Ukraynalı tennisçi Marta Kostyuk ABŞ-ın Ostin şəhərində Qadın Tennis Assosiasiyasının (WTA) təşkil etdiyi "ATX Open" turnirində rusiyalı rəqibini mübarizədən kənarlaşdıraraq ilk dəfə çempion olub.
Qaynarinfo xəbər verir ki, qələbəsini Ukrayna uğrunda döyüşən və həyatını itirənlərə həsr edən Kotsyuk onu təbrik etmək istəyən rusiyalı rəqibi Varvara Qraçevanın əlini sıxmayıb. O, kortun mərkəzinə yaxınlaşmadan qələbəsini sevinc göz yaşları ilə qeyd edib.
İdmançı açıqlamasında "Mən bu titulu Ukraynaya, hazırda döyüşən və ölən bütün insanlara həsr etmək istəyirəm. Açığı, bu, çox xüsusi bir məqamdır. Mən burada özümü ev turnirində hiss edirəm. Çox insan bura gəlib, məni dəstəkləyib” deyib.
20 yaşlı ukraynalı tennisçi 22 yaşlı Qraçevaya 6:3, 7:5 hesabı ilə qalib gəlib.
Rusiyanın Ukraynaya təcavüzündən danışan Kotsyuk daha əvvəl ABŞ açıq tennis turnirində belaruslu rəqibi Viktoriya Azarenkanın da əlini sıxmaqdan imtina etmişdi. Belarus Ukraynaya qarşı müharibədə Rusiyanın əsas müttəfiqi kimi çıxış edir.
Səbuhi Həsənov
Şərhlər