Kitabı vətəndaşlarına körpəlikdən sevdirən möcüzə ölkə - Azərbaycana nümunə
Avropada sadə
zəhmətkeşləri, geniş xalq kütlələrini təhsilə, mütaliəyə yönəltmə mexanizmi
protestantçılığa borcludur. Xristianların müqəddəs İncil kitabı hər bir
protestant xalqın öz ana dilində olmalı idi. İncili oxumayanın nigahını kilsə kəsməzdi.
Barı ibtidai səviyyədə oxuyub-yazmağı bacarmaq üçün hər kəs öz uşağını məktəbə
göndərməyə məcbur olurdu.
Nəticədə - Avropada
elmi-texniki sıçrayış və incəsənətin sürətlə çiçəklənməsi başlayır. Bilindiyi kimi, mütaliə zamanı beyin hüceyrələri - neyronlar - aktivləşir, artır,
zehni imkanları yüksəlir.
XVI əsrdə Mikola Aqrikola adlı bir keşiş, öncə latın hərfləri
əsasında fin dili əlifbasını təsis edir. Sonra İncili çevirməyə başlayır. Fin dilinin əlifbası o ilk gündən
latın qrafikasına söykənili qaldı. 9 aprel Finlandiyada fin dili və Aqrikola Günü kimi qeyd edilir. Hər məhəllədə,
hər küçədə dövlət bayrağı qaldırılır.
1917-ci ildə
V.Lenin Finlandiyaya müstəqillik bəşx edir. 1918-ci ildə Finlandiyada qanlı vətəndaş
müharibəsi başlayır. "Ağlar”, yəni burjuaziya, kapitalistlər, marşal
Mannerheymin başçılığı ilə "qırmızılara” (kommunistlərə) qalib gəlirlər. Bu qələbənin nəticəsi kimi, ölkənin
ziyalıları kütləvi məhvə, sürgünə, mühacirətə və ya repressiyalara məruz
qalmırlar. Sağ qalmış aydınlar böyük səy və vicdanla vətənlərinin dirçəlməsində,
güclü dövlət olmasında yaxından iştirak edirlər. İlk dövlət xadimlərindən olan
Johan Vilhelm Snellman öz xalqına məşhur tarixi çağrış edir. O deyir: "Düşmənlərimizə
biz ancaq mədəniyyətlə qalib gələ bilərik!” Bu peyğəmbəranə çağrış və uzaqgörənlik
- min göllər ölkəsini, Finlandiyanı bir rifah ölkəsinə çevirdi. Məktəb sistemi və insan haqları reformlarının ardıcıl
gerçəkləşdirilməsi, liberal dəyərlərin, söz və fikir azadlığının dəstəklənməsi,
Finlandiyanı elm, təhsil, həyat və xoşbəxtlik indekslərinə görə dünyanın
birincilər sırasına qatdı.
Protestantçılıqdan
başlayaraq bu ölkədə kitab mədəni sərvət sayılır. Nəşriyyatlar, kütləvi
informasiya vasitələri günü-gündən inkişaf edir. Yerli ədəbi bomond çiçəklənir:
yazıçılara, tərcüməçilərə dövlət stipendiyaları, qonorarlar, mükafatlar
verilir, kitablar ictimayyətdə müzakirə mövzusu olur. Çeşidli populyar ədəbi, fəlsəfi qəzet-jurnallar
oxucuları fikir yenilikləri ilə tanış edir, oxucu zövqünü formalaşdırırlar. Laureat kitablar bayram ərəfələrində aktiv satılır,
müxtəlif poeziya festivalları, kitab
yarmarkaları təşkil edilir. Ədəbiyyatın, mütaliənin inkişafı üçün, sevilməsi
üçün müxtəlif ədəbimükafatlar, ədəbi fondlar təsis
edilir. Ən böyük ədəbiyyat mükafatı "Finlandiya”
mükafatıdır. Hər il ən yaxşı bədii əsər müsabiqəsi keçirilir və qalibə 30000 avro
mükafat verilir.
