Euromoney nəşri Bank Respublikanı Azərbaycanın ən yaxşı kiçik və orta sahibkarlıq bankı elan etdi
Bank Respublika Euromoney tərəfindən "Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görülüb
Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney” tərəfindən "Azərbaycanın ən yaxşı
kiçik və orta sahibkarlıq bankı” adına layiq görülüb.
Qaliblərin adları Londonda keçirilən təntənəli Euromoney Awards for
Excellence 2026 mükafatlandırma mərasimində elan edilib. Artıq 30 ildən çoxdur
təqdim olunan bu mükafat bankçılıq sahəsində ən nüfuzlu beynəlxalq
mükafatlardan biri hesab olunur və hər il yüksək nəticələr nümayiş etdirən,
innovativ yanaşması və yüksək müştəri xidməti ilə seçilən dayanıqlı maliyyə
institutlarını qiymətləndirir.
Bu nüfuzlu mükafatın Bank Respublikaya təqdim olunması Bankın mikro,
kiçik və orta sahibkarlığın dəstəklənməsi, biznesin maliyyə resurslarına çıxış
imkanlarının genişləndirilməsi, müasir bank həllərinin tətbiqi və ölkənin real
sektorunun davamlı inkişafına verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin
göstəricisidir.
"Euromoney” ekspertləri Bankın fəaliyyətini qiymətləndirərkən kiçik və
orta biznes seqmentində əldə etdiyi dayanıqlı nəticələri, sahibkarlar üçün məhsul
və xidmət portfelinin davamlı genişləndirilməsini, rəqəmsal bankçılıq həllərinin
inkişafını, biznes proseslərinin təkmilləşdirilməsini, eləcə də Bankın Azərbaycan
iqtisadiyyatının real sektorunun inkişafına verdiyi əhəmiyyətli töhfəni xüsusi
qeyd ediblər.
"Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir
Rəhimov bununla bağlı bildirib: "Nüfuzlu "Euromoney” nəşri tərəfindən mükafata
layiq görülməyimiz sahibkarlığın dəstəklənməsi və müasir bank həllərinin
inkişafı istiqamətində həyata keçirdiyimiz ardıcıl fəaliyyətə verilən yüksək
qiymətdir. Bu mükafat bizim üçün təkcə əldə etdiyimiz nəticələrin beynəlxalq
səviyyədə tanınması deyil, həm də inkişaf strategiyamızın dünyanın ən
nüfuzlu beynəlxalq maliyyə nəşrlərindən biri tərəfindən yüksək qiymətləndirilməsidir.Bizə göstərilən etimada görə müştərilərimizə və
tərəfdaşlarımıza, həmçinin peşəkarlığı, fədakarlığı və gündəlik əməyi ilə bu
uğura töhfə verən Bank Respublika rəhbərliyinə və əməkdaşlarına səmimi
təşəkkürümüzü bildiririk. Məhz birgə səylərimiz sayəsində bu nüfuzlu beynəlxalq
mükafata layiq görülmüşük.”
Qeyd edək ki, Euromoney beynəlxalq maliyyə nəşri 1969-cu ildən fəaliyyət
göstərir və dünya bankçılıq və maliyyə sektorunun ən nüfuzlu informasiya mənbələrindən
biri hesab olunur. Awards for Excellence mükafatı isə hər il 100-dən çox ölkədə
fəaliyyət göstərən bank və maliyyə institutlarının maliyyə nəticələri,
innovasiyalar, rəqəmsal transformasiya, müştəri xidmətlərinin keyfiyyəti,
biznes modelinin səmərəliliyi və strateji inkişafı kimi meyarlar əsasında həyata
keçirilən hərtərəfli qiymətləndirmənin nəticələrinə uyğun olaraq təqdim edilir.
Bu mükafat dünya bankçılıq sənayesində ən nüfuzlu beynəlxalq tanınma göstəricilərindən
biri hesab olunur.
Şərhlər