XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Mahmud Qurbanov millimizin Lüksemburqa məğlubiyyətini təhlil etdi
İdman15:03 03.09.2021

Mahmud Qurbanov millimizin Lüksemburqa məğlubiyyətini təhlil etdi

Azərbaycan yığmasının sabiq futbolçusu Mahmud Qurbanov millimizin Lüksemburqla matçı haqda fikirlərini bildirib. 
Sabiq yarımmüdafiəçi Qaynarinfo-ya açıqlamasında oyunu dəyərləndirərkən bir sıra maraqlı məqamlara toxunub, məğlubiyyətin səbəbləri haqda öz düşüncələrini bölüşüb:
"Bu haqda nəsə demək çətindir. İlk dəfə deyil ki. Birinci hissədə çox pis oynadılar. İkinci hissədə canlanma var idi. Bilirsizniz, yığmada oyunçu qıtlığı var. Yəni birinci və ikinci heyət deyilən bir şey yoxdur. Bu gün nəyimiz varsa, yoldaşlıq görüşündə belə onlardan istifadə etməliyik. İstər Mahir Emreli, Namik Ələskərov, istər Ramil Şeydayev olsun. Bu futbolçuları hansısa oyuna saxlamağı gözləməyməliyik. De Byazi kimi təcrübəli məşqçinin niyə belə etdiyini başa düşmədim. Ən azı Lüksemburqdan 1 xal almalı idik. Mənə görə Namik, Mahir, Krivotsyuk ilk dəqiqələrdən meydanda olmalı idilər. Çünki kənardan gəlmişdilər. Onların çıxış etdiyi çempionatların da bizimkindən üstün olduğu məlumdur. Ona görə də maksimum istifadə etmək lazım idi. Mənim üçün də çox maraqlıdır ki, niyə oynamadılar. Mahir Polşada qollar vurur, Namik komandasına yeni qoşulsa da, yaxşı tərəfdən özünü göstərir. Krivotsyuk da onun kimi”.
O, məğlubiyyətin səbəbini izah edərkən bu fikirləri də səsləndirdi:
"Məğlubiyyətin səbəbi düşünürəm ki, eksperiment aparılması oldu. Bəlkə də baş məşqçi belə fikirləşmir. Amma məncə, onun eksperiment aparması yığmaya baha başa gəldi. Deyə bilmərəm baş məşqçi Lüksemburqu məğlub edə biləcəyini düşünüb arxayınlaşmışdı. Amma bizdə o potensial yoxdur ki, iki heyətli yığmamız olsun. Bu gün yığmaya kimlər faydalı ola bilərsə, onlardan da maksimum yararlanmaq lazımdır. Oyunlar arasında 3-4 gün futbolçuların bərpası üçün vaxt olur. Yoldaşlıq görüşü olsa belə ən yaxşılardan istifadə etmək lazımdır. Ələxsus da qarşımızdakı Lüksemburqdursa. Hansı ki, onlara futbol ölkəsi kimi yanaşmırıq və üstün olduğumuzu düşünürük. Ancaq nəticəyə baxanda anlayırıq ki, hamını saymalıyıq”.
Mahmud bəy yığmanın heyəti ilə bağlı nə düşünür? Kənarda qalan futbolçu olubmu:
"Demək çətindir. Məsələn, Ağabala Ramazanovu deyə bilərəm. Hərənin bir baxışı var və hər zaman bu müzakirə edilir. Baş məşqçi yığmaya futbolçuları dəvət edir, kim kənarda qalırsa, bu da müzakirə olunur. Söhbət kimlərinsə kənarda qalmasından deyil, yığmanın Lüksemburqa məğlub olmasından gedir. Əsas problem budur. Qarşıda iki çətin oyun var”.
Veteran futbolçu qarşıdakı oyunlardan nə gözlədiyini də bizimlə bölüşdü:
"Xal qazanmaq potensialımız həmişə olur. Sadəcə, bu, necə hazırlaşacağımızdan, hansı xarakteri göstərəcəyimizdən asılıdır. İstəyərik ki, xal alaq. Həmin gün reallığa baxmaq lazımdır. Portuqaliya, İrlandiya ilə necə oynayacağıq, heyətdə hansı dəyişikliklər olacaq. Hər halda inanaq ki, yığma qarşıdakı iki oyunda yaxşı təsir bağışlasın. Ən böyük problem oyunçuların yerini dəyişmək idi. Ola bilər hansısa futbolçu gec və ya tez gəlsin. Bu gün kimlərdən yararlana biləriksə, onlar da oynamalıdır”.
Səbuhi Həsənov