XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

AŞPA-nın Rusiya ilə bağlı qərarının hüquqi qüvvəsi varmı? (ŞƏRH)
Dünya07:53 14.10.2022

AŞPA-nın Rusiya ilə bağlı qərarının hüquqi qüvvəsi varmı? (ŞƏRH)

Avropa Şurası Parlament Assambleyası Ukraynanı dəstəkləyən və Rusiya rejimini terrorçu kimi tanıyan qətnamə qəbul edib. 99 nümayəndə qətnamənin lehinə səs verib, bir nəfər bitərəf qalıb. Bu qərarla Rusiyadakı rejim terrorçu elan edilib. 
Həmin qətnamə Rusiyanın terrorizmin sponsoru kimi tanınması yolunda atılan növbəti addımdır. Avropa Şurası həmçinin tarixdə ilk dəfə olaraq Ukraynaya mülki əhalinin müdafiəsi üçün hava hücumundan müdafiə sistemlərinin verilməli olduğunu bəyan edib. AŞPA-nın qərarında qeyd olunur ki, Rusiyanın BMT Təhlükəsizlik Şurasında qalması qanunsuzdur. Qətnamə tezliklə beynəlxalq tribunalın yaradılmasını da dəstəkləyir. 
AŞPA-nın bu qərarı hüqiqi baxımdan nə deməkdir? Qərar nəyə gətirib çıxaracaq? 
Qaynarinfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli bildirib ki, AŞPA-nın həmin qərarı sadəcə prosesə siyasi qiymətin verilməsidir və konkret hüquqi nəticəyə səbəb olmur:

"AŞPA-nın bu tipli qərarları tövsiyyə xarakteri daşıyır. Bütün hallarda Rusiyanın terrorçu dövlət kimi tanınması normal hadisədir. Çünki Rusiya Ukraynaya münasibətdə terror siyasəti yürüdür. Burada Moskva dinc əhalinin qırılmasına səbəb olan terror aksiyaları törədib. AŞPA-nın bu qərarı sadəcə olaraq ümumi siyasi qiymət anlamına gəlir və konkret hüquqi nəticəyə səbəb olmur. Amma gələcəkdə BMT-nin Təhlükəsizlik Şurası həmin sənəddən istifadə edə bilər”. 
Hüquqşünas Ələsgər Əhmədoğlu qeyd edir ki, bu tip qərarlar mövqe bildirmək və baş verən prosesi durdurmağa yönəlik iradə göstəricisidir:

"Rusiyanın Ukraynadakı işğalı legitimləşdirmək cəhdləri və "referendum” keçirib, bəzi əraziləri özünə birləşdirməsi Moskvanın beynəlxalq hüququ saya almadığının göstəricisidir. Bu mənada AŞPA-nın qərarına beynəlxalq hüquq aspektindən baxsaq, başqa ölkənin ərazisinə təcavüz etmək, insanlığa qarşı terror siyasəti yürütmək normal davranış deyil. Bunlar terrorist davranışıdır. Bu baxımdan Rusiyaya qarşı qəbul olunan qərar siyasi xarakter daşıyır. Siyasi qərarlar isə hüquqi aspektdən dərhal tətbiq olunacaq qərar deyil. Bu mövqe bildirmək və baş verən prosesi durdurmağa yönəlik iradə göstəricisidir. Bu tip qərarlar Rusiya əhalisini idarəetməyə yönəlik basqıları artırmağa, həm də Rusiyanı yanlış yoldan geri addım atmağa təşviq etməyə səsləyən bir qərardır”. 
Rüfət Sultan