Son
dövrlər universitet tələbələrimiz təşkil etdikləri bir neçə kütləvi tədbirlə
ictimai diqqəti öz üzərlərinə cəlb ediblər ki, bu tədbirlərin də hər biri tələbələrimizin
elmdən nə qədər uzaq bir həyata can atdıqlarının görüntüsü kimi qınanıb.
Birində
tələbələr tik-tokerlərlə görüş təşkil edib, böyük canfəşanlıqla onlardan ucuz məşhurluğun
sirrlərini öyrənmişdilər, digərində bir-birinin boynuna minib eyni coşquyla
oğru aləmini vəsf edən bir meyxananın sədaları altında rəqs etmişdilər, başqa
birində isə bir rəqqasə ilə görüşüb estetik zövqün kamil bir palançısı olmağın
qürurunu yaşamışdılar.
Tələbələrimizin
adda-budda elmi və fərdi uğurları da bu kütləvi tədbrilərin tozanağında görünməz
olmuşdu.
Əşyavi
dil deyə bir dil növü var. İnsanlar bir-birilərinə müxtəlif əşyalar göstərərək, göndərərək fikirlərini
bildirirlər. İbtidai düşüncənin dilidir. Düşünmək olar ki, universitetlərimizdə kimlərsə
tik-tokerlərin, "qanuni oğru”ların, rəqqasələrin "uğurlarını” bu cür kütləvi tədbirlərdə
davamlı təbliğata çevirməklə əşyavi dillə cürbəcür elmdənkənar "uğur
obyektləri" yaradaraq tələbələrə bunu çatdırmaq istəyirlər: Bizdə elmdə, təhsildə
uğur yoxdur! Azərbaycanda elmdə uğur axtaran adam xüşk olan bir odundur ki,
layiqi-nar olmağa məhkumdur. Uğur elmdən kənar sahələrdədir. Çox oxumaqda yox,
məsələn, yaxşı oynamaqdadır.
Türk
Nobelçisi Əziz Sancar Türkiyədə olarkən indiki türk xalqı eşitsin deyə ucadan dedi
ki, son 500 ildə islam dünyasında elm inkişaf etməyib, tökülüşüb söyüb, təhqir
edib ağzının payını verdilər.
Son
beş-altı gündür Azərbaycanda gəncləri, tələbələri başına yığıb elmdən, bilikdən
danışan, onlarda artıq Azərbaycanda çox az insanın sahib olduğu intellektual həzzə
maraq yaradan türk intellektualları İlbər Ortaylı və Cəlal Şəngör haqqında şor
qoğalı təfəkkürü ilə yanlış ictimai fikir formalaşdırmağa çalışan gəncləri
görüncə depressiv bir ümidsizliyə qapılıram ki, artıq cəmiyyətimiz öz cəhalətinin
katakombuna girib, oraya heç kimi buraxmaq fikrində deyil.
Sanki ölkədə Şeyx Nəsrullahın qayıdışı üçün bir hazırlıq gedir və bu dəfə onun yolunu
gözləyənlər bəzi atalarımız deyil, bəzi oğullarımızdır. Bu əcinnələr antik
Yunanıstanda gəncləri başına yığıb yunan köhnəliyini yenidən mənalandıran
Sokratı öldürənlərin törəmələridir.
İlbər
Ortaylı və Cəlal Şəngörün ağlı başında olan gəncliyin idealına çevrilməsini həzm
edə bilməyən basmaqəlib köhnələr anlamırlar ki, çağ yeni dəyərlərin, yaxud dəyərlərin
yenidən mənalandırılmasının axtarışındadır. Şərq qabıq dəyişir, çağdaş gənclik
bilgini və əyləncəni bir arada görmək istəyir. Akademik kahinliyin artıq heç
bir elmi, ictimai nüfuzu qalmayıb.
Bu
iki türk aydınının Azərbaycana gəlişi ölkədən kənara çıxa bilməyən gənclərimiz,
vətəndaşlarımız üçün təkcə çağdaş Anadolu aydının deyil, ümumiyyətlə, çağdaş
dünyada adına aydın, ziyalı deyilən insanın ziyarətidir. "Ziyarət” ona görə
deyirəm ki, bu gün İlbər Ortaylının və Cəlal Şəngörün işığına yığışanlar daha
çox onlara baxmağa gedənlərdir. Çünki təkcə Azərbaycanda deyil, bütün müsəlman
dünyasında köhnə düşüncəli sifətlərə baxmaqdan insanların gözü yorulub.
