XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dənizlər maksimum həddə qədər isindi - Avropa üçün təhlükə
Dünya18:28 10.08.2026

Dənizlər maksimum həddə qədər isindi - Avropa üçün təhlükə

2026-cı ilin iyulunda Yer kürəsinin demək olar ki, bütün dənizlərində temperatur müşahidələr tarixində digər iyul ayları ilə müqayisədə ən yüksək həddə çatıb. Avropanın “Kopernik” xidmətinin məlumatına görə, soyuq qütb bölgələri istisna olmaqla, dəniz səthinin orta temperaturu rekord həddə yüksəlib və 2023-cü ildə qeydə alınmış əvvəlki maksimumu ötüb.

Qayanrinfo “The Guardian”a istinadən xəbər verir ki, xüsusilə yüksək temperatur Avropa sahilləri yaxınlığında Atlantik okeanında və Aralıq dənizinin qərb hissəsində qeydə alınıb. Bölgədə ekstremal istilər fonunda güclü dəniz istilik dalğaları davam edib.

İsti hava quruda da özünü göstərib. 2026-cı ilin iyun və iyul ayları müşahidələr tarixində Qərbi Avropada ən isti ikiaylıq dövr olub. Bu iki ay ərzində orta temperatur iqlim normasından 2,79 dərəcə yüksək olub. Mərkəzi Avropanın bir sıra ölkələrində milli temperatur rekordları yenilənib.

Ekspertlər qeyd edirlər ki, isti hava güclü quraqlıqla müşayiət olunur. Uzunmüddətli yağıntı çatışmazlığı səbəbindən torpaqlar quruyur, çayların və su hövzələrinin səviyyəsi azalır, bitki örtüyü isə yanğınlara qarşı daha həssas olur. Fransa, İspaniya, eləcə də Almaniya və Böyük Britaniyanın bəzi bölgələrində çayların aşağı səviyyəsi artıq su təchizatı, kənd təsərrüfatı və energetika sahələrində problemlər yaradıb.

Soyutma üçün su çatışmazlığı Polşada iki kömür elektrik stansiyasının, həmçinin Macarıstanın yeganə atom elektrik stansiyasının fəaliyyətinin dayandırılmasına səbəb olub.

Ekstremal istilər və quraqlıq iqtisadiyyata ciddi ziyan vurur. İlkin hesablamalara görə, iyun ayında baş verən istilər Avropanın taxıl istehsalçılarına təxminən 2 milyard avro həcmində məhsul itkisinə başa gələ bilər. Uzunmüddətli quraqlığın nəticələri illərlə davam edə və iqtisadiyyatın bir neçə sahəsinə eyni vaxtda təsir göstərə bilər.

Meşə yanğınları da ciddi problemə çevrilib. 2026-cı ilin əvvəlindən etibarən Avropa İttifaqında təxminən 500 min hektar ərazi yanıb. Alimlər xəbərdarlıq edirlər ki, iqlim dəyişikliyi genişmiqyaslı və nəzarət altına alınması çətin olan yanğınların baş verməsi üçün getdikcə daha əlverişli şərait yaradır. Mövcud tendensiyalar davam edərsə, ekstremal hava hadisələri daha dağıdıcı ola bilər.

Aydın