Noyabrda Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək Uels millisi mundialda fərqli adla yer ala bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə İngiltərənin "Daily Mail” qəzetində məlumat yer alıb. Belə ki, Uels Futbol Assosiasiyasının dünya çempionatından sonra turnirlərdə ölkə adının ingiliscə ("Wales") deyil, öz dillərində yer alması üçün çalışdıqları bildirilib.
Dəyişikliyin həyata keçirilməsi təsdiqlənərsə, Uels 2022-ci il dünya çempionatından sonra bütün matçlarda "Cymru” adı altında meydana çıxacaq. Artıq rəsmi yazışmalarda "Uels" ("Wales") əvəzinə "Cymru" adından istifadə edildiyi bildirilib.
Uels Futbol Assosiasiyasının rəhbəri Noel Muni açıqlamasında "Komanda "Cymru" adlandırılmalıdır. Biz bu sözü millimiz üçün istifadə edirik. Bu, bizim saytımızda da var və danışarkən ondan istifadə edirik. Bu mənada görməli çox işimiz var. Bunu istəyirik, amma 2023-cü il daha yaxşı bir seçim ola bilər. Bu məsələni müzakirə edəcəyik. Dəyişiklik qərarını tələsik şəkildə vermək istəmirik".
DÇ-2022-də B qrupunda yer alan Uels növbəti mərhələyə vəsiqə qazanmaq üçün İran, İngiltərə və ABŞ-la mübarizə aparacaq.
Səbuhi Həsənov
Şərhlər