İnsanlar yeni insan görmək istəyirlər. Gözünü açıb aydını, ziyalını imtiyazlar
mühitinin kahinləri kimi görənlər üçün bu iki şəxsin hər gəlişi məşhur cizgi
filmindəki meşəyə insanın gəlişi kimi bir şeydir.
Onları
gəncliyə sevdirən yan-yana oturub eyni dəyəri dostcasına söyə və öyə bilmələridir,
bilgini, həqiqəti şəxsi eqodan arındırmağın örnəkləri olmalarıdır, ideoloji
darlığa sıxışdırılmış, xalqdan uzaq salınmış, bürokratikləşidirilmiş sovet elmi
ənənələrinin hələ də qoruyub saxlanılmasına duyulan qəzəbdir, elm adamı dediklərimizin
çağın intellektual tələbləri ilə ayaqlaşa bilməməsidir, köhnəlmiş bilgilərlə
silahlanmış elmi elitanın cəmiyyət üçün maraqsız olmasıdır, adına elmi
dediyimiz bu zümrənin elmi deyil, Orta əsrlərdəki bəşəri kültürün daşıyıcısı
olmaları, nisbətən uğurlu olanların da siyasi imtiyazlardan məhrum olduqları
üçün küskün mövqe tutmalarıdır, yeni nəslin qəbul etmədiyi didaktik üslubun
elmi mühitdə doqmalaşdırılmasıdır, elm adamlarimızin, ziyalılarımızın
danışmadıqca, gözə görünmədikcə daha yaxşı rifaha, daha çox gəlirə sahib
olmaları və buna görə bacardıqca qaçıb xalqdan gizlənmələridir.
Bu
gün Azərbaycanda "halal kolbasa” adlı mənəvi və kütləvi bir ölçü dəbə
mindirilib. Bu gün istər elmi, istər ədəbi, istər icimai mühitdə adı çıxanlarımız
ucdantutma özlərinə "halal kolbasa" imici yapışdırmağa çalışırlar.
"Halal
kolbasa"nın mənəvi ölçüyə və kütləvi dəbə çevrilməsinin nəticəsidir ki,
demokratiyadan dəm vuran bir partiya ramazanda öz evində içki içən üzvünü
halallıq vermədən partiyadan qovur ki, cəmiyyətdəki "halal siyasətinə"
xələl gəlməsin.
Mənəvi
məsələlərdən danışan fəlsəfə doktorumuz hədisi-hədisə calayır ki, cəmiyyətdə
"halal filosofluğuna" simpatiya yaratsın.
Həkimlər,
psixiatrlar, universitet müəllimləri, musiqiçilər, yazarlar və s. bütün peşə
sahibləri bu "halal dəbin" girovuna çevriliblər ki, "klyent” tuta
bilsinlər. Dünyadan
xəbərdar olan çağdaş gənclik üçün onların topdan "halallığının” yüz qram haram
araq qədər dəyəri yoxdur.
Yekaterina
Rusiyada taxta çıxanda ilk işlərindən biri fransız ensiklopedistləri Volter,
Didro, Qrimm, Dalamber kimi intellektualları öz ölkəsinə dəvət etmək oldu, hətta
Didroya, Dalamberə bahalı hədiyyələr bağışladı. Özünü onların tələbəsi
adlandırdı. Hətta Fransada "Ensiklopediya”nın nəşrinə problemlər yarananda
fransız aydınlarına təklif etdi ki, növbəti cildləri gəlib Rusiyada çap
etdirsinlər.
Bu təklifdən
təəccüblənən Didro Volterə göndərdiyi bir məktubunda yazırdı: "İşə bax, Fransa
fəlsəfəni bir günahkar kimi təqib etdiyi vaxtda skiflər (barbarlar) onu öz ölkələrində
qorumağı təkilf edirlər”.
Nahaq Yekaterinanın adını çəkdim, mövzunu ata, eşşəyə aparıb bağlayacaqlar yenə...
Aqşin Yenisey
Şərhlər