Bir tərəfdən, həddindən artıq turizm həmin istiqamətlərə və onların sakinlərinə zərər vurur, adi həyat tərzini pozur və resursları tükəndirir. Digər tərəfdən, turistlərin özləri də izdihamlı məkanlardan və yüksək qiymətlərdən tam zövq ala bilmirlər.
Qaynarinfo xəbər verir ki, bununla yanaşı, bəzi məkanların istirahət üçün cəlbediciliyini azaldan başqa səbəblər də var. Bunlara tikinti işləri, bürokratik məhdudiyyətlər və təbii fəlakətlər daxildir.
Travel Off Path turizm portalının ekspertləri 2026-cı ilin payızında müxtəlif səbəblərdən səfərdən çəkinməyin daha yaxşı olduğu yeddi məşhur turizm istiqamətini açıqlayıblar.
1. Qrand-Kanyon Milli Parkı, Arizona, ABŞ

Böyük Kanyona səfər bir çox turistin arzusudur və ömürlük unudulmaz təəssürat yaradır. Lakin bu payız ziyarətçilər məkanın əsas görməli yerlərindən biri olan kanyonun daxili hissəsində yürüş imkanından məhrum qala bilərlər. Bu marşrut təkcə gözəl mənzərələri ilə deyil, həm də yay istisindən uzaqlaşmaq imkanı ilə seçilir.
Buna səbəb Transcanyon Waterline boru kəmərinin tikintisi üzrə çoxmilyon dollarlıq layihə çərçivəsində işlərin hələ də davam etməsidir. River Trail cığırının bəzi hissələri vaxtaşırı açıq olsa da, Milli Parklar Xidməti 15 oktyabr 2026-cı ildən North Kaibab Trail cığırını bağlamağı planlaşdırır. Bu səbəbdən yürüş həvəskarlarının tikinti çəpərləri ilə qarşılaşması və kanyonun bir kənarından digərinə klassik yürüş təcrübəsinin, eləcə də əsas dairəvi marşrutların əlçatmaz olması ehtimalı yüksəkdir.
Ekspertlər bunun əvəzinə Arizonada yerləşən Sedona şəhərinə diqqət yetirməyi tövsiyə edirlər. Burada turistləri tikinti işləri olmayan qırmızı qayalı kanyonlarda möhtəşəm yürüş marşrutları, o cümlədən məşhur Cathedral Rock və Devil’s Bridge cığırları gözləyir.
2. Tokio və Kioto, Yaponiya

Bu payız Yaponiyanın ən böyük hava limanlarında uzun növbələrə hazırlaşmaq lazım gələcək. Ölkə turistlər üçün qaydaları əhəmiyyətli dərəcədə dəyişir və bu, səfərləri inzibati baxımdan daha mürəkkəb edə bilər.
Yaponiya xarici turistlər üçün mağazalarda tətbiq edilən məşhur vergi güzəşti sistemindən tamamilə imtina edir. Əvvəllər alış zamanı 10 faiz güzəşt əldə edən turistlər indi kassada tam məbləği ödəməli, daha sonra isə ölkədən çıxarkən hava limanında gömrük məntəqələrində pasportlarını skan etdirərək vəsaitin geri qaytarılması üçün uzun növbələrdə gözləməli olacaqlar.
Bununla yanaşı, Kiotoda tarixi yaşayış məhəllələrinə səfərlə bağlı sərt cərimələr və yaşayış üçün yerli vergilərin artması da istirahət təəssüratına mənfi təsir göstərə bilər.
Alternativ olaraq turistlərə Tayvanda yerləşən Taybey şəhərinə səfər etmək tövsiyə olunur. Burada dünya səviyyəli gecə bazarları, müasir alış-veriş rayonları, "Mişlen" ulduzları ilə tanınan küçə yeməkləri və dağlardakı mənzərəli çay evləri ziyarətçiləri gözləyir.
3. Santorini və Mikonos, Yunanıstan

Bir çox turist yay istisindən yayınmaq və müəyyən qədər qənaət etmək üçün oktyabr ayında Aralıq dənizi kruizlərini seçir. Lakin Yunanıstan hakimiyyəti həddindən artıq turizmin qarşısını almaq məqsədilə yüksək rüsumlar tətbiq edib.
Belə ki, kruiz gəmilərinin sərnişinləri şəhərə daxil olmaq üçün adambaşına 12 avro ödəməlidirlər. Yerli ekskursiyaların və liman dayanacaqlarının qiymətləri də əhəmiyyətli dərəcədə artıb.
Ekspertlər bunun əvəzinə Paros adasına getməyi məsləhət görürlər. Burada eyni ağ rəngli mənzərəli kəndlər, təmiz qızılı çimərliklər və liman ətrafında canlı restoranlar var. Bununla belə, ada daha sakit və autentik atmosferi ilə seçilir və əlavə rüsumlar daha azdır.
4. Dubay, BƏƏ

