Akademik Milli Dram Teatrının səhnə arxasında dava düşüb. Teatrın
truppa müdiri Elnur Məmmədov iyunun 17-də Evripidin "Medeya” monotamaşasına
ictima baxışın olacağı ilə bağlı sosial şəbəkədə elan verib. Tamaşaya baxmaq
üçün gələn qonaqların arasında Şuşa uğrunda gedən
döyüşlərdə şəhid olan Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur da olub. Aktyor tamaşanın
keçiriləcəyi zala daxil olanda Elnur Məmmədov əlindəki ağacla qapını kəsib və
onu zala buraxmayıb. Bütün etirazlarına baxmayaraq, Elnur Məmmədov
"buranın öz qanunları var” deyərək zalın qapısını şəhid atasının üzünə
bağlayıb.
Qaynarinfo Xalq artisti Əli Nurla müsahibəni təqdim edir.
- Əli müəllim, bu deyilənlər nə dərəcdə həqiqətdir?
- Ayın 16-da Akademik Milli Dram Teatrının saytında truppa müdiri
belə bir elan verib: "Medeya” monotamaşası olacaq və tamaşa Abbas Mirzə
Şərifzadə adına zalda keçiriləcək, aktyorlar dəvət olunur. Tamaşada orta nəslin
aktyorlarından olan Münəvvər Əliyeva oynayacaq. Tamaşa ayın 17-də keçirilməli
idi. Həmin tamaşaya baxmaq üçün dördüncü mərtəbəyə qalxdım. Gördüm ki, zalın
qarşısına xeyli adam yığılıb. Nəzarətçilər və teatrın adamları da ordadır. Zala
daxil olanda teatrın truppa müdiri Elnur Məmmədov məni saxladı. Bu şəxs zəmanəmizin
"qəhrəmanı”dır. Elnur Məmmədov Akademik Milli Dram Teatrının nəyidir?
Allah rəhmət eləsin, Mirzə Cəlilə, "Danabaş kəndinin əhvalatları”nda əsrin
qəhrəmanı əlində çomaq durub qapının ağzında, Elnur da onun kimi, xeyir olsun,
dedi, zala heç kim buraxılmır. Nəyə görə? Dedim, siz elan vermisiz, biz də
gəlmişik. Dedi, "qanun belədir”. Dedim, hansı qanun? Dedi, Azər Paşa
müəllim belə buyurub, ictimai baxışdır, tamaşaya ancaq onlar baxa bilər.
Tamaşaya kim baxır? Bədi Şura...
- Bəs, Bədii Şura üzvləri kimdir?
- 13 il bundan əvvəl tülkü kimi teatrdan qovulan, Akademik teatrın
düşməni İsrafil İsrafilovun seçdiyi Bədii Şura... 13 ildir bu Bədii Şura
teatrda formal fəaliyyət göstərir, onun heç bir səlahiyyəti yoxdur. Çünki Bədii
Şura 3-5 ildən bir kollektiv tərəfindən seçilməli və Mədəniyyət Nazirliyi
tərəfindən təsdiq olunmalıdır. 13 il bundan əvvəl şeçilən Bədii Şuranın da
təsdiqini edən kimdir? İndi ev dustağı olan Azərbaycan mədəniyyətinin,
teatrının anasını ağlar qoyan sabiq nazir Əbülfəz Qarayev. Bu gün
"Azdrama”nın Bədii Şurasında görün kimlər var. Niyə bu sovetdə Ramiz
Məlik, Nurəddin Mehdixanlı, Firəngiz Mütəllibova, Laləzar Mustafayeva yoxdur?
Bəs mən niyə yoxam o Bədii Şurada? Dünya teatrını beş barmağı kimi bilən Əli
Nur orada yoxdur. Hər halda mən teatrın bir aparcı aktyoru, dünya
mədəniyyətini, teatrını, dünyanın bütün incəsənət janrlarını bilən bir aktyor olaraq
gəlmişəm ki, tamaşaya baxam, amma truppa müdiri əlində çomaq məni zala
buraxmır. Sanki adam döyəcək.