Finlandiyada Ədəbiyyat
Mübadiləsi adlı dövlət təşkilatı var (qısadılmış adı – FİLİ). Amacı Finlandiya ədəbiyyatını
dünyada tanıtmaqdır. FİLİ tərcüməçilərə həm maddi yardım, həm də peşəkarlığa dəstək
kursları, seminarlar, mühazirələr, yaradıcılıq evləri təşkil edir.
Fin dilinə çevrilən əsərlər
komissiyadan keçirilir. Əhəmiyyətli yazı məhsullarının fin dilinə çevrilməsi,
universitetin tərcümə bölməsini bitirmiş peşəkarlara etibar edilir. A4 formatlı
bir səhifənin tərcüməsi ən azı 40 avro olsa da, qonorar məbləğini kifayətli
saymayanlar, ağır tərcüməçi işinin layiqincə qiymətləndirilməməsini dilə gətirənlər
də var. Düzənli tərcümə industriyası fin dili imkanlarını, ədəbi-bədii zövqün
üfüqlərini, oxucu təxəyülünü və marağını həm genişləndirir, həm də dərinləşdirir.
Statistikaya
görə, adambaşına mütaliə üzrə finlər dünyada ilk sıralardadılar. Bununla belə,
fəhlə-kəndli sinfi və qatı dindarlar arasında bibliofil (kitabsevər) tapmaq
asan deyil. Finlandiya təhsil sistemində korrupsiya, rüşvətxorluq, tanışbazlıq
kimi xoşagəlməz hallar olmadığından, "qollarını çirmələyib” əməlli-başlı dərs
oxumayana, ixtisasa dərindən yiyələnməyənə diplom verilmir. Uşaqlıqdan, gənclikdən
başlayaraq yaradılan mütaliə alışqanlığı və həvəsi isə çətin unudulur.
Finlandiyada ən
çox satılan kitablar səs-küylü bestsellerlər, detektivlər, sevgi romanları və
müxtəlif komikslərdir. Tərcümə kitablarını daha çox gənclər oxuyur. Yaşlı nəsl isə "yerli mala” - öz müəlliflərinə üstünlük
verir.
Beynəlxalq
mükafat almış müəlliflərin əsərləri böyük marağa səbəb olur. Kitabların qiyməti
əsasən 10-50 avro arasında olur. Vaxtaşırı endirim kampaniyaları keçirilir.
Bukinist dükanlar da az deyil. Şəhər kitabxanalarında xüsusi qutu və rəflər
olur. İnsanlar gərək olmayan şəxsi kitablarını evdən gətirib oraya qoyur – istəyən
də özünə götürür. Ümumiyyətlə, istifadə edilmiş əşyaların əhali arasında pulsuz
dövriyyəsi və ya çox ucuz qiymətə satışı bir həyat tərzidir. Bu, "dünyanı
yaxşılaşdırmaq” jestidir. İsrafçılığa və təbii sərvətlərin tükədilməsinə bir
növ etirazdır.
Finlandiyalılar
ədəbi, fəlsəfi, elmi, sosial, siyasi internet bloqlar və forumlarda fəaldırlar.
Finlandiyanın Yazarlar Birliyi var. Hərdən kütləvi informasiya vasitələrində
ona iradlar da tutulur. Alternativ yaradıcılıq birlikləri də mövcuddur.
İnternet əsri
olsa da, ənənəvi kitabxanalar – kitab məbədləri - yenə də populyardır. Burada balacalara
nağıl saatları təşkil edirlər. Nağılları kitabxana işçiləri oxuyur, hərdən
kuklalardan da istifadə edirlər. Yazarlarla vaxtaşırı görüşlər, musiqili gecələr
keçirilir. Yaşlılar üçün kitabxanada pulsuz kompüter və smart-telefonların
istifadəsi kursları da var. Bir dəfə kitabxanada "İt üçün kitab oxu!” məzmunlu
elana rast gəlmişdim. Qapalı, utanqac, çəkingən insanları (əsasən uşaqları)
başqa canlılarla ünsiyyətə alışdırma, sosiallaşdırma məqsədi daşıyır.
