"Elçibəyin
hakimiyyətə gəlməsində özünü cəbhəçi adlandıranların heç birinin mənim qədər
rolu olmayıb. Mən istədim, Elçibəy də prezident oldu”.
Unikal.org
xəbər verib ki, bu fikirləri sabiq baş nazir Surət Hüseynov "Xalq tarixini bilməlidir”
verilişində səsləndirib. O bildirib ki, sonradan onun bu zəhməti qiymətləndirilmədi,
əksinə, ona qarşı hücumlarla əvəz olundu: "Kimə hörmət edirsən, ayağı yer tutan
kimi üstünə gəldi. Bu insanlarda belə bir xislət var idi. Amma mən seçki ərəfəsində
mövqeyimi ortaya qoydum və ”Prezident Elçibəy olacaq" dedim. Hamı da
bilirdi ki, mən Elçibəyi dəstəkləyəcəyim təqdirdə o, prezident olacaqdı. Sonra
Etibar Məmmədov yanıma gəldi. Mən ona dedim ki, hərəkatda Elçibəy ağsaqqalınız
olub, qoy, o namizəd olsun, müharibəni bitirək, sonra siyasi mübarizə
apararsız. Yəni mən Etibar Məmmədova "yox” dedim, Elçibəyin prezident seçilməsinə
nail oldum. Mən bütün rayonlardakı nümayəndələrimizə tapşırmışdım ki, Elçibəyi
müdafiə etsinlər, ona səs versinlər. Bu mənim ona qardaş dəstəyim idi. Amma
sonradan mənim üstümə gəldilər. Hansı xislətə malik olduqlarını ortaya
qoydular".
Bəs
doğrudanmı Əbülfəz Elçibəyin prezident seçilməsində Surət Hüseynov əsas rol
oynayıb?
Əbülfəz
Elçibəyin yaxın silahdaşlarından, seçki kampaniyasının aparılmasında əsas
iştirakçılardan biri olmuş sabiq baş nazir Pənah Hüseyn "Yeni Müsavat”ın
sualına belə cavab verdi:
"Əbülfəz Elçibəy Azərbaycan xalqının səsi ilə
prezident seçilib. Əbülfəz Elçibəyin prezidentliyə namizədliyi Azərbaycan Xalq
Cəbhəsi tərəfindən irəli sürülüb. AXC o dövrdə Azərbaycanda ən böyük, təşkilati
gücünə, üzvlərinin sayına, kütlələr üzərində təsirinə görə digər siyasi qüvvələrlə
müqayisə olunmayacaq dərəcədə güclü təşkilat idi. Mövcud qanunlara uyğun olaraq
6 min təşkilat Əbülfəz Elçibəyin prezidentliyə namizədliyini dəstəkləyirdi. Digər
namizədlərdən 6 dəfə çox imza toplanmışdı Elçibəyin prezidentliyə namizədliyinin
dəstəklənməsi üçün. Həm AXC-nin namizədi olması baxımından, həm şəxsi siyasi
nüfuzlu lider olması sarıdan Əbülfəz Elçibəyin seçilməsi o dövrdə labüd idi.
Konkret olaraq Surət Hüseynovun Əbülfəz Elçibəyin prezidentliyə namizədliyinə,
prezident seçilməsinə dəstək verib-verməməsi barədə heç bir məlumatım yoxdur. O
dövrdə AXC-nin apardığı seçki kampaniyasında belə bir halın olması haqqında
ümumiyyətlə məlumat olmayıb. İstər Surət Hüseynov olsun, istər Pənah Hüseyn
olsun, istər başqa bir şəxs olsun ki, guya o, əsas rol oynayıb Əbülfəz Elçibəyin
prezident seçilməsində, bu, qeyri-ciddi iddiadır və bu cür iddialar kifayət qədər
qeyri-ciddi səslənir. Əbülfəz Elçibəy Azərbaycan xalqının mütləq əksəriyyəti tərəfindən
prezident seçilmişdi. Təşkilati baza olaraq da onun arxasında Azərbaycan Xalq Cəbhəsi
durub”.
Şərhlər