Çoxları
tərəfindən qəbul olunmuş belə bir ifadə var ki, yazıçılar gərək bütün hallarda
müharibəni dəstəkləməsin, sülhpərvər, humanist olsun.
Qaynarinfobu fikrə yazarlarımızın münasibətini öyrənib.
Mübariz
Örən:
-
Yazıçı da hər şeydən əvvəl insandı, vətəndaşdı. Mənim torpaqlarım 30 ildir
işğal altındadır, atamın məzarı o yerlərdə əsirdi. Düşmən də sülh dili bilmir.
Belə yerdə müharibədən başqa yol qalmır. Bizim kiminsə torpaqlarında gözümüz
yoxdur. Biz öz vətənimizi müdafiə edirik. Bu bizim haqq işimizdir, borcumuzdur.
Qələmin öz missiyası var, lakin elə məqamlar var ki, orda əsas sözü silah
deyir. Vətəni qorumaq hər kəsin müqəddəs borcudur, kimliyindən asılı olmayaraq.
Şərif
Ağayar:
- Məncə,
bu gün söz Azərbaycan Ordusunundur. Bu müharibə ədəbiyyata necə təsir göstərəcək,
yazıçı hansı pozisiyadan çıxış edəcək, sonranın işidir. Təklif edirəm, azı bir
ay yazıçılığı kənara qoyaq, vətəndaş kimi düşünək. Əmin edirəm, bununla heç nə
itirmərik. Azərbaycan Ordusu öz sərhədləri daxilində döyüşür, ona görə də ədalətli
müharibə aparır. Bu, mənim yox, tarix elminin təsbitidir. Bir ölkənin ərazi
bütövlüyü pozulubsa, sakinləri öldürülübsə, şəhər və kəndləri talan edilibsə, qələm
yox, silah danışmalıdır. Danışır da. Mən 30 il işğal altında qalan
torpaqlarımızın azad edilməsi uğrunda aparılan hərbi əməliyyatları qalıcı sülhə
doğru atılan ən vacib addım sayıram. Kompüter arxasında sülhdən danışmaq
asandır. Adam istəyirəm, müharibəni istisna edən çıxış yolunu göstərsin.
Hardadır o sülh? Şərtləri nədir? Onu necə əldə edək? Bunlar vacib suallardır.

Cəlil
Cavanşir:
-
Müharibənin olmaması üçün ilk növbədə kapitalizmi məhv etmək lazımdır. Təsadüfi
gözə çarpan bir qrup idealist lümpen tərəfindən təbliğ olunan kiçik və aciz
burjua pasifizminin humanizmlə, sülhpərvərliklə heç bir əlaqəsi yoxdur. Bu, sadəcə
dəcəl idealistlərin avantürasıdır. Müharibəni dəstəkləməyən
"humanist" yazıçı, sənətçi zəhmət olmasa, müharibəyə şərait yaradan
qaniçən imperializmə də baş qaldırsın. Bunu etməyən heç bir sülhsevərin,
antimilitaristin, pasifistin səmimiyyətinə inanmıram.
Müharibəni,
hətta faşizmi dəstəkləyən, əlində silah döyüş meydanında savaşan yazıçılar var.
Və bu yazıçıların əsərlərində humanizm heç də başqalarınkından az deyil. Təbii
ki, mən müharibəyə də, insan ölümlərinə də bütün qəlbimlə qarşı çıxıram.
Müharibə bütövlükdə bəşəri faciədir. Heç bir ağıllı insan bu bəlanı dəstəkləmir.
Konkrer
olaraq sürükləndiyimiz, məhkum olduğumuz Qarabağ savaşından söhbət gedirsə,
bizim savaşdan başqa yolumuz yoxdur. Biz illərlə sülhə inandıq, sülhü dəstəklədik.
Ancaq göründüyü kimi, erməni xalqı bu sülhün dəstəkçisi olmadı. 27 il əvvəl əlimdən
tutub məni məktəbə aparan gənclər şəhid oldu. Bu travma ilə, bu ağrı, nisgillə
böyüdüm. Bu gün də əlindən tutub məktəbə apardığım uşaqlar şəhid olur...
Qısası,
ölkəmdə savaş gedir, tanıdığım insanlar ölür və bu məni sarsıdır. Bunun bitməsi
üçün ölkəmin işğalda olan torpaqları azad edilməlidir. Bunun üçün savaşmağa da,
ölməyə də hazıram.
Anlayıram
ki, bu imperialistlər, kapitalizmin ağzı qanlı köpəkləri bu müharibədən
qazanclı çıxacaq. Bu qaçılmazdır. Heç olmasa, bu böyük oyundan mənim vətənimin
də bütöv çıxması üçün bu günkü sülh çağırışlarını faydasız hesab edirəm. Bu
savaş gələcək nəsillərə miras qalmamalıdır.