Birləşmiş Ərəb Əmirlikləri regiondakı qeyri-sabitliyin nəticələrini hiss etməkdə davam edir. Uzun illər Dubay payızın sonlarında səhrada havaların nisbətən sərinləşdiyi dövrdə dəbdəbəli istirahət üçün ən populyar məkanlardan biri hesab olunub.
Lakin regionda davam edən qeyri-sabitlik və Hörmüz boğazı yaxınlığında hava məkanı ilə bağlı dəyişən məhdudiyyətlər kommersiya aviaşirkətlərini Yaxın Şərq üzərində uçuş marşrutlarını tez-tez dəyişməyə məcbur edir.
Səyahətçilər üçün bu, reyslərin qəfil ləğv edilməsi, transferlərin qaçırılması və hava limanlarında saatlarla gözlənilməz gecikmələr riskinin artması deməkdir. Bu hallar qısa müddətli istirahət planlarını tamamilə poza bilər.
Alternativ olaraq Omanın paytaxtı Maskata səfər etmək olar. Şəhər əsas aviasiya qovşaqlarından uzaqda yerləşir və ənənəvi ərəb mədəniyyətini daha sakit və təhlükəsiz şəraitdə kəşf etmək imkanı yaradır.
5. Norveç fyordları

Norveçin yeni sərt ekoloji tələbləri bu mövsüm regionun dəniz turizmi sektoruna ciddi təsir göstərib.
YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilmiş məşhur Geiranqer fyordunda fəaliyyət göstərən bütün yerli turizm qayıqları və birgünlük ekskursiya bərələri artıq 100 faiz ekoloji təmiz olmalıdır.
Böyük beynəlxalq kruiz gəmilərinə fəaliyyət icazələrinin müddətini 2032-ci ilədək uzatmağa imkan verilsə də, kiçik yerli operatorlar tələblərə cavab verməyən gəmilərdən tamamilə imtina etməli olublar.
Batareya infrastrukturu yeni qaydalara uyğunlaşmağa çatmadığından birgünlük ekskursiyalar üçün mövcud yerlərin sayı kəskin azalıb. Bu payız müstəqil ekskursiyaya bilet tapmaq olduqca çətin olacaq. Qalan ekoloji turlar isə bir neçə ay əvvəldən yüksək qiymətlərlə satılır.
Alternativ olaraq turistlərə İtaliyadakı Komo gölünə payız səfəri tövsiyə olunur. Oktyabrda burada turistlərin sayı azalır, sahillər möhtəşəm payız yarpaqları ilə bəzənir və regionun tarixi ictimai bərə sistemi sıx payız cədvəli üzrə fəaliyyətini davam etdirir. Bu, turistlərə tarixi villalar və Alp mənzərələri arasında rahat hərəkət etməyə imkan verir.
6. Palma-de-Malyorka, İspaniya

Mayorkada kütləvi turizmə qarşı bütün yay ərzində beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olan etirazların səngiməsi müşahidə edilmir. Ekspertlər bu narazılığın payızda da davam edəcəyini bildirirlər.
Yerli fəallar qısamüddətli mənzil kirayəsinə və böyük turist qruplarına qarşı məqsədli aksiyalar keçirməyə davam edirlər. Bunun nəticəsində məşhur tarixi rayonlarda turistlərə qarşı yönəlmiş qrafitilər və daha soyuq münasibət müşahidə olunur.
Alternativ olaraq turistlərə Valensiyaya səfər etmək tövsiyə olunur. Şəhər qonaqları açıq qarşılayır, sahilboyu zəngin kulinariya səhnəsi, tarixi və futuristik memarlığı, eləcə də autentik paellası ilə seçilir.
7. Riviera-Maya, Meksika

Payızda çimərlik istirahəti üçün Meksikanın Karib dənizi sahillərinə üz tutan səyahətçiləri xoşagəlməz sürpriz gözləyə bilər.
Hazırda region rekord miqyasda sargassum yosunlarının çiçəklənməsi ilə mübarizə aparır. Çürüyən su bitkilərinin qalın təbəqəsi qumu örtür, firuzəyi rəngli suları çirkləndirir və xoşagəlməz qoxu yaradır.
"All inclusive" sistemi ilə çalışan lüks hotellərə yüksək məbləğ ödəyən turistlər nəticədə kurortun hovuzu ətrafında qalmağa məcbur olurlar.
Payızda yosunların miqdarının adətən azalmasına baxmayaraq, ekspertlər bu il bunun daha çox vaxt aparacağını bildirirlər. Buna görə də Tulum və Playa-del-Karmen kurortlarında çimərlik tətili üçün rezervasiyaları dekabra qədər təxirə salmaq və suyun təmizliyinə əmin olmaq tövsiyə edilir.
Bu qədər gözləmək istəməyənlər alternativ olaraq Kankunun hotel zonasını və ya Isla-Muxeres adalarını seçə bilərlər. Yerli okean axınları və coğrafi mövqe sayəsində burada yosunların toplanması daha az müşahidə olunur.
Digər seçim isə səhranın okeanla qovuşduğu Los-Kabosdur. Burada dünya səviyyəli lüks kurortlar, Sakit okeanın və Kortes dənizinin mənzərəli çimərlikləri turistlərin xidmətindədir.
Aydın
Şərhlər