XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Romada insanlar istidən yeraltında gizlənir - "The Independent"
Dünya21:40 10.08.2026

Romada insanlar istidən yeraltında gizlənir - "The Independent"

Bu il İtaliyada isti hava bütün rekordları qırır. Roma yayları adətən isti və rütubətli keçir, lakin bu mövsüm temperatur rekord həddə çatıb və gündüz saatlarında mütəmadi olaraq 39°C-ni keçir.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, yüksək temperaturdan qorunmaq üçün turistlərə yeraltına enmək tövsiyə olunur.

İyul ayında Romanın tarixi mərkəzini hər gün orta hesabla 60-80 min nəfərin ziyarət etdiyi bildirilir. Bu isə on minlərlə turistin Kolizeyin qarşısındakı növbələrdə sözün əsl mənasında istidən əziyyət çəkməsi deməkdir.

İsti havada kilsəyə getmək istənilən səyahət bələdçisinin tövsiyəsidir və bu, həqiqətən də işləyir. Mərmər döşəmələr, hündür tavanlar və qalın divarlar sərinliyin qorunmasına kömək edir. Lakin Roma istisindən həqiqətən uzaqlaşmaq istəyənlər üçün yeraltına enmək daha yaxşı seçimdir.

Kilsələrin, küçələrin və 2 min illik tarixin qatlarının altında həmişə sərin olan başqa bir Roma var. Söhbət yeraltı arxeoloji məkanlardan gedir. Burada temperatur ilboyu rahat səviyyədə qalır, bəzi yerlərdə isə səthdə havanın nə qədər isti olmasından asılı olmayaraq 10°C-yə qədər enir.

Lakin sərinlik bu məkanları ziyarət etmək üçün yalnız əlavə səbəbdir. Romanın ən maraqlı yeraltı arxeoloji abidələrindən beşini təqdim edirik.

Domus Aurea – Neronun qızıl evi

İyunun ortalarında hava artıq çox isti idi. Müəllif digər turistlərlə birlikdə Domus Aureaya giriş vaxtını gözləyərkən kiçik kölgəlikdə dayanmışdı. Bələdçi qadın gödəkçə, şərf və papaqda göründükdə bunun bir qədər şişirtmə olduğu düşünülüb. Lakin təxminən 40 dəqiqəlik ekskursiyadan sonra belə geyimin səbəbi aydın olub. Uzunqol geyim xüsusilə faydalı olub.

İmperator Neronun nəhəng sarayının qismən qazılmış qalıqları qədim Romadakı “damnatio memoriae” – arzuolunmaz şəxslərin tarixdən və yaddaşdan silinməsi cəhdi səbəbindən yerin altında qalıb.

Neronun eramızın 68-ci ilində ölümündən sonra vaxtilə 300 akr əraziyə qədər uzanan sarayı milyonlarla ton tikinti tullantısı ilə örtülüb. Təxminən 14 əsr ərzində saray faktiki olaraq unudulub.

Bu gün ekskursiyalar zamanı bir-biri ilə əlaqəli otaqlardan ibarət labirintə baxmaq mümkündür. Onların bir çoxunda freskaların, mərmərin və mozaikaların fraqmentləri qorunub. Xüsusilə sarayın son dərəcə real görüntüsünü canlandıran virtual reallıq texnologiyası diqqət çəkir.

Mənfi cəhəti isə abidənin yalnız cümə günündən bazar gününə qədər açıq olmasıdır. Biletlər satışa çıxarıldıqdan qısa müddət sonra tükənir. Buna görə onları əvvəlcədən almaq tövsiyə olunur.

San-Klemente bazilikasının qazıntıları

Kolizeyin qarşısında istidən əziyyət çəkən turistlərdən bir neçə dəqiqəlik məsafədə San-Klemente bazilikası yerləşir. Bu məkan əsrlər ərzində şəhərin müxtəlif təbəqələrinin bir-birinin üzərinə necə salındığını və köhnə tikililərin yenidən necə istifadə edildiyini Romada ən yaxşı göstərən nümunələrdən biridir.

