XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

SSRİ-nin yaratdığı "qiyamət günü” sistemi: Hələ də bəşəriyyət üçün təhlükəlidir
Dünya21:57 10.08.2026

SSRİ-nin yaratdığı "qiyamət günü” sistemi: Hələ də bəşəriyyət üçün təhlükəlidir

Soyuq müharibə dövrünün 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatdığı qəbul edilir. Lakin həmin dövrdə hazırlanmış sistemlərdən biri hələ də bildiyimiz formada dünyanın sonuna səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “Popular Mechanics” yazıb.

Nəşrin məlumatına görə, “Perimetr” (“Ölü əl”) sistemi “qarşılıqlı təminatlı məhvetmə” doktrinasının ən qorxunc məhsuludur. Sistem Soyuq müharibənin son illərində yaradılıb və həmin dövrdə münaqişənin ciddi şəkildə eskalasiyası kimi qiymətləndirilib.

Nəşr xatırladıb ki, ABŞ və SSRİ onilliklər ərzində “qarşılıqlı təminatlı məhvetmə” kimi tanınan hərbi doktrina vasitəsilə bir-birini çəkindirirdi. Bu doktrinaya əsasən, qarşı-qarşıya duran tərəflərin kütləvi qırğın silahlarından istifadə etməsi hər iki tərəfin tamamilə məhv olmasına gətirib çıxaracaqdı.

Sovet tərəfi ABŞ-ın 1984-cü ildə elan etdiyi “Strateji müdafiə təşəbbüsü” adlı proqramına şübhə ilə yanaşırdı. Həmin vaxt ABŞ prezidenti Ronald Reyqan proqramı nüvə silahlarını “gücsüz və köhnəlmiş” vəziyyətə salmağa yönəlmiş müdafiə layihəsi kimi təqdim edirdi.

Lakin SSRİ bu planda daha böyük təhlükə görürdü. Sovet rəhbərliyi hesab edirdi ki, ABŞ sistemi eyni vaxtda uçuşda olan minlərlə sovet raketini dayandıra bilməz. Buna görə də raketdən müdafiə sistemi yalnız ABŞ-ın ilkin zərbəsindən sonra onun nəticələrini aradan qaldırmaq vasitəsi kimi məna kəsb edə bilərdi.

Sovet tərəfi ABŞ-ın ilk nüvə zərbəsini endirməyə hazırlaşdığını da istisna etmirdi. Buna görə SSRİ rəhbərliyinin fikrincə, öz “barmağını” böyük qırmızı düymənin üzərində saxlamağa imkan verən sistemə ehtiyac vardı.

SSRİ dağıldıqdan sonra ölkənin 1985-ci ildə “Perimetr” sistemini həqiqətən yaratdığına dair məlumatlar ortaya çıxmağa başladı. SSRİ Strateji Raket Qoşunlarının keçmiş zabiti Valeri Yarinç sistemin yaradılmasında iştirak edən şəxslərdən biri olub. Sistem “yüksək vəzifəli siyasətçiləri və hərbçiləri məsuliyyətdən azad etmək” məqsədi daşıyırdı.

“Perimetr” sisteminin mahiyyəti ondan ibarət idi ki, bütün sovet rəhbərliyi məhv edilsə belə, ABŞ-a cavab zərbəsi endirilə bilsin. Sistem yarıavtomatik idi və məhvin yaxınlaşdığı anda əvvəlcə əl ilə aktivləşdirilməli idi.

Aktivləşdirildikdən sonra “Perimetr” SSRİ ərazisinin həqiqətən nüvə zərbəsinə məruz qalıb-qalmadığını müəyyənləşdirmək üçün atmosfer təzyiqini, seysmik aktivliyi və radiasiyanı ölçən bir sıra sensorlardan istifadə edirdi.

Əgər nüvə zərbəsinin baş verdiyi qənaətinə gəlinirdisə, sistem mövcud bütün rabitə kanalları vasitəsilə sovet rəsmiləri ilə əlaqə yaratmağa çalışırdı.

“Vəziyyət otağı” ilə əlaqə yaratmaq mümkün olsaydı, insan müdaxiləsi prosesi dayandıra bilərdi. Lakin Baş Qərargahla rabitə kəsilsəydi, “Perimetr” qiyamətin başladığı qənaətinə gələ bilərdi. Bundan sonra sistem avtomatik olaraq cavab zərbəsinin həyata keçirilməsinə icazə verən əmrləri sağ qalmış bütün nüvə qüvvələrinə ötürə bilərdi.

Nəşrin məlumatına görə, “Perimetr” sistemi indiyədək işə salınmayıb. Onun ehtimal ki, hələ də gözləmə rejimində olduğu və SSRİ-nin dağılmasından sonra sökülmədiyi bildirilir.

Nəşr qeyd edib ki, hazırda “Perimetr” sistemini zərərsizləşdirə biləcək sistemlər artıq mövcud ola və ya hazırlana bilər. Lakin problem ondadır ki, yüksək texnologiyalar dövründə “Perimetr” xüsusilə haker hücumlarına qarşı həssas ola bilər.

Aydın