Nağılları xatırladan toy: F1 pilotu müsəlman şahzadə ilə evləndi (FOTO)
Formula 1 traslarının tanınmış simalarından olan Kristofer Lionel Froqqatt dünyanın məşhur və varlı ailələrindən birinə kürəkən olub.
Qaynarifno xəbər verir ki, 32 yaşlı britaniyalı Formula 1 pilotu Kristofer Lionel Froqqatt malayziyalı şahzadə İlyana Aliya ilə nağılları xatırladan toy mərasimində ailə həyatı qurub.
Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən məşhur hotellərdən birində keçirilən mərasim ötən həftəsonu iki gün iki gecə davam edib. Froqqatt və 29 yaşlı İlyana Aliyanın toy mərasimi regionun nüfuzlu ailələrini bir araya gətirib. Tədbir dəbdəbəsi ilə də diqqət çəkib.
Bəy Kristofer Lionel Froqqatt bütün mərasimlər boyu Malayziya ənənələrinə uyğun geyinib.
Ölkənin keçmiş kralı Sultan Abdullah ilə aktrisa Yuliya Raysın qızı olan İlyana Aliya isə toy üçün xüsusi hazırlanmış iki fərqli gəlinlik geyinib. Görünüşünü ailə kolleksiyasına aid dəbdəbəli və qiymətli zinət əşyaları ilə tamamlayıb.
Gənc cütlüyün nikah mərasimi avqustun 7-də Pahanq əyalətinin baş müftisi, professor Dato doktor Hacı Asmadi bin Məhəmməd Naimin rəhbərliyi ilə İslam ənənələrinə uyğun keçirilən nikahla başlayıb.
Mərasim zamanı birlikdə yeni həyata başlayan cütlüyün xoşbəxtliyi üçün dualar edilib. Gənclər sevgilərinin və nikahlarının rəmzi olan üzükləri bir-birinin barmağına taxıblar.
Toy mərasimi üçün Kuala-Lumpurdakı məşhur hotellərdən biri Malayziya kral ailəsinin mədəniyyətini əks etdirən xüsusi dekorasiya ilə bəzədilib.
Şənliyin mərkəzində qızılı saplarla işlənmiş çardağın altında fil sümüyü və açıq çəhrayı rənglərdə, yüzlərlə çiçəklə bəzədilmiş platforma yerləşdirilib. Əl işi ipək yastıqlar və ənənəvi tekstil məmulatları da toy məkanının əsas elementləri olub.
Gəlin İlyana Aliyanın zərif gəlinlikləri ilə yanaşı, taxdığı zinət əşyaları da diqqət çəkib. İlyana ilk gün Kraliça Əzizənin məşhur brilyant tacını taxıb.
Bir gecə sonra keçirilən qəbul mərasimində isə ailə yadigarı olan boyunbağı ilə diqqət çəkib. İkinci qəbulda İlyana Aliya ilk mərasimdəkindən daha dəbdəbəli brilyant tac seçib.
Şərhlər