"Azərbaycanın Laçın dəhlizi ilə bağlı hər hansısa bir problemi yoxdur".
Bu sözləri Qaynarinfo-ya Milli Məclisin deputatı Aydın Mirzəzadə Laçın dəhlizindəki vəziyyəti dəyərləndirərkən deyib.
"Azərbacanın daxili işlərinə qarışmaq istəyənlər, sərhəd bütünlüyümüzü pozmaq istəyənlər üçün vəziyyət ağırlaşıb. Azərbaycan isə özünün suveren hüquqlarını həyata keçirir. Aprel ayının 23-də sərhəd buraxılış məntəqəsi qurulub. Bütün digər sərhəd buraxılış məntəqələrində olduğu kimi Laçın məntəqəsindən də keçid Azərbaycan qanunlarına əsasən şəxsiyyət vəsiqəsi ilə həyata keçirilir. Azərbaycanın Laçın dəhlizi ilə bağlı hər hansısa bir problemi yoxdur",- deyə deputat qeyd edib.
Politoloq Natiq Miri isə bildirib ki, Qarabağda sülhə vadaretmə əməliyyatının keçirilməsinə ehtiyac yaranıb:
"Proseslərin təhlili də göstərir ki, Laçın yolu ətrafında yaradılan süni ajiotaj, eyni zamanda Ermənistanın Qarabağda saxladığı qanunsuz silahlı birləşmələr, terrorçu ünsürlər mövcud olduğu təqdirdə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi çətin olacaq. "10 noyabr bəyannaməsi” də icra olunmur və bu sənədin dördüncü müddəasını nə Ermənistan, nə də Rusiya yerinə yetirmək istəmir. Hər iki ölkə bu sənəddən geosiyasi maraqları kontekstində istifadə etmək istəyirlər. Ona görə də bu gedişatın sonu Azərbaycanın ərazi bütövlüynü təmin etməsindən, buna təhdid olan separatçıların zərərsizləşdirilməsindən keçir. Mən hər zaman demişəm, bu gün də təkrar edirəm, Qarabağda bütün proseslərin sürətlənməsi, bütün daşların yerinə oturması və Azərbaycanın suveren hüquqlarının bərqərar olunmasının yolu növbəti sülh hərəkatını başlatmasından keçir. Mən bunu hər hansı bir qisas adlandırmıram. Çünki bu, qisas deyil. Azərbaycan Konstitusiyasını təsbit etmək, idarəetməsini formalaşdırmaq üçün bu ərazilərdə yeni bir sülh hərəkatına ehtiyac var. Bu sülh hərəkatı danışaraq da ola bilər. Lakin bu günə qədər danışıqlar nəticə verməyib və düşünürəm ki, bundan sonra da uğursuz olacaq. İkinci yol isə sülh hərəkatı, hərbi yolla sülhə məcburetmə əməliyyatı ilə bütün terrorçu ünsürlərin, silahlı birləşmələrin Qarabağdan çıxarılmasına nail olmaq, separatçı quldur rejimini tamamilə ləğv edib, inteqrasiya prosesini başlatmaqdan keçir. Yəni inkişaf mütləq mənada bu əməliyyatdan keçməlidir. Bunun alternativi yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan müəyyən güzəştlərə getmiş olsa belə, müəyyən güc mərkəzləri bu prosesin danışıqlarla həyata keçirilməsinə imkan verməyəcəklər. Ona görə də gec, ya tez sülh hərəkatının keçirilməsinə ehtiyac var və mən bunun alternativini görmürəm".
Röya Kərimli
Şərhlər