Pentaqon rəhbəri Pit Heqset Konqresdəki respublikaçıları 1,5 trilyon dollarlıq rekord müdafiə büdcəsini təsdiqləməyə inandıra bilməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Büdcə layihəsi yeni döyüş gəmisi – linkorun və “Qızıl günbəz” raketdən müdafiə sisteminin maliyyələşdirilməsini nəzərdə tutur. Nəşrin məlumatına görə, getdikcə fəallaşan bir qrup respublikaçı qanunverici hesab edir ki, ABŞ administrasiyası “Trampın baxışını” həyata keçirmək üçün niyə bu qədər böyük siyasi kapital sərf edilməli olduğunu izah etməyib.
"Politico" yazır ki, son həftələrdə Heqset mütəmadi olaraq Konqresə gedib və qanunvericilərlə görüşüb. Lakin senatorlar ötən həftə yay tətilinə çıxarkən müdafiə büdcəsi layihəsini təsdiqləməyiblər.
Nəşrin izahına görə, Pentaqon respublikaçıların demokratların dəstəyi olmadan qanun layihəsini səs çoxluğu ilə qəbul edəcəyini gözləyirdi. Lakin bu yanaşma Respublikaçılar Partiyasının daxilində də narazılıq yaradıb.
Alyaskadan olan senator Liza Morkovski deyib: “Müdafiə üçün ayrılan bu əlavə vəsaitlərin əhəmiyyətli hissəsi yalnız üçüncü deyil, bəlkə də dördüncü büdcə tənzimlənməsi qanun layihəsinə əsaslanır. Bəs bu baş verməsə, nə olacaq?”
İyul ayında ABŞ Nümayəndələr Palatası 1,15 trilyon dollarlıq müdafiə siyasəti haqqında qanun layihəsini qəbul edib. Sənəd 216 lehinə, 212 əleyhinə səslə təsdiqlənib.
Bununla yanaşı, aşağı palata 95 milyard dollarlıq büdcə qətnaməsini də irəli sürüb. Sənəddə Pentaqon və xüsusi xidmət orqanları üçün İrana qarşı müharibə ilə bağlı xərclərin qarşılanmasına əlavə 73 milyard dollar ayrılması nəzərdə tutulur.
Pentaqon rəhbəri Pit Heqset bildirib ki, sentyabrın sonuna qədər İrandakı müharibə ilə bağlı xərclər 37,5 milyard dollara çatacaq. Bəzi senatorlar isə administrasiyanı müharibənin real miqyasda maliyyə yükünə Konqresi hazırlamamaqda ittiham edirlər.
Aydın
Şərhlər