Səhhətindəki ciddi problemlər "Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana başlamaq qərarına təsir edə bilərdi.
Qaynarinfo xəbər verir ki, bu barədə "Project” son illərdə onunla birbaşa əlaqədə olan iki əməkdaşına istinadən
yazır.
"O, xərçəng idi. İndi şişin əmələ gəlməsi prosesi dayanmış kimi görünür”, deyə onlardan biri bildirib.
"Bu, mədəsi və bağırsaqları kəsilmiş bir adamdır!", deyə başqa bir həmsöhbət Priqojinin son vaxtlar çaşqın davranışını, eləcə də niyə üsyan etmək qərarına gəldiyini izah edir.
Hər ikisi iddia edir ki, muzdluların başçısı uzun müddət qarın nahiyəsinin xərçəngindən (qarın boşluğunun orqanları və divarları) müalicə olunub və ciddi terapiya alıb. Xəstəliyə görə Priqojin sağlam həyat tərzi sürür və ciddi pəhrizə riayət edir. Onunla uzun müddət çalışanlardan birinin qeyd etdiyi kimi, o, yalnız bir dəfə "Vaqner” rəhbərinin bir stəkan limonad içdiyini görüb.
Üsyan başlayandan sonra hüquq-mühafizə orqanları Priqojinin evində axtarış aparıb. Daha sonra kremlyönlü media istintaqın fotolarını dərc edib, onlardan birində reanimasiya çarpayısı, ventilyator və oksigen konsentratoru olan bir otaq göstərilib. "Project” qeyd edib ki, bu, muzdluların rəhbərinin sağlamlıq vəziyyətindən narahat olduğunun göstəricisi ola bilər.
Bundan əlavə, Priqojinin evində axtarışlar zamanı hər birinin çəkisi təxminən bir kiloqram olan bir növ "ağ toz" olan briketlər tapıblar. Lakin onun işçiləri iddia edirlər ki, onlar heç vaxt "Petroviç”in narkotik qəbul etdiyini görməyiblər. "Xəstələnib sağaldıqdan sonra hamıya Afrika və ya Suriyadakı narkotacirlərlə ünsiyyət qurmağı qadağan edib. Yoxsa quyuya atar”, həmsöhbətlərdən biri deyib.
Həmçinin, "Project”in məlumatına əsasən, Priqojin Rusiya Federasiyası prezidentinin qızı Mariya Vorontsova ilə əlaqəli olan "Soqaz” elit klinikasında müalicə olunub. O, "super VIP" statusunda ilk müştərilərdən biri olub. Jurnalistlər VIP müştərilərin siyahısında Dmitri İsaakoviç Qeyler adlı şəxsi müəyyən ediblər. Priqojinin obyektlərində axtarışlar zamanı hüquq-mühafizə orqanları bu şəxsin adına, lakin "Vaqner”in rəhbərinin fotoşəkili olan pasport tapıblar.
Eyni zamanda Priqojin öz ətrafına Rostov-na-Donu və Moskva şəhərlərinə getmək qərarını psixi tarazlığın itirilməsi ilə izah edib. "Gicliyim tutdu" deyə Priqojinə yaxın adamlardan biri onun cavabını çatdırıb.
Xatırladaq ki, Priqojin 23-24 iyunda silahlı üsyan təşkil edərək, Cənub Hərbi Dairəsinin Rostov-na-Donu şəhərində yerləşən qərargahını ələ keçirərək Moskvaya qarşı "ədalət yürüşü” elan edib. İyunun 24-ü axşam saatlarında Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə Priqojin Kremllə razılaşıb ki, ona qarşı üsyan təşkil etdiyinə görə cinayət işinin bağlanması müqabilində o, kolonları dayandırır və Belarusa gedir.
Nizami Bağırov
Şərhlər