- Sizi nə deyib zala buraxmır?
- Gör kim kimi zala buraxmır? Xalq artisti, Dövlət Mükafatçısı,
Prezident Təqaüdçüsü və eyni zamanda canını vətən uğrunda şəhid eləyən, Milli
Qəhrəman, şəhid Rövşən Nurzadənin atasını! Bu, sözün bitdiyi yerdir, bu
çaqqallıqdır. Prezident çıxışında dəfələrlə deyib ki, şəhid ailələrinin üzünə
bütün qapılar açıqdır. Amma dünənki uşaq mənim üzümə qapı bağlayır. Bu
bilirsiniz nədir? Dəfələrlə Mədəniyyət nazirinə, onun müavinlərinə və Azər Paşa
Nemətova müraciət eləmişəm ki, teatrla, tamaşalarla bağlı müzakirələr açıq
olmalıdır. Bu, tarix boyu belə olub, müzakirələr həmişə zalda aparılıb və
ictimailəşib. Vaxtiylə müzakirələr olanda akademiklər, teatrşünaslar, alimlər,
teatrı sevən adamlar hamısı tamaşaya baxmağa gələrdi. Niyə? Əsərin xeyrinə...
Aktyor oyununun xeyrinə danışardılar. Bu, teatrın, rejissorun xeyrinədir. İndi
"Azdrama”da qəribə bir oyun gedir. Bu nədir? Xəlvəti tamaşa nümayişi...
- Tamaşanın ictimai baxışının xəlvəti keçirilməsində məqsəd nədir?
- Dəfələrlə kollektivin yanında demişəm ki, Azər müəllim,
müzakirələri zalda edin. Müzakirələri zalda eləmək o deməkdir ki, bütün aktyor
və aktrisalar, teatrsevərlər orada iştirak etsin. Tamaşanı teatrın kollektivinin
yanında niyə müzakirə etmirsən?
- Azər Paşa Nemətov buna səbəb olaraq nəyi göstərir?
- Səbəb ola da bilməz. Deməli, sən qorxursan, sən zəifsən, gözün qıpıqdı.
Sən aktyorları teatrdan dağıdırsan. Sən aktyorları bir yerə toplamaqdan,
onların birlikdə müzakirəsindən qorxursan. Nəyə görə qorxursan? Hansısa bir
teatrşünas, ədəbiyyatçı teatrı tənqid edib gedirsə, bunun qarşısını biz
vaxtında ala bilmərik? Bunlar müzakirədə həll olunmalıdır, hər kəs sözünü
deməlidir. Biz hər şeyi açıq görürük. Azər Paşa, bu nə xasiyyətdir sən edirsən?
Ömrüm boyu mən və Xalq artisti Nurəddin Mehdixanlı teatrın xeyrinə vuruşan adam
olmuşuq. Maliyyə naziri Samir müəllimə deyəndə ki, teatr və onun ətrafında
daşlar sürüşkəndir. Deyirdi ki, niyə bunu Qarayev demir? Dedim, Qarayev pul
yığmaqla məşğuldur, onu teatr maraqlandırmır. Teatrın təmirinə 44 milyon pul
ayrıldı, amma teatra köçən kimi yağış yağdı, teatrı su basdı. Səhnədə
aktyorların ayağı dizdən aşağı görünmürdü. Onları teatr maraqlandırır?