Mirmehdi
Ağaoğlu:
- Sülhlə
təslimiyyət fərqli-fərqli anlayışlardır, bunları bir-birindən ayırmaq lazımdır.
Biz nə müharibə istəyirik, nə də təslimiyyət. Müharibə istəyəsdik, Amerika kimi
okeanın o tayından gəlib İraqda müharibə aparardıq. Biz yalnızca torpaqlarımızı
düşməndən azad etməyə çalışırıq.
Bu
müharibə deyil.
Həkim
də xəstəni sağaltmaq üçün qanqrena edən bədən üzvünü kəsməyə məcburdur. Xəstə nə
qədər çığırıb-bağırsa da, söysə də, müqavimət göstərsə də həkim bu addımı
atmağa məcburdur. O zaman biz həkimə deyə bilərik ki, necə qəddar adamsan, cəllad
kimi xəstənin ayağını kəsirsən?! Yox. Çünki qanqrena eləmiş yeri kəsib atmasa,
o iltihab bütün bədənə yayılar və nəticədə xəstəni itirə bilər. Biz də bu 30 il
müddətində iltihablamış, qanqrena eləmiş bu məsələni kökündən həll etməyə
çalışırıq. İndi eləməsək, sonra gec olacaq.
30
ildir bizim ərazimizə soxulub burda özünə dövlət yaratmaq istəyən, dinc əhalini
qıran, özü də məhz etnik mənsubiyyətinə görə qıran düşməni öz torpaqlarımızdan
çıxarıb sakit, sülh içində yaşamaq istəyirik. Əks təqdirdə düşmən əlində olan
torpaqlarla kifayətlənməyəcək, daha böyük əraziləri işğal edəcək.
Musa
peyğəmbər deyirdi ki, "dişə diş, gözə göz”, ondan sonra İsa peyğəmbər gəlib
dedi ki, "sol üzünə şillə vurana, sağ üzünü çevir”, Məhəmməd peyğəmbər isə
"vuruşun, sizinlə vuruşanlarla vuruşun” dedi. Biz də hazırda bizimlə
vuruşanlarla, torpaqlarımızı işğal edənlərlə vuruşuruq, ayrı niyyətimiz yoxdur.

Fərid
Hüseyn:
- Müharibələr
bir-birinə bənzəmir. Çünki səbəbləri fərqlidir. Ermənistanın bizim torpaqları
işğal etməsi, 30 ilə yaxın müddətdə atəşkəs rejimini ardıcıl pozması, beynəlxalq
öhdəlikləri yerinə yetirməməsi nəticəsində danışıqlar prosesi illərdir ki,
dalana dirənib. Danışıqlar prosesinin dalana dirənməsi dolayısı ilə humanizmin
dalana dirənməsi deməkdir. Azərbaycan münaqişənin həlli üçün bütün humanizm
üsullarını sınaqdan keçirdi. Bu gün də torpaqlarımızı tərk edəcəkləri halda ermənilərə
güzəştlər olacaq. Sadəcə, ermənilər hədər yerə ölmək istəyirlər. Hansı tərəfdən
baxırsansa, problemdən çıxış yolu tapa bilmirsən. Əgər belədirsə, hansı
humanizmdən söhbət gedə bilər?! Biz oturub gözləməliyik ki, atəşkəs olsun və
bizi bir-bir, iki-iki atəşkəs dönəmində qırsınlar?! Yazıçı, əlbəttə, humanist
olmalıdır, amma əgər o humanizmə gedən yol varsa. Yoxdursa, qan tökülməsi aqibət
məsələsidir.

Aqşin
Evrən:
- Müəllifin
boynuna belə bir yük qoymaq quldarlıq təfəkkürüdür. Söhbət insan ölümlərindən
gedirsə, onda gərək yazıçı silaha müxalif olduğu kimi, içində tələfat olan hər
həyat detalından uzaq gəzsin. Belədə müəllif insan ömrü yox, paltaryuyan maşın
taleyi yaşamış olar. Bilirəm, bu mövzu Qarabağ savaşına görə gündəmə gəlib. Keçən
dəfə bu haqda bir yerdə danışmışdım, həmin fikirlərimi bölüşüm yenə.
Bizim
apardığımız Qarabağ müharibəsinin "insanların ölümü" kimi qiymətləndirmək
cəhalət və düşüklük faktıdır. Belə insanların nəinki normal, heç primitiv
analiz qabiliyyətləri də yoxdur. Belələri əksər hallarda insan hüquqları haqda
boş-boş çərənləyirlər. Əgər sənin qonşuluğundakı məcburi köçkün öz doğma
torpağında yaşamaq haqqından məhrumdursa və sən onun torpağına (Qarabağa)
qayıtmaq haqqını, arzusunu görməzdən gəlirsənsə, tüpürələr sənin müdafiə
etdiyin demokratik, liberal və s. haqq və dəyərlər sisteminə.
İnsanlarımız
adi haqlardan - öz doğmalarının qəbirlərini ziyarət etməkdən məhrumdurlar. Bu
cür ağrılı məqam qala-qala söz azadlığı, nə bilim, demokratiyadan danışmaq
yumşaq desək, ultra-bambılılıqdır.
Sənin
ölkənin vətəndaşı əvvəlcə öz torpağında, evində yaşamaq haqqına sahib
olmalıdır.
Ümumiyyətlə,
Qarabağ probleminin daha dərin qatları var. O dərin qatlara enə bilməyən
adamların bu haqq savaşına qarşı orda-burda çərənləməsi mənə gülməli gəlir.
Müharibə
yaxşı şey deyil. Amma bizim Qarabağ savaşımız tamam başqadır. Təxminən misal çəkim.
Bir adam sənin evinə girib oğlunu öldürür, qızını əsir alıb hər gün zorlayır,
otağının birini zəbt edib çıxmırsa və sən buna tolerant yanaşırsansa, demək, səndə
şərəf, mənlik kimi keyfiyyətlər yoxdur. Belə adamları da buraxmaq lazımdır özlərini
rüsvay eləsinlər.
Fərhad
Amur:
- Ümumən
mən, Dostoyevskinin məşhur müsahibəsində müharibənin insanlığa, humanizmə
qazandırdıqları yöndə fikirlərinə başdan-ayağa qatılıram. Konkret bizim vəziyyətimizdə
isə 27 il göstərdi ki, xalqımızı atəşkəs, sülh deyil, indi müharibə sakitləşdirməyə
başlayıb. Başqa çıxış yolu buraxmadılar bizə. Bircə itkilərimiz az olsun.

Orxan
Saffari
Şərhlər