"İlkin Süleymanovun barəsində bəraət hökmü çıxarılmalıdır. Amma necə hökm
çıxarılacağı məhkəmənin işidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında 10 yaşlı Nərminin öldürülərək
yandırılmasında ittiham olunan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev deyib.
Onun sözlərinə görə, bu dəhşətli cinayət İlkin tərəfindən törədilməyib:
"İlkin Süleymanov məhkəmədə sərbəst şəkildə ifadə verib. Cinayətin
baş verdiyi gündən həbsxanada qaldığı aylar da daxil olmaqla hansı işgəncələrə
məruz qalıbsa, hamısını danışıb. Cinayəti necə boyununa qoyduqlarını da ifadəsində
deyib. Amma ifadəsi yarımçıq qalıb, növbəti məhkəmə prosesində qaldığı yerdən
məhkəmə prosesini davam etdirəcək. İlkinə qarşı bu ittihamı əsaslandıra biləcək
heç bir sübut-dəlil məhkəməyə təqdim olunmayıb. Prokurorluq bunun zor gücünə
alınan etirafedici ifadəsinə əsaslanır. Sonra isə məhkəmədə bildirib ki, "bu
cinayəti mən törətməmişəm”, etirafedici ifadəyə nəyə görə imza atdığını da
açıqlayıb. İstintaq orqanı hələ də onun işgəncə altında alınan ifadəsinə
əsaslanır. Ondan başqa əllərində heç bir sübut yoxdur. Qanunvericilik deyir,
baxmayaraq ki, hər hansı bir şəxsin cinayəti boynuna götürməsi yetərli deyil”.
Vəkil bildirib ki, istinraq orqanı onun doğrudan da cinayəti
törədib-törətməməsi ilə bağlı ortaya sübutları qoymalıdır:
"Şəxs müxtəlif səbəblərdən bu cinayəti etiraf edə bilər. Məsələn,
şəxs hansısa qohumunun etdiyi cinayəti öz üzərinə götürmək istəyir və yalandan
həmin cinayəti törətdiyini deyir. Müxtəlif səbəblərdən istər işgəncə altında
olsun, istərsə öz iradəsinə uyğun olaraq cinayəti onun tərəfindən törədildiyini
boynuna ala bilər. Amma qanun tələb edir ki, bu ifadə kifayət etmir, sübutlar
olmalıdır. Bu sübut da yoxdur. Buna baxmayaraq, sübutsuz işi məhkəməyə
göndəriblər. Məhkəmə araşdırması zamanı bəlli olur ki, İlkinin bu cinayətdən
xəbəri yoxdur”.
Qeyd edək ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə
yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar
edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən
cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq
hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə
şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov
İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr
ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Bahar Rüstəmli
Şərhlər