Bu günlərdə "Qanun” nəşrlər evi Aqşin Yeniseyin yeni "Hərflərin vahiməsi” adlı romanını oxuculara təqdim edib.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müəllifin dediyinə
görə, romanın mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən siyasi romanların
bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Əsərdə niyyət iqtidar gücünün ona
qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun
qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının
hansı faciələrlə üzləşdiyini göstərməkdir.
İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün
acınacaqlı ehtiyaclarının dili ilə cavab verən əsərin yazar qəhrəmanı öz
timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin
fərqindədir. O, seçim qarşısındadır: ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da
gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu
cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət
ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban
verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa
çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə
çevirir. Söz çörəyə, gözəllik gücə yenilir.
Aqşin Yeniseyin dediyinə görə, "Hərflərin vahiməsi” onun iki il əvvəl
çap olunmuş "Tarix və Tale” romanının varisidir, bir növ, onun davamıdır:
"Çox güman, gələcəkdə hər iki roman bir kitab şəklində çap olunacaq.
Çünki yeni romanın qəhrəmanı, əslində, "Tarix və Tale”də ilk hekayələri çap
olunan bir gəncdir. "Hərflərin vahiməsi”ndə o, artıq tanınmış bir imzadır.
Romanda baş verən hadisələrin böyük çoxluğu bu yazarın yaşadığı
hallüsinasiyalardan ibarətdir. O, əşyalarla danışır, əşyalar da onunla. Romanda
dili olmayan heç bir nəsnə yoxdur. Romanın yazar qəhrəmanı siyasi himayəni
qəbul edən kimi proses sürətlənir və bir neçə səhifədən sonra hər şey başa
çatır. Mən bununla sənəti siyasətə qurbanvermənin acınacaqlı nəticəsinin necə
sürətlə baş verdiyini göstərmək istəmişəm”.
Xatırladaq ki, romanı şəhərin kitab dükanlarından əldə etmək olar.

Şərhlər