Çinin Mərkəzi Cənub Universitetinin alimləri müəyyən ediblər ki, az və orta miqdarda alkoqol qəbulunda müxtəlif içki növləri ölüm riski ilə fərqli şəkildə əlaqəlidir. Pivə, sidr və yüksək dərəcəli spirtli içkilər daha yüksək ölüm riski ilə, şərab isə daha aşağı risklə əlaqələndirilib.
Qaynarinfo xəbər verir ki, nəticələr Amerika Kardiologiya Kollecinin (ACC.26) illik elmi sessiyasında təqdim olunub.
Mütəxəssislər Böyük Britaniya Biobankının təxminən 341 min yetkin iştirakçısına dair məlumatları təhlil ediblər. Onların sağlamlıq vəziyyəti orta hesabla 13 ildən çox müddət ərzində izlənilib.
İştirakçılar gündəlik və həftəlik qəbul etdikləri saf alkoqolun miqdarına görə qruplara bölünüblər. Həftədə 20 qramdan az alkoqol qəbulu nadir və ya ümumiyyətlə istifadə etməmə, kişilərdə gündə 40 qramdan, qadınlarda isə 20 qramdan çox qəbul isə yüksək istehlak hesab edilib.
Nadir hallarda və ya ümumiyyətlə spirtli içki qəbul etməyənlərlə müqayisədə yüksək miqdarda alkoqol qəbul edən iştirakçıların hər hansı səbəbdən ölüm ehtimalı 24%, xərçəngdən ölüm riski 36%, ürək xəstəliklərindən ölüm riski isə 14% daha yüksək olub. Bu nəticələr içkinin növündən asılı olmayıb.
Lakin az və orta miqdarda qəbul zamanı mənzərə dəyişib. Orta miqdarda şərab qəbul edənlərin ürək-damar xəstəliklərindən ölüm riski spirtli içki qəbul etməyənlərlə müqayisədə 21% aşağı olub. Bunun əksinə, hətta az miqdarda yüksək dərəcəli spirtli içki, pivə və ya sidr qəbulu ölüm riskinin 9% artması ilə əlaqələndirilib.
Tədqiqatın aparıcı müəllifi, professor Çjanlin Çen bildirib ki, qırmızı şərabın tərkibində ürək-damar sistemi üçün faydalı ola biləcək polifenollar və antioksidantlar var. Onun sözlərinə görə, şərab daha çox yemək zamanı qəbul edilir və ona üstünlük verən insanların qidalanma və ümumi həyat tərzi də daha sağlam ola bilər. Pivə və yüksək dərəcəli spirtli içkilər isə daha çox yeməkdən kənar vaxtlarda istehlak edilir.
Bununla belə, professor tədqiqatın müşahidə xarakterli olduğunu və birbaşa səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayıb. Əldə olunan nəticələr sağlamlıq naminə spirtli içki qəbul etməyə başlamaq üçün tövsiyə kimi qəbul edilməməlidir.
Aydın
Şərhlər