XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nuland Nigerə səfər etdi: Ona devrilmiş prezidentlə görüş imkanı verilmədi
Dünya09:54 08.08.2023

Nuland Nigerə səfər etdi: Ona devrilmiş prezidentlə görüş imkanı verilmədi

ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Nigerə səfər edib və prezidenti hakimiyyətdən uzaqlaşdıran hərbçilərlə görüşüb. Onun devrilmiş prezidentin özü, eləcə də çevriliş lideri ilə görüş istəyinə yox deyilib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Nuland ölkənin paytaxtı Niameydən uçmazdan əvvəl jurnalistlərə bildirib ki, hərbçilərlə görüş iki saatdan çox davam edib, lakin hələlik uğur qazanmaq və üsyançıları çevrilişi dayandırmağa inandırmaq mümkün olmayıb.
Nuland yeni hərbi qərargah rəisi təyin edilmiş briqada generalı Mussa Salau Barmu və çevrilişin digər liderləri ilə görüşdüyünü, lakin özünü ölkənin yeni lideri elan edən prezident qvardiyasının rəisi Əbdürrəhman Çiani və devrilmiş prezident Mohamed Bazumla görüş xahişi cavabsız qalıb, baxmayaraq ki, bundan əvvəl ABŞ nümayəndələri Bazumla telefon əlaqəsi saxlayıblar. 
Nuland qeyd edib ki, o, orduya bir neçə variant təqdim edib və həmçinin Niger Bazumu vəzifəyə bərpa etməsə və ya rusiyalı "Vaqner” muzdluları ilə əməkdaşlıq edərək qonşu Malinin yoluni getsə, ABŞ ilə münasibətlərin nəticələrini aydın şəkildə təsvir edib. 
"Ümid edirəm ki, onlar diplomatiya qapısını açıq saxlayacaqlar. Biz belə bir təklif vermişik. Baxacağıq. Burada bu hərəkətləri edən insanlar "Vaqner”in dəvətinin öz suverenlikləri üçün yaratdığı riski yaxşı bilirlər”, - Nuland vurğulayıb. 
Nigerdə baş verən hərbi çevrilişi pisləyən ölkələr arasında ABŞ da var.
Ağ Evin məlumatına görə, Nigerdə devrilmiş prezidentə üsyançılarla mübarizədə və digər tapşırıqları yerinə yetirməkdə kömək edən minə yaxın ABŞ hərbçisi var.
Pentaqonun sözlərinə görə, hələlik onları ölkədən çıxarmaq planı yoxdur, lakin çevrilişdən sonra bəzi fəaliyyətlər məhdudlaşdırılıb.
Nazirliyin nümayənfəsi Pet Rayderin sözlərinə görə, Nigerdəki Amerika qoşunları daha çox hərbi bazaların ərazisində yerləşir, lakin lazım olduqda yerli hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə yaratmaq üçün oranı tərk edirlər.
Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) ötən həftə qiyam liderlərinə ultimatum verərək, devrilmiş prezident Mohamed Bazum bazar günü axşama qədər öz vəzifəsinə bərpa olunmayacağı halında güc tətbiq edəcəyi ilə hədələyib.
Hərbçilər bu ultimatuma məhəl qoymayıblar, lakin qonşu ölkələrin müdaxiləsindən ehtiyat edərək ölkənin hava məkanını bağlayıblar.
Cümə axşamı günü ECOWAS vəziyyəti müzakirə etmək üçün fövqəladə zirvə toplantısı keçirəcək.
ABŞ dövlət katibi Entoni Blinken BBC-yə bildirib ki, Vaşinqton ECOWAS-ın hərəkətlərini və Niger böhranı ilə bağlı mövqeyini tam dəstəkləyir.
"Konstitusiya quruluşunun bərpası çox vacibdir və mənim fikrimcə, ECOWAS ölkənin yenidən qanuni yola qayıtmasında çox mühüm rol oynayır", - Blinken bildirib.
Həm ABŞ, həm də Aİ keçmişdə Nigerdə demokratik yolla seçilmiş hökuməti hələ də bərpa etmək şansının olduğunu bildiriblər.
Nizami Bağırov