Azərbaycanda rəsmi qeydiyyata alınmış işsizlərin sayı ilin əvvəlindən 3,6 faiz artıb. Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”nda yer alan məlumatlara əsasən, iyulun 1-nə ölkədə rəsmi qeydiyyata alınmış işsizlərin sayı 248,5 min nəfər təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 3,6 faiz çoxdur.

İqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, söhbət yalnız rəsmi qaydada işsiz kimi qeydiyyata alınan şəxslərdən gedir:
“Bizdə işsizlərin sayı avtomatik olaraq hesablanmır. Vətəndaş işsiz olduğunu məşğulluq orqanına bildirməlidir. İnsanlar isə çox vaxt bunu etmirlər. Ona görə də söhbət yalnız məşğulluq orqanlarında rəsmi qeydiyyata alınan işsizlərin sayından gedir”.
İqtisadçı Əkrəm Həsənov isə rəsmi işsizlər siyahısınadüşməklə bağlı bir sıra bürokratik məhdudiyyətlərin olduğunu qeyd edib:

“Burada Dövlət Məşğulluq Agentliyində rəsmi qeydiyyata alınan şəxslərdən söhbət gedir. Məsələn, şəxs işini itirdikdən sonra müəyyən müddət ərzində müraciət etməlidir və müvafiq sənədləri təqdim etməlidir. O, fərdi sahibkar, tələbə və ya pensiyaçı olmamalıdır. Bundan əlavə, ixtisasına və yaşayış yerinə uyğun təklif olunan işdən iki dəfə əsassız imtina edərsə, siyahıdan çıxarılır. Buna görə də bu rəqəm cəmiyyətdə başa düşülən mənada bütün işsizlərin sayını əks etdirmir. Ölkədə xeyli sayda işsiz insan var ki, onlar bu statistikada nəzərə alınmır”.
Bahar Rüstəmli
Şərhlər