XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Hiqqz bozonu: 1964-cü il nəzəriyyəsi 48 il sonra kainat haqqında anlayışımızı necə dəyişdirdi?
Dünya12:15 29.05.2026

Hiqqz bozonu: 1964-cü il nəzəriyyəsi 48 il sonra kainat haqqında anlayışımızı necə dəyişdirdi?

1964-cü ildə britaniyalı fizik Piter Hiqqz inqilabi bir fikir irəli sürüb: Kainat elementar hissəciklərlə qarşılıqlı təsirə girərək onlara kütlə verən görünməz sahə ilə doludur. Bu sahə olmasaydı, bütün hissəciklər kütləsiz olardı və nəticədə ulduzlar, planetlər, eləcə də maddə bizim bildiyimiz formada mövcud olmazdı.
Qaynarino xəbər verir ki, bu barədə "Space Daily” yazıb.
Həmin dövrdə nəzəriyyəni yoxlamaq mümkün deyildi, çünki bunun üçün o zamankı eksperimentlərdə əlçatmaz olan son dərəcə yüksək enerji tələb olunurdu. Buna görə də ideya onilliklər boyu yalnız hipotez olaraq qalıb.
Sonradan bu konsepsiya fizikanın "Standart modeli”nin bir hissəsinə çevrilib. Bu nəzəri sistem cazibə qüvvəsi istisna olmaqla, məlum olan bütün elementar hissəcikləri və qüvvələri təsvir edir. Lakin bir vacib sual açıq qalırdı — bu sahə ilə əlaqəli hissəciyin özü həqiqətən mövcuddurmu?
Bu suala cavab tapmaq üçün Avropa Nüvə Tədqiqatları Təşkilatı "CERN” dünyanın ən böyük və ən güclü hissəcik sürətləndiricisi olan Böyük Adron Kollayderini qurub. Burada hissəciklər işıq sürətinə yaxın həddə qədər sürətləndirilir və bir-biri ilə toqquşdurulur ki, bu toqquşmalar zamanı yeni hissəciklər yaransın.
2012-ci ildə iki müstəqil detektor — "ATLAS” və "CMS” — təxminən 125 giqaelektronvolt kütləyə malik yeni hissəciyin siqnalını qeydə alıb. Onun xüsusiyyətləri Higgs nəzəriyyəsinin proqnozlarına uyğun gəlib. Bu da Hiqqz bozonunun mövcudluğunu təsdiqləyib.
Bu kəşf tarixi hadisə hesab olunur. O, "Standart model”in doğruluğunu təsdiqləyib və hissəciklərin necə kütlə əldə etdiyini izah edən mexanizmi ortaya qoyub. 2013-cü ildə Piter Hiqqz və Fransua Engler fizika üzrə Nobel mükafatına layiq görülüblər.
Lakin bu kəşf belə fizika üçün "son cavab” sayılmır. "Standart model” qaranlıq maddəni, qaranlıq enerjini və cazibə qüvvəsini izah etmir. Buna görə də alimlər məlum nəzəriyyələrin hüdudlarından kənarda yeni təbiət qanunlarını axtarmağa davam edirlər.
Aydın