XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Səhrada kosmosdan görünən paltar dağı: 60 min ton əşya haradan gəlib?
Dünya11:59 30.07.2026

Səhrada kosmosdan görünən paltar dağı: 60 min ton əşya haradan gəlib?

Çilinin dünyanın ən quraq bölgələrindən biri hesab edilən Atakama səhrasında satılmamış geyimlərdən ibarət nəhəng tullantı sahəsi yaranıb. Təxminən 60 min ton tekstil tullantısının toplandığı ərazinin miqyası o qədər böyükdür ki, onu peyk görüntülərində də görmək mümkündür.
Qaynarinfo xəbər verir ki, "Times of India”nın məlumatına görə, problemin əsas səbəbi ikinci əl geyimlərin beynəlxalq ticarət sistemi ilə bağlıdır.
Hər il Çilinin şimalındakı İkike limanına Avropa, ABŞ, Kanada və bəzi Asiya ölkələrindən 60 min tondan çox geyim gətirilir. Bu məhsullar çeşidləndikdən sonra əsasən Latın Amerikası ölkələrində yenidən satışa çıxarılır və münasib qiymətə ikinci əl geyimlərə tələbat yüksək olaraq qalır.
Lakin bütün geyimlər alıcı tapmır. Keyfiyyətsiz, zədələnmiş, dəbdən düşmüş və ya satılmayan məhsulların utilizasiyası baha başa gəldiyi üçün bəzi satıcılar onları qanunsuz olaraq Alto Ospisio şəhərinin ətrafına apararaq atır və ya yandırırlar.

İllər ərzində bu tullantılar nəhəng geyim dağına çevrilib.
Nəşr bildirir ki, peyk görüntüləri problemin miqyasını aydın şəkildə göstərir. Atılmış geyim yığınları ətraf landşaftdan açıq şəkildə seçilir.
Tullantılar arasında qış paltoları, idman geyimləri, uşaq geyimləri, ayaqqabılar və üzərində hələ də qiymət etiketləri qalan digər məhsullar var. Onların əksəriyyəti istehlakçılar tərəfindən heç vaxt istifadə edilmədən ikinci əl bazarına çıxarılıb.
Məqalədə vurğulanır ki, hətta xeyriyyə məqsədilə bağışlanan geyimlər də mütləq yenidən istifadə olunmur. Onlar mürəkkəb beynəlxalq çeşidləmə prosesindən keçir və alıcı tapmayan məhsullar sonda kommersiya tullantısına çevrilir.
Jurnalistlər qeyd edirlər ki, "sürətli moda” sənayesinin sürətlə böyüməsi vəziyyəti daha da ağırlaşdırır. Qısa istifadə müddətinə malik ucuz geyimlərin istehsalı artdıqca tekstil tullantılarının həcmi də artır.
Ən böyük təhlükə sintetik parçalardır. Pambıq və yun kimi təbii liflərdən fərqli olaraq, poliester və neft mənşəli digər sintetik materiallar təbii şəkildə parçalanmır və onilliklər boyu ətraf mühitdə qalır. Bu materiallar yandırıldıqda isə havanı çirkləndirən və insan sağlamlığı üçün təhlükə yaradan zərərli maddələr ayrılır.
Çili hakimiyyəti problemin həlli yollarını araşdırır. Bəzi şirkətlər tekstil tullantılarının istilik izolyasiya materiallarına, tikinti panellərinə və digər məhsullara çevrilməsi ilə bağlı layihələr həyata keçirirlər.

Bundan əlavə, ölkədə istehsalçıların tekstil tullantılarının toplanması və təkrar emalına görə məsuliyyət daşımasını nəzərdə tutan mexanizmlər mərhələli şəkildə tətbiq olunur.
Məqalədə qeyd edilir ki, Atakama səhrasında yaranmış geyim dağı təkcə bir şirkətin və ya bir ölkənin fəaliyyəti nəticəsində meydana çıxmayıb.
Bu problem istehsaldan başlayaraq pərakəndə satış, istehlak, beynəlxalq ikinci əl bazarı və nəticədə milyonlarla istifadə olunmayan geyimin taleyini əhatə edən qlobal sistemin nəticəsi kimi qiymətləndirilir.
Aydın