir. Kotlavan mərhələsində olan tikililərdə isə qiymət artımının daha yüksək olacağı proqnozlaşdırılır.

AQC sədri vurğulayıb ki, daşınmaz əmlak bazarında qiymət artımını yalnız alıcı tələbi formalaşdırmır. Torpaq və tikinti xərcləri, maliyyələşmə imkanları, urbanizasiya, investisiya cazibədarlığı, yığım alternativlərinin məhdudluğu və infrastruktur kimi amillər də bazarın dinamikasına ciddi təsir göstərir.

“2026-cı ilin 7 aylıq büdcə nəticələri AQC-nin əvvəlki proqnozlarını dəyişmir, əksinə, onları dəstəkləyir. Beləliklə, daşınmaz əmlak bazarında 2026-cı ildə artım tendensiyasının davam etməsi daha real ssenaridir”, deyə Vüqar Oruc əlavə edib.