XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"STONE FİST" MMC 4 min dolar cərimələndi
Ekonomiks14:42 12.08.2026

"STONE FİST" MMC 4 min dolar cərimələndi

Bakıda “STONE FİST” MMC-nin xaricə göndərdiyi 20 min ABŞ dollarından çox vəsaitlə bağlı inzibati işə baxılıb.

Tiraj.az xəbər verir ki, “STONE FİST” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmə materiallarına əsasən, şirkət 2024-cü ildə bank vasitəsilə xaricə 20 062,90 ABŞ dolları məbləğində avans ödənişi edib. Lakin ödənişin həyata keçirildiyi gündən iki il ərzində həmin vəsait hesabına alınmalı olan mallar Azərbaycana idxal edilməyib və pul vəsaiti də geri qaytarılmayıb.

İş materiallarından məlum olur ki, “STONE FİST” MMC Hindistanda yerləşən şirkətlə cilalanmış qranit məhsullarının alınmasına dair müqavilə bağlayıb. Ümumi dəyəri 20 062,90 dollar olan məhsulların Poti limanı vasitəsilə Bakı şəhərinə çatdırılması razılaşdırılıb.

Banka təqdim olunan məlumatlara görə, “STONE FİST” MMC tərəfindən xaricə qabaqcadan ödəniş aparılıb, lakin müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi banka təqdim edilməyib və əvvəlcədən ödənilmiş vəsait də geri qaytarılmayıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, 20 062,90 dollar məbləğində ödənişin müqabilində alınmalı olan malların Azərbaycana gətirilməsini təsdiq edən sənədlər iki il ərzində banka təqdim edilməyib.

Məhkəmə iclasının vaxtı və yeri barədə şirkətə məlumat verilsə də, “STONE FİST” MMC-nin səlahiyyətli nümayəndələri iclasa gəlməyib. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edib.

Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilib.

Məhkəmənin qərarı ilə “STONE FİST” MMC-yə 20 062,90 ABŞ dolları məbləğinin 20 faizi, yəni 4 012,58 ABŞ dolları məbləğində inzibati cərimə tətbiq edilib. Cərimənin manat ekvivalentinin dolların ödəniş gününə qüvvədə olan məzənnəsi ilə hesablanması qərara alınıb.

Qeyd edək ki STONE FİST MMC ölkədə mərmər və qranit satışı ilə məşğuldur. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məh­səti küçəsi, ev 130C, mənzil 41-dir. Nizamnamə kapitalı 10 manat olan şirkətin anuni təmsilçisi Ziya Zülfiqarovdur.