Bazar ertəsi səhər saatlarında Kolumbiyanın qərb hissəsində güclü zəlzələ baş verib. Zəlzələdən təxminən altı saat sonra Kolumbiya prezidenti ölkə üzrə 111 nəfərin ölümünün təsdiqləndiyini bildirib.
Xilasetmə qrupları Kali və digər şəhərlərdə binaların uçması nəticəsində dağıntılar altında qalan sakinləri xilas etmək üçün iş aparıblar.
Zəlzələnin episentri Kolumbiyanın Sakit okean sahilində yerləşən Çoko departamentinin şərq hissəsində qeydə alınıb.
Son vəziyyət necədir?
Kolumbiyanın yeni vəzifəyə başlayan prezidenti Abelardo de la Espriyella hökumətin fövqəladə vəziyyətə reaksiyasına şəxsən nəzarət etdiyini bildirib.
Onun sözlərinə görə, dağıntılar altında qala biləcək şəxslərin tapılması xilasedicilər üçün əsas prioritetdir. Prezident ölkədə fövqəladə vəziyyət elan edib.
“Yerli vaxtla saat 12:30-a olan məlumata görə, ölənlərin sayı 111, yaralananların sayı isə 87 nəfərdir. 1 575 evə ziyan dəyib, 37 ev tamamilə dağılıb, 61 bina uçub, 18 səhiyyə müəssisəsi və 52 məktəb zərər görüb”, — de la Espriyella Boqotada bildirib.
Kolumbiyada güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı qeydə alınıb
Bu videoya baxmaq üçün “JavaScript” funksiyasını aktivləşdirin və “HTML5” videosunu dəstəkləyən veb-brauzerdən istifadə edin.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı Kolumbiyaya “daha çox dəstək göstərməyə hazırdır”. İttifaqın “Copernicus” peyk xidməti artıq xilasedicilərə yardım məqsədilə səfərbər edilib.
“Bu gecə Avropanın ürəyi Kolumbiya xalqı ilədir”, — o, sosial şəbəkədə yazıb.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton vəziyyəti “diqqətlə izləyir” və “Kolumbiya xalqına dəstək verməyə hazırdır”.

Hadisə yerində vəziyyət necədir?
Kali şəhərinin meri Alexandro Eder bildirib ki, azı 20 bina uçub və bəzi hallarda insanlar dağıntılar altında qalıb.
“Kali sakinləri, hazırda şəhərdə insanların dağıntılar altında qaldığı azı 20 uçmuş tikili var. Biz artıq Kalinin bütün xilasetmə qurumları ilə birlikdə bu fövqəladə vəziyyətin aradan qaldırılması üzərində işləyirik”, — Eder “Instagram”da yayımladığı videomüraciətdə bildirib. “Mən Boqota və Medelyin merlərindən, xüsusilə də xilasedici heyətin göndərilməsi ilə bağlı dəstək istəmişəm”.
Paytaxtı Kali olan Valye-del-Kauka departamentinin rəsmiləri prezidentin çıxışından əvvəl açıqladıqları məlumatda zəlzələ nəticəsində azı 27 nəfərin öldüyünü bildirmişdilər.
Risaralda departamentinin rəsmiləri isə bölgə üzrə 40 nəfərin öldüyünü, onların azı 18-nin paytaxt Pereyrada həlak olduğunu açıqlamışdılar.
Zəlzələnin episentrinin yerləşdiyi Çoko bölgəsinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri yerli vaxtla günorta saatlarına olan məlumata görə, bölgədə 12 nəfərin öldüyünü, 84 nəfərin isə yaralandığını bildirib.
Pereyranın şimal-şərqində yerləşən Kaldas departamentinin Manisales şəhərinin meri Xorxe Eduardo Roxas radioya müsahibəsində şəhərdə iki nəfərin öldüyünü deyib.
Kolumbiyanın mülki aviasiya qurumu altı nisbətən kiçik hava limanında ziyan qeydə alındığını və yoxlamalar aparıldığı müddətdə uçuşların dayandırıldığını bildirib.
“Pereyra, Manisales, Kibdo, Armeniya, Kartaqo və Buenaventura hava limanlarında ziyan qeydə alınıb. Təhlükəsizlik məqsədilə bu terminallarda hava əməliyyatları infrastrukturda yaranmış struktur zədələrin qiymətləndirilməsi başa çatanadək dayandırılıb”, — qurum internetdə yaydığı açıqlamada bildirib. Daha sonra Kali hava limanı da bu siyahıya əlavə edilib.
Zəlzələnin gücü və episentri barədə nə məlumdur?
ABŞ Geoloji Xidməti — USGS zəlzələnin gücünü 7,4 maqnitudada qiymətləndirib. Kolumbiyanın müvafiq milli qurumu əvvəlcə daha aşağı göstərici açıqlasa da, sonradan rəqəmi 7,4 maqnitudaya yüksəldib.
Zəlzələnin episentri Tatama Milli Təbiət Qoruğunun cənubunda, Çoko departamentinin şərq sərhədinə yaxın ərazidə yerləşib.
Manisales kafedralının qüllələrindən biri zəlzələ nəticəsində zədələnib. Foto: Con Xayro Bonilya/AP Photo/picture alliance
Episentr Kolumbiyanın üç əsas şəhərindən — şərqdə yerləşən Boqota, şimaldakı Medelyin və cənubdakı Kalidən təxminən eyni məsafədə olub.
Episentrə ən yaxın böyük yaşayış məntəqəsi olan Kartaqoda təxminən 140 min nəfər yaşayır. Şəhər zəlzələnin episentrindən təxminən 30 kilometr, yəni 20 mil məsafədə yerləşir.
USGS zəlzələnin kifayət qədər dərinlikdə — yer səthindən təxminən 107 kilometr aşağıda baş verdiyini bildirib. Qurum Kolumbiyanın qərb hissəsinin böyük bölümündə yeraltı təkanların hiss olunduğunu ehtimal edib.
Təkanlar cənubda qonşu Ekvadorda, həmçinin şimal və şərq istiqamətlərində Panama və Venesuelada da hiss edilib.
USGS əsas zəlzələdən təxminən bir saat sonra 5,0 maqnitudalı kifayət qədər güclü təkrar təkan da qeydə alıb.
Sakit okeanı əhatə edən və dünyanın ən aktiv tektonik və vulkanik qurşağı hesab olunan “Od halqası” bazar ertəsi baş verən zəlzələnin episentrindən çox da uzaq olmayan Kolumbiya sahilləri boyunca uzanır.
Şərhlər