Xüsusi
avtobuslarla — səyyar kitabxanalarla — ölkənin uzaq kəndlərinə, yaşayış məntəqələrinə
kitab aparılır. Ayın bəlli günlərində, bəlli saatlarında gələn bu səyyar
kitabxana, internet və telefon ilə sifariş verilən kitabları, CD və ya DVD-ləri
müştərilərə çatdırır.
Finlandiya
kitabxanalarında bədii və sənədli filmlər, audiomateriallar, səsli kitablar,
musiqi not kitablar və s. verilir. Yağışlı havaya düşənlər kitabxanadan borc çətir
(yağışlıq) götürə bilər. Eynəklərini evdə unudanlara oxumaq üçün müxtəlif optik
ölçülərdə gözlüklər də borc verilir. Bəzi musiqi alətləri, məsələn, qitaralar
da pulsuz kirayə verilir. Səsdən izolyasiya edilmiş otaqlarda çalmaq istəyənlər
üçün piano, royal da olur.
Rifah dövlətinin
yazarları nə haqda yazır? Finlandiya ədəbiyyatı
Skandinaviyadan kənarda yaşayanlar üçün qaranlıq bir meşədir. Təəcüblü də
deyil: Suominin (Finlandiyanın əsl adı Suomidir) mədəni irsində "Faust”,
"Hamlet”, "Min bir gecə” kimi məşhur klassik əsərlər yoxdur. Buna baxmayaraq,
ölkədə bənzərsiz sənət əsərləri yaradılır.
Finlandiyada bütün ədəbi-fəlsəfi
cərəyanlar sıra ilə bir-birini əvəz edir. Belə ki, XIX əsrin romantik ədəbiyyatı
öz yerini tənqidi realizmə və tarixə buraxır. XX əsrin əvvəlindən neoromantizm
dövrü başlayır. Modernizm, öncə isveçdillilərin poeziyasında ortaya çıxır
(Finlandiyanın iki dövlət dili var: fin və isveç dilləri). Avropa simvolistləri,
ekspressionistləri, imajinistləri və sürrealistləri təsir etmişdi. Avanqard,
impressionist şairlərdən Paavo Haavikko, Eeva-Liiza Manner, Mirkka Rekola,
Youni İnkkala, Olli Heikkonen, Helena Sinervo və b. adlarını çəkmək olar.
Şairlər suomi dilini
yeniləməyə, dilin ritmlərini aşkar etməyə cəhd edirdi. XX əsrin 20-ci illərində
"Atəşdaşıyanlar” (Tulenkantajat) adlı yenilikçi ədəbi hərəkat yaranır. Onlar sərbəst
ölçü, qafiyəsiz şeirə üstünlük verirdilər. "Pəncərələr Avropaya doğru
açılmalıdır” şüarını səsləndirirdilər. Suomi ədəbiyyatını beynəlxalqlaşdırmağa
çalışırdılar. Yazıçı Mika Valtari insanların şəhər həyatını "Böyük illüziya”
adlı romanında (1928) göstərməyə çalışır. Sonralar o, tarixi roman janrında
yazmağa başlayır. Onun 1945-ci ildə "Misirli Sinuhe” adlı romanı iyirmidən çox
dilə çevrilir, məşhurlaşır.
Son 10-20 ildə detektiv
romanlar populyarlaşıb. Yazıçı Leena Lehtolainen detektiv janrının kraliçası
sayılır. Zarafatla Finlandiyanın Aqata Kristisi də adlandırılır. Kitabları 20
dilə çevrilib. Bu müəllifin əsas qəhrəmanı - sirli cinayətlərin açılmasıyla məşğul
olan istintaqçı-xanım Maria Kalliodur. Başqa bir məşhur yazıçı - İlkka Remes də detektiv ustasıdır, 30-dan çox roman müəllifidir.
Finlandiyadan
uzaqlarda tanınan üç ən məşhur yazıçılar bunlardır:
1. "Mummitrol”
silsilə hekayələrin müəllifi - Tuve
Yansson.
