Əməkdar İncəsənət Xadimi, mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı
Aybəniz Əkbər Əməkdar artist Aybəniz Haşımovanın mərhumun vəsiyyəti
ilə bağlı açıqlamasına aydınlıq gətirib.
O, Qaynarinfo-ya açıqlamasında Aybəniz Haşimovanın düz danışdığını vurğulayıb:
"Tahir Əkbər sağlığında deyirdi ki, "layiq
olmadigim yer olsa, məni atamin qəbrinə qoyun”. Tahir Əkbər dünyasını dəyişəndə sabiq
Mədəniyyət naziri Əbülfəz Qarayevin İsmayıl adında bir köməkçisi zəng etdi, danışdıq.
O, bizə həmin vaxt nazirin göstərişini çatdırdı, bildirdi ki, Tahir Əkbər yüksək
səviyyədə dəfn olunacaq. İsmayıl bizə dəfn yerini deməmişdi, sadəcə "Qurd
Qapısı” qəbiristanlığı dedi və biz də onunla razılaşdıq. Biz qəbiristanlığa gedəndə
gözləmədiyimiz hadisə ilə rastlaşdıq. Ətrafımda adamlar, hətta məmurlar vardı,
bu səbəbdən də mən özümü idarə etməyi bacarmalıydım. Tahir Əkbərin dəfn olunduğu
yerdə bir kimsə yox idi. Qəbiristanlıqdan qat-qat aşağıda, yolun ortasında onu
dəfn elədilər. Özümü birtəhər idarə edirdim, bir onu bilirəm, yanımdakı şəxsdən
soruşdum ki, indi bura haradır? Dedilər ki, artıq nə etmək olar, onun da qisməti
buraymış... Mən də göz yumdum və razılaşdım. Ona görə ki, Tahir Əkbərin dəfn olunduğu
zaman şou yaratmaq istəmədim. Çünki ora dəhşətli yer idi, qəbiristanlığın ortası
olsaydı, razılaşardım, amma yolun ortasında onu tək qoya bilməzdim”.

Mərhumun həyat yoldaşı bütün bunların hər kəsin gözü qarşısında baş
verdiyini vurğulayıb:
"Hamı gördü, hamı susdu... Amma mən onun ailəsi olaraq vəsiyyətinə göz
yuma bilməzdim. Çox istəyərdim ki, onunla bir yerdə işləyən Bəstəkarlar
İttifaqı, Tahir Əkbərlə işləyən müğənnilər danışardı. Amma bir kəs danışmadı... Bu, ağır bir hadisə idi. Tahir Əkbərin heç kimi yox idi, iki qızı var, biri Azərbaycanda
yaşamır. Bu iş mənim çiyinlərimdə idi. Odur ki, dəfn zamanı mən susmalı oldum.
Tahir Əkbərin telefonuna jurnalistlər tərəfindən zənglər gəlirdi, soruşurdular
ki, siz onun yolun ortasında dəfn olunmasına razısınızmı? Mən artıq bir söz deyə
bilmirdim, elə çalışırdım ki, dəfn mərasimi
tez bitsin ki, onu atasının qəbrinə qoyaq. Nazirliyin əməkdaşı İsmayıl çox
hündür bir nöqtədə dayanıb oradan Tahir Əkbərə baxırdı. O, özünü dağ başında
görürdü, Tahir Əkbər isə onun nəzərində zibillikdə olmalı idi, mən qalxdım, ona
yaxınlaşdım və dəfn üçün təşəkkür etdim. Ona dedim ki, Əbülfəz Qarayevə deyin
ki, mən Tahir Əkbəri burada qoymayacam. O da çox rahat şəkildə "buyurun, bu
sizin haqqınızdır” dedi”.
Mərhumun həyat yoldaşı deyir ki, əslində elə həmin günü Tahir Əkbərin nəşini dəfn olunduğu yerdən çıxarmaq istəyib:
"Bir gecə həmin qəbirdə qaldı. Həmin günü biz gecikmişdik. Çünkü dedilər
ki, gecdir, olmaz, səhəri oradan Tahir
Əkbərin nəşini çıxardıq, gətirib atasının qəbirinə qoyduq. Tahir Əkbər ən
azından İkinci Fəxri Xiyabana layiq idi.
Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərin ölümündən əvvəl ondan son istəyini açıqlayıb:
"Tahir Əkbər hazırda atasının qucağında uyuyur.
Ölümündən əvvəl mənə son vəsiyyəti idi: dedi ki, görsən dünyamı dəyişdim,
qoyma məni başqa yerdə basdırsınlar. Məni atamın qucağında basdırın".
Bahar Rüstəmli
Şərhlər