Xərçəng növləri arasında müalicəsi ən çətin olanlardan biri hesab edilən mədəaltı vəzi xərçənginə qarşı hazırlanan həbin klinik tədqiqat nəticələri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, tibb dünyasında böyük həyəcan yaradan dərman şişlərin böyüməsini dayandıraraq xəstələrin sağ qalma müddətini iki dəfə artırıb. Budur diqqətçəkən detalları...
Tibb dünyasının 40 ildən artıqdır üzərində çalışdığı və ən inadkar, ən ölümcül xərçəng növlərindən biri sayılan mədəaltı vəzi xərçənginə qarşı nəhayət tarixi bir nailiyyət əldə edilib. Hazırlanan yeni dərman standart kimyaterapiya ilə müqayisədə xəstələrin ömrünü uzadıb və şişləri nəzarət altında saxlamağı bacarıb.
Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) Çikaqoda keçirilən böyük toplantısında təqdim edilən və eyni zamanda tibb dünyasının ən nüfuzlu jurnallarından biri olan "New England Journal of Medicine"də dərc edilən klinik nəticələr onkologiya icmasında son illərin ən çox gözlənilən xəbəri olub. Bu günə qədər xəstələrinə çox az ümid verə bilən onkoloqlar nəticələri "misilsiz”, "təsiredici” və "göz qamaşdırıcı” kimi qiymətləndirirlər.
Mass General Brigham Xərçəng İnstitutunun Mədəaltı vəzi Onkologiyası Proqram direktoru doktor Harş Sinq bu inkişafı belə şərh edib: "Bu tədqiqat bütün yanaşmanı dəyişdi. Həqiqətən fövqəladə və tarixi bir addımdır. Bu, bəlkə də mədəaltı vəzi xərçəngi tarixində indiyə qədər görülən ən böyük irəliləyişdir".
Xərçəng hüceyrələrinin "idarəetmə mərkəzi” hədəf alındı
Dərmanı hazırlayan biotexnologiya şirkətinin alimləri əldə edilən müsbət nəticəni daha davamlı etmək və xəstələrə daha çox vaxt qazandırmaq üzərində işləyirlər.
Bu uğur, tibb dünyasında uzun müddətdir "hədəf alına bilməz” hesab edilən KRAS geninin məğlub edilə biləcəyini göstərib. KRAS geni mədəaltı vəzi xərçəngi hallarının demək olar ki, hamısında, eləcə də bəzi ağciyər və kolon xərçənglərində əsas hərəkətverici faktor kimi tanınır.
Yaşam müddətini iki dəfə artırdı
Klinik sınaqlara əvvəlcədən ən az bir dəfə mədəaltı vəzi xərçəngi müalicəsi almış, lakin xəstəliyi irəliləməyə davam edən 500 nəfər qatılıb. Xəstələrin bir qismi daraxonrasib adlı eksperimental həb, digərləri isə standart kimyaterapiya alıb. Həbi qəbul edənlərdə orta sağ qalma müddəti 13,2 ay olduğu halda, kimyaterapiya qrupunda bu göstərici 6,6 ay olub. Beləliklə, dərman sağ qalma müddətini iki dəfə artırıb.
Xəstəliyin irəliləməsiz sağ qalma müddəti (şişin böyümədən və yayılmadan sabit qaldığı dövr) də ciddi fərq göstərib. Yeni həb bu müddəti orta hesabla 7,2 aya qədər uzadıb, kimyaterapiyada isə bu göstərici 3,6 ay olub.
Təsdiq prosesi sürətləndirildi, qlobal satışa hazırlıq
Dərman şirkətinin baş icraçı direktoru Mark Qoldsmit alimlərin məlumatları tənzimləyici qurumlara sürətlə təqdim etdiyini və təsdiq alındıqdan sonra dərmanı ABŞ və qlobal bazara çıxarmağa hazır olduqlarını bildirib. ABŞ Qida və Dərman İdarəsi ("FDA") isə rəsmi yoxlama davam edərkən xəstələr üçün erkən giriş imkanlarını genişləndirib.
Bu uğurun arxasında onilliklər davam edən elmi əmək var. Federal fondlar, ianələr və özəl sektor maliyyələşməsi ilə aparılan tədqiqatların kökləri çox əvvələ gedib çıxır.
Milli Xərçəng İnstitutunda işləyərkən təxminən 50 il əvvəl KRAS geninin xərçəngə səbəb olduğunu kəşf edən 86 yaşlı alim Edvard Sklonnik bildirib: "Bu gün xəstələrdə görülən mutasiya bizim yarım əsr əvvəl aşkar etdiyimiz genlə eynidir". Bu isə fundamental elmin əhəmiyyətini bir daha göstərir.
Kimyaterapiyaya nisbətən daha az yorucu
Nyu-Cersidə yaşayan və klinik sınağın iştirakçısı olan 83 yaşlı Helen Rubin təcrübəsini bölüşən xəstələrdəndir. 2022-ci ildə ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuşdu. O, cərrahiyyə və kimyaterapiya mərhələlərindən keçmişdi, lakin son müayinələrdə ağciyərindəki düyünlərin böyüdüyü aşkarlanmışdı.
Fevral ayında gündə üç həb şəklində müalicəyə başlayan Rubin əvvəlcə ciddi qusma yan təsirləri yaşayıb və xəstəxanaya yerləşdirilib. Daha sonra dozanın iki həbdə saxlanılması ilə vəziyyət stabilləşib.
Hazırda ağız yaraları və barmaq uclarında çatlar olduğunu desə də, kimyaterapiya dövrü ilə müqayisədə özünü daha enerjili hiss etdiyini bildirib. O qeyd edib: "Bədənim reaksiya verir, amma heç olmasa məni yatağa bağlamayan bir müalicə alıram".
Xərçəng tarixində yeni dövrün başlanğıcı
Mütəxəssislər bu dərmanı qaranlıq mənzərədə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirirlər. Dərman hazırda yeni diaqnoz qoyulmuş xəstələrdə də ilk müalicə seçimi kimi sınaqdan keçirilir və erkən mərhələdə daha güclü nəticələr verə biləcəyi ümid edilir. Hazırda əsas məqsəd yan təsirləri — xüsusilə dəri səpgiləri və mədə-bağırsaq problemlərini daha yaxşı idarə etməkdir.
Həkimlər bunun tam sağaldıcı bir "möcüzə” olmadığını, xərçəngin zamanla bu müalicəyə qarşı müqavimət inkişaf etdirə biləcəyini bildirirlər. Lakin daraxonrasib gələcəkdə daha güclü kombinasiya müalicələri üçün mühüm baza yaradır.
Mədəaltı vəzi xərçəngi tədqiqatçısı doktor Anirban Maytra vəziyyəti belə qiymətləndirib: "Artıq əlimizdə xəstələr üçün daha güclü kombinasiyalar qurmağa imkan verən bir əsas var. Elm bu dərmandan çıxış edərək daha təsirli müalicələri çox sürətlə inkişaf etdirməyə başlayıb.”
Aydın
Şərhlər