2. Mika Valtari
3. Arto Paasiliani. Gözlənilməz, təəcübləndirən
maraqlı süjetlər, ironik detektiv və triller müəllifidir. Onun "Asılmış tülkülər
meşəsi”, "Dostlar əhatəsində cazibəli intihar” və s. romanlarının adlarını çəkmək
olar. (Qeyd: son illər fin detektivi Britaniyada popularlaşmaqdadır).
Romanlar novella və hekayələrdən daha çox marağa səbəb olur.
Milli mentaliteti, fin özəlliklərini göstərən,
"bəli — biz, bax, beləyik!” mesajını verən əsərləri fin oxucuları çox sevir. Buna
cavab olaraq yazıçılar şəhər və əyalət romanlarına üstünlük verir, ucqar bölgələrdəki
kasıb həyatı, cəmiyyətdəki problemləri qələmə alırlar. Örnək: kənd romanı janrında yazan Petri Tamminen romanlarında kişilərin qəlbindəki dərinlikləri göstərməyə çalışır. Kəndlərin
boşaldılması, insanların iş dalınca böyük şəhərlərə köçməsi, epidemiya halını
almış depressiya, boşanmalar, bu bəlaların da "xalq çarəsi” olan alkoqoldan
aşırı istifadə problemləri qaldırılır.
Gender
mövzusu - qadın-kişi münasibətlərindəki davranış
klişelərini möhkəmlətmək üçün deyil. Onları aşkar edərək doğru
olub-olmadıqlarını şühbə altına almaq məqsədi daşıyır. "Soba” ("Uuni”) romanına görə Antti Hürü (Antti
Hyry) 2009-cu ildə "Finlandiya” mükafatına layiq görülmüşdü. Romanda sevginin
insan həyatındakı yeri, dəyərlər və ləyaqət haqda düşüncələr yer alır.
Müasir fin qadınının
daxili aləmini təsvir edən şair və yazarlar Merya Virolainenin, Roza Liksomun, Elina Hirvonenin adlarını çəkmək olar.
2005-ci ildə
E.Hirvonenin yazdığı "O unutmasaydı” ("Että hän muistaisi saman”) ilk
romanında baş qəhrəmanın – bir qadının -
daxili həyəcanları təsvir edilir. Psixiatrik klinikada qalan qardaşı, həmçinin dostu və valideynləri ilə
olan mürəkkəb münasibətlərdən söz açılır.
Yazıçı Hannu Raittila maddi mədəniyyətin gündən-günə daha
çox virtual mədəniyyətə keçməsi və bunun fin ruhuna, qəlbinə olan təsirindən
yazır.
Skandinav nuarı - kəskin realistik, qəmgin
stilistikaya malik nəsrdir. Amerikan nuarı ilə bənzər cəhdləri - qəhrəman və
antiqəhrəman arasında sərhədin qeyri-dəqiqliyi, büsbütün xəyalqırıqlığına
uğrama, düzxəttli narrativin olmamasıdır. Yəni əsərdə giriş, bağlama,
kulminasiya, sonluq və s. fabula ardıcıllığının pozulmasıdır.
Fin nuarına bənzəyən
Amerika, Avstraliya və ya İngiltərə yazıçılarının kitabları da burada maraqla
qarşılanır. Kədərli, qorxulu əhvalatlara (trillerlərə) böyük marağa səbəb nədir?
Yüksək, rahat yaşayış səviyyəsində finlərin öz əsəblərini bir qədər
"qıdıqlamaq”, qıcıqlandırmaq istəyidir.
Aleksis Kivinin
"Yeddi qardaş” ("Seitsemänveljestä”,
1870) romanı ilə başlamış sosial-tənqidi ədəbiyyat uğurla davam etdirilir. Hannu
Raittila, Kari Hotakainen, Tuomas Kürö (Tuomas Kyrö) kimi yazarlar, sadə xalqın canlı danışıq dilinə, dialektinə üstünlük
verirlər.