Məmurlarıın heç birini teatr maraqlandırmır. İkinci Qarabağ savaşında bir
məmurun balası şəhid olmadı. Niyə? Məmurlar deyir ki, şəhid olublar, onlar
cənnətə gediblər. Sənin də balan şəhid olub cənnətə getsin də. Ay nazir,
nazirin müavini, millət vəkilləri, icra başçıları, sənin də balan şəhid olsun
və mən də deyim ki, onlar vətən uğrunda şəhid olub cənnətə getdilər. Onlar
müharibə gedən ərəfədə tülki kimi təyarəyə minib ölkədən qaçıb getdilər,
xaricdə gizləndilər. Niyə? Bu vətən onların deyil? Təsəvvür edin ki, teatrda
iclasdır, Ərəblinskini, Mehdi Məmmədovu zala buraxmırlar. Bu, nə
əxlaqsızlıqdır, bu idarəetmə qanunlarının hansı etikasıdır? Cənab Prezidentə
müraciət edəcəm, bir şəhid atası olaraq bu mənə hörmətsizlikdir. Bütün
Mədəniyyət Nazirliyini teatra tökəcəm, görüm 13 il bundan əvvəl təsdiq
olunmamış Bədii Şura kimdir? Bu, hansı şuradır? Kimdir bu Bədii Şura? Onun
üzvlərinin hansı məndən artıqdır? Mənim dırnağım biləni onlar bilmirlər. Azər
Paşa, sən bununla nə demək istəyirsən? Sən niyə məni özünə qarşı qaldırırsan?
Azərbaycan Prezidenti İlham Əliyev apardığı xarici və daxili siyasətində bütün
müzakirələri açıq edir, çıxışları bir başa televiziya ilə canlı yayımlanır.
Dünyanın qarşısında diplomat, dövət başçısı kimi Şuşada, Qarabağda da hər şeyi
açıq deyir. Bir teatrın rəhbəri isə müzakirəni gizli edir? Niyə? Küçədən keçəni
qoymusan qapının ağzına, məni zala buraxmırlar. Mən bəyəm belə aktyoram? Mən
bütün dünya ədəbiyyatından dəsr deyən adamam, mənim ora gəlməyim aktrisanın,
tamaşanın, teatrın xeyrinədir ki, sabah kimsə gəlib tənqid etməsin, səni
bizləməsin. Bu, nə alçaqlıqdır. Kimdir Elnur? Mən buradan mədəniyyət nazirinə
müraciət edirəm, Elnur Məmmədov teatrdan getməlidir. O, şəhid atasına, Xalq
artistinə hörmətsizlik edib. Vəzifəsi də başqasına təhvil verilməlidir. Orada
oyunlar gedir.
- Əli müəllim, "Azdrama”nın o dediyiniz səhnəarxası "oyunlar”ından
da məlumat verin.
- Onlar teatrda aktyorları təhqir edirlər. Aktyorları teatrdan
uzaqlaşdırırlar, tamaşalara buraxmırlar. Savadsızlıq, özfəaliyyət və dərnək... İstədikləri
rolları istədiyi aktyorlara verirlər, yaş-zad bilmirlər. 70 yaşında bir aktrisa
"Cülyetta” oynamaq həvəsindədir. Azər Paşa da bunlara imkan yaradır. Utanmırsan?
Adamın ayağını yerə qoyub üzünə tüpürərlər. Sən niyə görə cavan aktrisaların
haqqına girirsən? Aktrisanın yaşı, boyu, gözəlliyi və ölçüsü var. Bu nə
özbaşınalıqdır. Niyə bu teatrın reytinqini salırsınız? Ədil İsgəndərov, Mehdi
Məmmədov bu qələti edərdi? Bu nə həyasızlıqdır. Azər Paşa, bu nə hərəkətdir?
Niyə sən təkbaşına rejissorluq etməlisən? Niyə talantlı rejissorlar
"Azdrama”da işləməməlidir? "Azdrama”nın 60 aktyoru var, vaxtilə
onların hər biri oturub teatrda qoyulan bütün tamaşalara baxıb, onu müzakirə
edib, ordan da evinə dağılardı. Baş rejissordan əlavə teatrda 2-3 rejissor
vardı, paralel işlər gedirdi. Orada qaynar həyat, yaradıcılıq vardı, aktyorlar
yığılıb məsələni həll edərdilər. İndi bir rejissor var - o da Azər Paşadır.
