XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Uzaqdan işləmək tək yaşayanların psixikasına mənfi təsir göstərir - Alimlər
Dünya12:30 07.06.2026

Uzaqdan işləmək tək yaşayanların psixikasına mənfi təsir göstərir - Alimlər

Koronavirus pandemiyası zamanı geniş yayılmış evdən işləmə modeli, Ukraynada isə genişmiqyaslı müharibə fonunda daha da aktuallaşıb. Lakin "Science” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, bu iş forması işçilərin psixi sağlamlığına mənfi təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, tədqiqat müəllifləri uzaqdan işləməyə uyğun peşələrdə (məsələn, proqramlaşdırma, marketinq) çalışanlarla fiziki mövcudluq tələb edən sahələrdə işləyənləri (məsələn, tibb bacıları, mexaniklər) müqayisə ediblər.
Nəticələrə görə, uzaqdan iş 2019-cu ildə 7 faiz olan göstəricidən 2023-cü ildə 28 faizə yüksəlib. Bununla paralel olaraq "uzaqdan işləyən” peşələrdə çalışan insanlar daha çox vaxtı tək keçirməyə başlayıblar.
Ən güclü təcrid artımı tək yaşayan insanlar arasında qeydə alınıb. Onların bütün günü sosial kontaktsız keçirmə ehtimalı 7 faiz bəndi artaraq 83 faizə çatıb. Bu qrup işdən sonra belə sosiallaşmanı kompensasiya edə bilməyib.
Eyni zamanda psixi sağlamlıq göstəricilərində də pisləşmə müşahidə olunub. Kessler şkalası üzrə psixoloji gərginlik 0,1 standart sapma artıb. Tək yaşayanlarda bu artım təxminən iki dəfə yüksək olub. Depressiya halları, psixoloji yardıma müraciətlər və antidepressant təyinatlarında da oxşar tendensiyalar qeydə alınıb.
"Bizim nəticələr göstərir ki, uzaqdan iş təcridi artırır və psixi sağlamlığı pisləşdirir, xüsusilə tək yaşayanlarda”, deyə tədqiqat müəllifləri bildiriblər.
Alimlər vurğulayırlar ki, ümumilikdə cəmiyyətdə psixoloji gərginlik son illərdə artıb və bunun təxminən üçdə biri uzaqdan işlə bağlı ola bilər.
Araşdırma həmçinin göstərir ki, əvvəllər uzaqdan işləyən, lakin hazırda işləməyən şəxslərdə bu cür pisləşmə müşahidə olunmur. Bu isə effektin məhz iş şəraiti ilə bağlı olduğunu təsdiqləyir.
Müəlliflər qeyd edirlər ki, bir çox insan evdən işləməni rahatlıq kimi görsə də, onun uzunmüddətli psixoloji təsirlərini kifayət qədər qiymətləndirməyə bilər.
Aydın