"Finlandiya” və
Skandinaviya ölkələri Şurasının ədəbi mükafatlarına layiq görülmüş K.
Hotakainenin bir vaxt bestsellerə dönmüş "Səngər küçəsi” ("Juoksuhaudantie”,
2002) romanı - Helsinki şəhər sakininin həyat yoldaşı ilə barışmaq üçün hansı fəndlərə
əl atması, qəhrəmanın çətin vəziyyətlərdə də həvəsdən düşməməsi haqdadır. Əsər
yumor və ironiya ilə zəngindir.
2009-cu ildə 82
yaşında vəfat edən məhsuldar yazıçı Veikko Huovinenin "Stalinin doğum günü”
hekayəsi sovetlər ölkəsində repressiya düşərgələrindən birində məhbusların
Stalinin doğum gününü Bakı paxlavası ilə qeyd etməsi haqdadır. Müəllifin hekayələr toplusu elə "Bakulainen pahlava” adı ilə də
işıq üzü görüb. (Bu kitaba qonaq getdiyim bir evdə kitab dolabına göz gəzdirərkən
təsadüfən rast gəlib bir az təəcüblənmişdim.)
Fantastika janrından
örnəklər:
1. Müasir fin ədəbiyyatında
önəmli yeri olan şair, filosof, ədəbiyyatşünas və jurnalist Antti Salminenin "Lomonosovun motoru” («Lomonosovin moottori», 2014) elmi-fantastik əsəri.
2. "Qrinviç istiqamətinə
doğru 14 düyün sürətilə” ("14 solmua Greenwichiin”, 2008) romanın müəllifi Olli
Yalonen (Olli Jalonen).
3. Reallıqdan uzaq
mövzularda yazanlardan biri də Leena Krundur.
4. Hannu Rayaniemi (Hannu Rajaniemi) öz elmi fantastikasını ancaq
ingiliscə yazır. Fantastikaya həsr olunan jurnallardan bəziləri:
"Tähtivaeltaja” ("Səmagəzənlər”) və "Portti” ("Darvaza”).
Finlərin vaxtaşırı
tarixi romanlara üz tutması - milli refleksiyanın davamıdır. Väinö Linnanın "Naməlum əsgər”
tarixi romanında ("Tuntematon sotilas”, 2004) 1941-ci ildə fin əsgərlərinin
Sovet ittifağına qarşı almanlar tərəfində döyüşmələri təsvir edilib.
Yoel Lehtonenin
"Putkinotko” ("Boru dərəsi”) romanı milli özünütənqiddir. Belə ki, müəllif,
1918-ci il vətəndaş müharibəsinin köklərini kasıblıq və ictimai ədalətsizlikdə
görür.
Sofi
Oksanenin məşhur "Təmizlənmə” ("Puhdistus”, 2008) romanı yüksək dəyərləndirilərək
"Finlandia” mükafatına layiq görüldü. Bir çox dilə çevrildi. Türkiyyədə bu
roman "Araf” adı ilə işıq üzü gördü. Romanda Estoniyanın sovetləşməsi zamanı
insanların ruhuna, bədəninə və vətəninə qarşı törədilən zorakılıqdan danışılır.
Başqa tarixi yazarlardan: Jari Tervo, Asko Salberq, Leena Lander, Çel Vestö və b.
adlarını çəkmək olar.
Romantik yazıçı kimi
başlayan Volter Kilpi 30-cu illərdən sonra fin adalarındakı özünəməxsus həyatı
realistik üsullarla təsvir edib. "Alastalo zalında” (1933 il) romanında hadisələrin
inkişafı aşırı dərəcədə yavaş-yavaş getdiyinə, detallara çox böyük diqqət
yetirildiyinə, cümlələrin olduqca uzun quraşdırıldığına görə Kilpi -
Finlandiyanın Ceyms Coysu adlandırılır.