Azər Paşa bütün rejissorları teatrdan qaçaq salıb. 60 aktyorun hansı ilə
işləyəcək? Ona görə də kollektivin teatra gəlməsini istəmir, teatrdan bütün
aktyorları didərgin salıblar. Bu, nə vaxta kimi belə olacaq. Elnur sən
bilmirsən ki, mən kiməm? Hər şeydən əlavə mən şəhid atasıyam. Sənin kimi oğul
itirmişəm. Məni keç, o şəhid oğluma da hörmətin olmadı? Sənin çomağını başına
vurarlar. Lotusan? Kimsən? Bura sənin dədənin teatrıdır? Sən kimsən? Sənə bu
səlahiyyəti kim verib? Truppa müdirinin səlahiyyəti nədir, aktyorlara nəzarət
eləmək. Bir neçə gün öncə şəhər meri Eldar Əzizov məni qəbul edib. Dedim,
yadınızdadır, mən Rəfael Dadaşovun dəfinində Qarayevə nə dedim? Qarayev dedi
ki, teatrla bağlı müzakirəyə akademikləri yığacam, səni də çağıracam. Dedim,
cənab nazir, tək akademikləri yğıma, siz ora erməni, gürcü, rus akademikləri
yığın, mən onları bir-bir divara mıxlayım. Mən belə adamam. Tək aktyor deyiləm,
həm də tədqiqatçıyam. Mənim bildiyimi düyada heç kəs bilmir və bilə də bilməz.
Bu nə həyasızlıqdır? "Azdrama” ulu öndər Heydər Əliyevin teatrıdır. Heydər
Əliyev burada bütün tamaşalara baxırdı, müzakirələr edirdi, aktyorlarla
görüşürdü, bizim hamımızı tanıyırdı. Heydər Əliyev çıxışında deyirdi: "Bu
teatr mənim teatrımdır. Bu teatrın 100-110-120 illiyini etmişəm. 130-150
illiyini də edəcəm. Teatr sahəsində çalışan fədakar insanlardır. Səhnə
arxasında onları çox vaxt qayğısız və xoşbəxt kimi görürlər. Amma onların
həyatını, səhnə arxasında olanları çoxları bilmir. Çox təəssüfər olsun ki, mən
bunların hamısını bilirəm və ona görə də teatr adamlarını cəmiyyətdə yüksək
tuturam və onları qiymətləndirirəm”. Bunu Prezident İlham Əliyevin atası
ulu öndər Heydər Əliyev deyib.
Azərbaycanın sabiq mədəniyyət nazirləri Polad Bülbüloğlu və Qarayev
misilsiz teatra ziyanlar vurub. 30 ildə kimi Moskvaya, Leninqarada dövlət
hesabına oxumağa göndərdilər? Amma mən vaxtı ilə direktor olanda mərhum Rövşən
Almuradlını öz yerimə Moskvaya oxumağa göndərdim. Mehriban Ələkbərzadəni də
onun kimi. Bunları mən etmişəm, siz hansı teatrda kimi yetişdirmisiniz,
xidmətiniz nə olub? Bunlar tarixdir. Mən teatrın simasıyam, Milli Qəhrəman
atasıyam. Mənə qarşı hörmətsizlik sənətimə və ailəmə qarşıdır. Elnur məni
təhiqr edib, məsələni belə qoymayacağam. Bir başa Prezidentin qəbuluna gedəcəyəm.
Azər Paşa 50 vəzifə tutmusan, 27 teatrın rəhbərisən. Bəs deyil? Sən
kollektivi bir yerə yığmalısan. Yığa bilmirsənsə, çıx get. Bura sənlik deyil.
Bu kollektivin ümumi problemini həll edə bilməyən direktor "Azdrama”ya
lazım deyil, sən bu teatra düşmənçilik edirsən. Azər Paşa sənə ayıb olsun...
Bahar Rüstəmli
Şərhlər