XII əsrə aid bazilikanın altında IV əsrdə inşa edilmiş erkən xristian kilsəsi, onun daha aşağısında isə eramızın I əsrinə aid yaşayış binası və şərq tanrısı Mitraya həsr olunmuş mağara tipli Mitreum yerləşir.

Yeraltında qədim kanalla su hələ də axır və qaranlıq, sirli məkana xüsusi atmosfer bəxş edir.

Yuxarı bazilikaya giriş pulsuzdur. Arxeoloji hissəyə daxil olmaq üçün isə bilet almaq lazımdır.

Valentini sarayındakı Domus Romane

Müəllif bu yeraltı arxeoloji məkanı sevimli məkanlarından biri adlandırır və onun həddindən artıq populyarlaşmaması üçün geniş auditoriyaya tövsiyə etməkdə tərəddüd etdiyini bildirir.

Domus Romane XIX əsrə aid Valentini sarayının yeddi metr dərinliyində yerləşir. Giriş Trayan sütununun yaxınlığındadır.

Bu, Romanın ən yaxşı təqdim olunan arxeoloji məkanlarından biridir. Ziyarətçilər şüşə döşəmə üzərində hərəkət edərək aşağıdakı xarabalıqlara baxırlar. İşıq proyeksiyaları patrisilərin evlərinin çiçəklənmə dövründə necə göründüyünü canlandırır: mozaika və mərmər döşəmələr, freskalarla bəzədilmiş divarlar və hətta hovuz.

Kolizey və Roma Forumunun yanında yerləşən digər məkanlar qədər məşhur olmadığı üçün hazırda burada müəyyən vaxt üçün ekskursiya bron etmək nisbətən asandır.

İmkan olduqda Trayan sütunu haqqında təqdimatın da daxil olduğu ekskursiyanı seçmək tövsiyə olunur.

Appi yolu katakombaları

Aureliyan divarlarından kənarda, Via Appia Antica – Köhnə Appi yolu boyunca bir neçə erkən xristian dəfn kompleksi yerləşir. Onlar vulkanik tuf qayasında müxtəlif səviyyələrdə oyulub.

Bunlara San-Kallist, San-Sebastiano və Domitilla katakombaları daxildir. San-Kallist katakombaları ən böyük kompleksdir, lakin turist avtobusları tez-tez buraya gəldiyi üçün ən sıx məkan da ola bilər.

San-Sebastiano katakombalarında ekskursiya daha böyük dərinlikdə keçirilir. Domitilla katakombalarında isə yaxşı qorunmuş freskalar var. Hər üç kompleksdə temperatur təxminən 15°C səviyyəsində qalır.

Katakombaların həftə ərzində müxtəlif istirahət günləri var. Buna görə səfərdən əvvəl onların aktual iş qrafikini yoxlamaq tövsiyə olunur.

Vatikan mağaraları

Müqəddəs Pyotr bazilikasının əsas döşəməsinin altında tonozlu yeraltı məkanlar yerləşir. Burada əsasən X-XVI əsrlər arasında yaşamış onlarla papa dəfn edilib. Roma tarixinin ölçüləri ilə bu, demək olar ki, müasir tarix hesab olunur.

Bununla belə, əsas bazilikanın altına enmək bu məkanın miqyasını və qədimliyini hiss etməyə imkan verir. Burada, xüsusilə, müqəddəs Pyotrun dəfn olunduğu yerin üzərində yerləşən qızılla işlənmiş abidə diqqət çəkir.

Digər sarkofaqlar isə sadə və təmkinli nümunələrdən dəbdəbəli şəkildə bəzədilmiş nümunələrə qədər müxtəlifdir.

Vatikan mağaralarına bazilikanın daxilindən – Berninin baldaxininin sağ tərəfindəki dayağın yaxınlığından keçmək mümkündür. “Tombe dei Papi” (“Papaların məzarları”) yazılan göstəriciləri axtarmaq lazımdır. Müqəddəs Pyotr bazilikasında olduğu kimi, mağaralara giriş də pulsuzdur.

Aydın