1939-cuildə ədəbiyyat üzrə Nobel
mükafatını qazanmış yeganə Finlandiya yazıçısı EmilSillanpäädir. Müəllifin ən parlaq əsəri "Cavan
ölən qız” ("Nuorena
nukkunut”) romanı sayılır. E.Sillanpəəyə verilən
Nobel qızıl medalını 1939-1940 il Qış müharibəsi zamanı Finlandiyanın hərbi
müdafiəsi naminə dövlətə bağışlamışdı.
Adi həyat təsvirlərindən
və ya problemlərindən uzaqlaşmaq istəyənlər üçün memuarlar, incəsənət, elm
adamlarının, tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı haqda kitablar oxuya
bilər. Bioqrafik əsərlərə Finlandiya yazarları çox müraciət edir. Sənədli əsər janrı üzrə "Finlandiya” ədəbi
mükafatını qazanmışlardan bəziləri:
Hannu Mäkilänin böyük fin şairi Eyno Leino haqda "Usta” romanı (”Mestari”1995); Pentti Holapp "Dost portreti” ("Ystävän
muotokuva”, 1998); Pirkko Saisio "Ayrılığın qırmızı kitabı”
("Punainenerokirja”, 2003); Helena Sinervo
"Şairin evində” ("Runoilijantalossa”, 2004); Hannu Väisänen "İkinci ayaqqabı” ("Toiset kengät”, 2007).
Finlandiya öz
vətəndaşlarını çox kiçik yaşlarından kitaba, mütaliəyə alışdırmağa çalışır. Məsələn,
yeni doğulmuş körpələr üçün dövlət tərəfindən analara göndərilən hədiyyə
qutularına uşaq pal-paltarından və lazımi əşyalardan əlavə, uşaqlar üçün
kitabçalar da qoyulur. Məqsəd - körpələrə uyğun şeir, laylalar və s.
oxunmasının təbliği və təmin edilməsidir.
Finlandiya
uşaq ədəbiyyatı tamam ayrıca mövzudur. Olduqca zəngindir. Örnək: Hannu Mäkelä – 100-dən artıq kitab, həm nəsr, həm də
25 şeir kitabının, bir çox pyes, ssenari müəllifi uşaqlar üçün 40 kitab
hazırlayıb.
Türkiyə türkcəsinə
çevrilmiş uşaq ədəbiyyatı nümunələri: Timo Parvela "Ella. Kahkaha fırtınası”,
"Ella ve arkadaşları”; Sinika Nopola və Tiina Nopola "Repçi Risto” (Türkiyyədə adı "Uyanık Ricky”) və b.
Finlandiyada isveç və
saam dillərində də əsərlər yaradılır. Fin ədəbiyyatı ən çox
alman, rus, isveç, danimarka, norvej və eston dillərinə çevirilir. Elizabeth Strouthun "Adım Lüsi Bartondur” romanını
fin dilinə tərcümə edən Kristiina Rikmaniyə Jarl Helleman adına mükafat verilib.
2018-ciilin hesabatına görə, Finlandiya yazıçılar
birliyinin üzvlüyündə 773
yazıçı var. Başqa ədəbi ittifaqlarda və sərbəst yazarların sayı yüzlərlədir. Sonillərin "Finlandia” mükafatının qalibləri:
2020-ci ildə: Anni
Kytömäki ”Marqarita” əsəri;
2019-cu ildə: Pajtim
Statovci "Bolla” romanı. Keçmiş
Yuqoslaviya əsilli bu yazar, 1990 ildə doğulub, "Finlandia” mükafatını alan ilk
ən gənc yazardır. Müəllif, "Tirananın ürəyi”
("Tiranan sydän”) romanı ilə ABŞ-nın nüfuzlu National Book Award mükafatı
uğrunda tərcümə ədəbiyyatı nominasiyası üzrə beş finalçı namizədlərdən biri
olmuşdur. İndiyədək Finlandiyanın heç bir başqa yazarı bu mükafata doğru bundan
daha yüksək məqama yülsəlməmişdi.
2018-ci ildə: Olli
Yalonen "Səma topu” (Olli Jalonen "Taivaanpallo”);
Şərhlər